Milli Məclisdə 2014-cü il dövlət büdcəsinin keçirilən müzakirələrində deputatlar əsasən sosial məsələləri qaldırdılar.
Millət vəkillərinin əsas diqqət yetirdiyi məsələ yeni təsdiq olunmuş təhsil konsepsiyası, həmçinin elmə, təhsilə ayrılan vəsaitlər olub. Deputatların orta məktəb müəllimlərinin əmək haqqlarının aşağı olması ilə bağlı fikirlərinə cavab olaraq maliyyə naziri Samir Şərifov fərqli bir çıxış yolu təklif edib. Nazirin fikrincə, müəllimlərin sayı həddindən artıq çoxdur.
“Təhsil konsepsiyasında bu məsələ nəzərdə tutulur. Bu məqsədlə büdcədə əlavə vəsait ayırmışıq. Eyni zamanda müəllim-şagird nisbətinə yenidən baxmalıyıq. Bir müəllimə 8 şagird düşür”.
Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov isə ölkədəki 1800 elmlər doktorunun böyük bir hissəsinin ali təhsil müəssisələrində işləməsinə baxmayaraq onlara vəsait ayrılmadığını irad tutdu. “Əfsuslar olsun ki, 1200 alimə bir manat da vəsait ayrılmır. Bəs deyərsiz necə edirsiz, şapalaqla üz qızardırıq. Öz hesabına oxuyan tələbə 1300 manat pul verir, ondan oğurlayıb, alimə cihaz alıram. O məni məhkəməyə verə bilər”.
Maliyyə naziri, Samir Şərifov ali məktəblərimizin əsas işinin tədris vermək olduğunu deyib. Onların elmi fəaliyyətini təmin etmək üçün dövlət başqa mexanizm təqdim edir. Bu da elmin inkişafı fondudur. "Buyurun iştirak edin müsabiqədə vəsaiti əldə edin”.
Universitetlərə bundan sonra maliyyə muxtariyyəti veriləcəyini deyən nazir artıq ali məktəblərin öz gəlirlərini və xərclərini planlaşdırmasının vaxtı çatdığını bildirib. Universitet rəhbərlərinə isə maliyyə vəsaitlərini idarə etmək üçün yeni ştat-maliyyə meneceri vəzifəsi yaratmağı tövsiyyə edib.
Gələn ilin dövlət büdcəsinə təhsilə 1,6 milyard, elmə 146 milyon manat ayrılması nəzərdə tutulur. Hər iki göstərici bu cari illə müqayisədə artıb.(anspress)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?