Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (“bandotdel”) operativ qrupu dünən - iyulun 24-də günorta saatlarında paytaxtın əksər turizm şirkətlərinin ofislərində və turizm agentliklərində xüsusi əməliyyat keçirib. Bu məlumat virtualaz.org saytına “Voyage Travel” turizm agentliyindəki mənbə tərəfindən verilib.
“Bizim agentliyin ofisinə qəfildən gələn “bandotel” əməkdaşları bu barədə bizə əvvəlcədən xəbərdarlıq etmədən icazəsiz axtarışlar aparmağa başladılar. Biz onlardan axtarış üçün müvafiq order göstərmələrini tələb edəndə DİN əməkdaşları hər hansı sənəd göstərməkdən imtina etdilər” - deyə mənbə bildirib.
Redaksiyamıza müraciət edərək bu xəbəri verən qaynağımızın (onun adını təzyiqlərə məruz qalmaması üçün açmırıq-red.) sözlərinə görə, operativ qrupun üzvləri ofisi mühasirəyə alaraq ora kiminsə girib-çıxmasına imkan verməyiblər, əməkdaşların iş otaqlarına daxil olublar, kompüterləri və turistlərin pasportlarını götürüblər və bütün bunlara heç bir izahat verməyiblər. Turizm agentliyinin öz işini bərpa, problemlərini isə həll etməsi yalnız bu gün səhər saatlarında mümkün olub: “Bizim şirkətin rəhbəri “bandotel”lə anlaşandan sonra işimiz qaydasına düşdü”.
Mənbənin sözlərinə görə, analoji reydlər yüksək rütbəli məmurların himayə etmədiyi digər “yiyəsiz və arxa-dayaqsız” turizm şirkətlərində də həyata keçirilib.
DİN mətbuat xidmətini əməkdaşı Orxan Mansurzadə bu məlumata münasibət bildirərkən deyib ki, nazirliyin mətbuat xidmətində göstərilən reydlər barədə hər hansı məlumat yoxdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?