MİKAYIL CABBAROV TAM SƏLAHİYYƏTLİDİR Bir sıra özəl ali məktəblərdə yoxlama aparılacaq. Bu ilginc məlumatı redaksiyamıza çatdıran mötəbər mənbənin bildirdiklərindən belə anlaşılır ki, Mikayıl Cabbarovun nazir postuna gəlişindən sonra təhsil sistemində başlanılan islahatların yeni dalğasına start verilir ki, bu zaman da ilk növbədə özəl ali tədris sektorunda islahatların həyata keçirilməsidir.
Əslində bu gün özəl təhsil sektorunda ciddi problemlərin yaşandığını hər kəs yaxşı bilir. Bu gün onlarla məmur var ki, onlar məhz həmin «ali məktəblərin» məzunları kimi vəzifə başındadırlar. Bu barədə mətbuatda da kifayət qədər ciddi faktlar sərgilənsə də, nədənsə kimsə səsini çıxarmır və məsələnin üzərinə gedə bilmir.
Onların sırasında isə bu gün keçmiş rektoru Fransada siyasi mühacir həyatı yaşayan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) müstəsna yeri var. Bu bir faktdır ki, zamanında tələb kontingenti baxımından hətta Bakı Dövlət Universitetini belə geridə qoyan ABU həm də məmur olmaq istəyənlər üçün bir «ali təhsil» istinadgahı idi. Diplomu olmayan çox rahatlıqla ABU-da köhnə tarixə tələbə adını «qazanıb», diplom yiyəsi, ali savad sahibi ola bilirdi.
Və bəlkə də buna görədir ki, Elşad Abdullayevin kükrəyən vaxtlarında bir çox dairələr yaxalarını kənara çəkdilər. Məsələ isə heç də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin hədəfə alınması ilə yekunlaşmırdı. Və buna sonradan da şahidlik etdik. Aydın oldu ki, Elşad Abdullayev Ramiz Mehdiyevi açıq hədəf kimi nişan versə də, onun əsas hədəfi elə hakimiyyətin özü idi. Və keçmiş rektor seçkilər ərəfəsində çıxışlarını daha da kəskinləşdirərək birbaşa olaraq prezident İlham Əliyevin üzərinə net hücumlar etməyə başladı. Bununla da xoruzun quyruğu göründü…
Təbii ki, belə bir şəraitdə Elşad Abdullayevin «diplomları hesabına» vəzifə sahibi olanlar susmalı idilər. Çünki Elşad Abdullayev onların da siyahılarını açışlaya bilərdi. Hətta belə bir hədənin dolayı yollarla səsləndiyi də mətbuatda yayılan informasiyalar arasında idi. Onlar susdular. Elşad Abdullayev xofu onları susmağa vadar etdi.
Amma problem hələ də qalmaqdadır. DİA.AZ-a bu barədə danışan mənbə bildirir ki, sonradan Elşad Abdullayev kimi əlavə problemlərin ortaya çıxmaması üçün hakimiyyət bəri başdan ehtiyyatlı tədbirlərini həyata keçirmək niyyətindədir. Mənbə bildirir ki, elə buna görə də Mikayıl Cabbarova ciddi dəstək ifadə olunacaq ki, özəl təhsil sektoruna əl gəzdirilsin. Artıq buna müəyyən tədarüklər də görülməkdədir.
Mənbəmiz iddia edir ki, bir neçə özəl ali təhsil ocağında yoxlamalar başlanıla bilər: «Ola bilsin ki, bu yoxlamalar qış imtahanlarının ərəfəsinə təsadüfi etsin. Amma mütləq olacaq. Çünki özəl sektora «süpürgənin çəkilməsi» birbaşa olaraq «yuxarıların» marağındadır, sifarişidir»…
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?