Çayxana sahibləri deyirlər ki, gözətçi onların “gününü göy əskiyə büküb” “Belə dərd olar? İcra başçısı Şəmsəddin Xanbabayev özü də gəlib burda həmişə çay içərdi. İndi gəlib deyirlər ki, bu stolları bura qoymaq üçün “haqq” verməlisən. Parkın gözətçisi bizə göz verib, işıq vermir ki, başçı tapşırıb. Belə işləri var idi, niyə başçı, ya müavinləri burda oturanda bunu özümə demirdilər?” Xaçmaz şəhər sakini Zakir Ağayev neçə illərdir ki, “Şəxsiyyətlər Parkı”nda kiçicik bir kafedə çayçılıqla məşğuldur. Park bir neçə dəfə təmirdən çıxıb. Bir neçə gün əvvəl yenidən əhalinin istifadəsinə verilib. Ancaq parkın Rafiq adlı gözətçisi çayxana sahiblərinə gün verib işıq vermir. Çayxana sahibi Zakir Ağayev: “Neçə ildir ki, bu parkda çayxana işlədirəm. Əvvəllər belə şey yox idi. İndi birdən-birə niyə belə edirlər, baş aça bilmirik. Bu nə deməkdir? Bəyəm park əhali üçün, onların istifadəsi üçün nəzərdə tutulmayıb? İstirahətə gələnlər stolları parkın kənarındakı ağacların kölgəsinə çəkirlər. İndi belə çıxır ki, əgər kimsə gəlib stolunu ağacın kölgəsinə qoyacaqsa, istirahət edəcəksə, buna görə mən İcra Hakimiyyətinə “haqq” verməliyəm?” Rayon sakini Ələmov Əmirşah isə deyir ki, boş vaxtlarını bu parkda istirahətlə keçirir. Ancaq park yeni istifadəyə veriləndən parkda istirahət adına heç nə qalmayıb: “Bu qədər pul töküb parkı təmir ediblər. Gəl ki, rahatlığı yoxdur. Hər axşam park gözətçisinin çayxana və kafe sahibləri ilə “haqq” davasına tamaşa edirik. Başqa xaçmazlı Anar Heydərov: “Adam oturub rahat bir stəkan çay içə bilmir. O saat bağın gözətçisi gəlir kafe sahibinin yanına ki, parka stol qoymusuz, pulunu verin. Söyüşlərdən, təhqirlərdən qulaqlarımız dolub-daşır. Parkın kənarından qız-gəlin keçə bilmir. Adam özü xəcalət çəkir. Axı harda görünüb ki, parkdakı obyektlərin sahibləri gözətçiyə də “haqq” versinlər?” Adının çəkilməsini istəməyən başqa sahibkar: “Qazandığımız nədir ki, hələ “haqq” da verək? Müştəri gəlir, bir çaynik çayı alır, qoyur qabağına, 2-3 saat oturur, 2 manat pul ödəyir. Onu da gözətçi icra başçısının adından istifadə edib əlimizdən alır. Deyir, Şəmsəddin müəllim tapşırıb ki, aylıq verməyən adam parka stol qoymasın. İnanmırıq ki, o boyda icra başçısı gözünü gün ərzində satılan 20-30 çaynik çaya diksin”. Gözətçinin əməllərindən bezən kiçik sahibkarlar Şəxsiyyətlər Parkının ətrafındakı kafe sahibləri obyektlərini bağlamaq qərarına gəliblər. Bizim Yol qəzeti
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?