Yaxud akademikimizin “plagiat” yumoru gundemxeber.az Hal-hazırda istifadədə olan 1-ci sinif "Riyaziyyat" dərsliyi ətrafında söz-söhbətlər səngimək bilmir. Onun haqqında plagiatlıqdan tutmuş proqrama uyğunsuzluğa, sistemsizliyə, elmi-pedaqoji səhvlərin baş alıb getməsinədək nə qalıb deyilməsin. Mətbuatın ağzından düşməyən bu görənək dərsliklə bağlı bir-birinin ardınca jurnalist araşdırmaları, kəskin yazılar və tanınmış alim-pedaqoqlarımızın tənqidi fikirləri dərc olunmaqdadır. Lakin nədənsə, qarşı tərəfdə bir “susqunluq” duyulurdu. Şəxsən mən elə düşünürdüm ki, ya müəlliflər “susmaq razılıq əlamətidir” prinsipi ilə iradlarla barışıblar, ya da ki, fikirlərini toparlayıb mətbuatda opponentlərinə tutarlı cavab verəcəklər. Lakin düşündüklərimin heç biri olmadı... Nəhayət ki, dörd gün öncə müəlliflərdən biri – Nayma Qəhrəmanova dilləndi. “1-ci siniflər üçün "Riyaziyyat" dərsliyinə qarşı çıxanlara obyektivlik, qərəzsizlik və vətənpərvərlik çağırışı ilə” başlıqlı yazı ilə çıxış etdi. (Azərbaycan müəllimi, 14 dekabr tarixli sayı). “Çağırışında” əvvəlcə müəllif tanınmış jurnalist İlham Tumasa qarşı hücuma keçir: “Öz "araşdırmaları" ilə ibtidai məktəblərin birinci sinifləri üçün qəbul olunmuş "Riyaziyyat" dərsliyinin "yararsızlığını" sübuta yetirməyə cəhd göstərən İlham Tumas bu mövzuda yazılarını eyni zamanda bir neçə mətbuat orqanında çap etdirməkdədir. Əslində bu yazıları ilə o, "müstəqil araşdırmaçı" və "tədqiqatçı jurnalist" mövqeyini deyil, Təhsil Nazirliyinin "Riyaziyyat" dərsliyi üzrə keçirdiyi tenderdə iştirak edib uduzmuş nəşriyyatın səngərində durduğunu nümayiş etdirir”. Sonra Nayma xanım başlayır köçürmələrinə don geyindirməyə: “söhbət "Maths made easy" kitabından iqtibas etdiyimiz 6 şəkildən gedir”; “digərləri isə bədii məziyyəti olmayan ... texniki təsvirlərdən ibarətdir”; “həmin kitabı buraxmış nəşriyyatla nəşriyyatımız arasında... ilkin qarşılıqlı razılaşmalar var” və s. Plagiatlığı üzərə çixarmağı “donos”, “qarayaxma” adlandıran Nayma xanım söhbətarası keçir TQDK-da keçirilən seminarlara: “TQDK-nın xətti ilə dərsliklərin hazırda aparılan müzakirələri fonunda daha da fəallaşmış müxaliflər (?! – N.İ.) tutarlı arqumentlər ortaya qoya bilmədiklərindən tənqid baxımından hazırkı situasiyada ən əhəmiyyətsiz və cılız sayıla bilən məqamlardan möhkəm-möhkəm yapışmışlar”. Doğrudan da utanmasan oynamağa nə var. Həmin seminarlarda səsləndirilən arqumentlərin bir hissəsi mətbuatda dərc olunub. Yəqin ki, hamımız oxumuşuq: proqramdakı standartların 40 faizi dərslikdə düz-əməlli əksini tapmayıb; çoxlu sayda proqramdan kənaraçıxmalar var; dərslik sistemsiz hazırlanıb; fəndaxili və fənlərarası inteqrasiyalar düzgün aparılmayıb; materiallar verilərkən intensivlik gözlənilməyib; şagirdlərin yaş və fizioloji xüsusiyyətləri nəzərə alınmayıb; elmi-pedaqoji səhvlərin və dil-üslub xətalarının say-hesabı yoxdur; dərsliyin dizaynı həddən artıq qüsurludur və s. Əgər sadalananları “əhəmiyyətsiz” və “cılız” şeylər adlandırırsa, onda mənim bu xanıma sözüm yoxdur... Nayma xanımdan soruşuram: Bəs həmin seminarın iştirakçısı olan və hər şeyi gözləri ilə görən hörmətli alim-pedaqoqumuz professor Əjdər Ağayevin APA-ya söylədiklərini hara yazaq?! Görün o nə deyib: “Pedaqogikanın dərsliklərlə bağlı müəyyən tələbləri var, amma bəzi müəlliflər onlardan xəbərsizdir... Misal olaraq deyə bilərəm ki, 1-ci sinfin riyaziyyat dərsliyinin müəllifi Nayma Qəhrəmanova Politexnik Universitetini bitirib və ixtisasca mühəndisdir. Ona görə də onun hazırladığı dərslik tap-tapmacadır. Burada uşağın idrakını, şəxsiyyətini inkişaf etdirən heç bir amil yoxdur. Bu kitab nə şəxsiyyətyönümlüyə, nə də nəticəyönümlüyə xidmət edir. Dərsliyi bu cür hazırlamaq xəyanətdir”. Nayma Qəhrəmanova “çağırışının” sonunda gəlib çıxır, akademik Çingiz Qacarın plagiatlığa bəraət qazandıran fikirlərinə. Sən demə, hörmətli akademikimiz bu fikirləri yumorunun çoxluğundan söyləyibmiş: “Çingiz Qacarın özünəməxsus yumoru var və "plagiat", "oğurlamaq" sözlərini "öyrənmək" anlamında işlədir. Demək istədiyi isə budur: "Yaxşını götürmək və yaxşıya oxşamaq lazımdır, əsas odur ki, pisi götürməyəsən və pisə oxşamayasan". Sayın Nayma xanımın bu “təfsirindən” sonra nə deyəsən?!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?