Təhsil naziri Mikayıl Cabbarovun ilk müavininin adı bəlli olub. Beləliklə, bir neçə ay öncə Təhsil Nazirliyinin Aparat rəhbəri təyin edilən Ceyhun Bayramov təhsil nazirinin müavini vəzifəsinə irəli çəkilib.
Misir Mərdanovun ölkə təhsilinə rəhbərlik etdiyi dövrdə üç nazir müavini vəzifəsindən azad edilib. Qulu Novruzovun təyinatı ilə bu boşluq qismən dolsa da, Mikayıl Cabbarovun nazir təyinatından sonra o da vəzifəsindən azad edildi.
Nazir müavini təyinatı alan Mikayıl Cabbarovun uşaqlıq dostu Ceyhun Bayramova gəldikdə isə o, əmək fəaliyyətinə «Salans» beynəlxalq hüquq şirkətinin Baki ofisində baş hüquqşünas kimi başlayıb. «Salans» şirkətində çalışdığı müddət ərzində Bayramov ümumi olaraq vergilərə dair məsləhətlərin verilməsində, vergilərin strukturlaşdırılmasında və planlaşdırılmasında, məhkəmə işlərində, vergi təftişlərində müştərilərin maraqlarının təmsilində və həmçinin ümumi kommersiya məsələləri üzrə məsləhətlərin verilməsində iştirak edib. 1996-ci ildən 2000-ci ilədək C.Bayramov Vergilər Nazirliyində böyük dövlət vergi müfəttişi vəzifəsində çalışıb və əhəmiyyətli vergi yoxlamaları və məhkəmə işlərində Vergilər Nazirliyini təmsil edib.
C.Bayramov iqtisadiyyat və hüquq üzrə ali təhsillidir. İngilis, Azərbaycan, rus dillərini və işgüzar Türk dilini yüksək səviyyədə bilir. C.Bayramov Qərb Universitetində vergi hüququ üzrə mühazirələr kursu aparıb. Azərbaycanda Amerika Ticarət Palatasının Gömrük Komitəsinin həmsədri vəzifəsində də calışıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?