“İstehlakçıların hüquqlarının “Avropa qapıları” əmtəə nişanlı qapı və pəncərə istehsal edən “Tağıyev” şirkəti tərəfindən pozulması ilə bağlı şikayətlər artıb”.
Bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Təşkilat rəhbəri bildirib ki, şirkətin qanunsuz əməlləri ilə bağlı tədbir görülmür: “Neçə illərdir bu şirkətin qanunsuz əməlləri ilə bağlı faktlar təqdim etsək də İqtisadiyyat və Sənaye Nazirliyi ciddi tədbir görmür. İstehlakçılarla alqı-satqı əməliyyatı apararkən çek təqdim edilmir. Bu məsələyə isə Vergilər Nazirliyi nəzarət etməlidir”.
Eyyub Hüseynov söyləyib ki, şirkət keyfiyyətsiz qapı və pəncərələrin yenisi ilə əvəzlənməsi zamanı əlavə pul tələb edir: “İstehlakçılar əvvəlcədən beh ödəyirlər. Ödənişin qalan hissəsi veriləndən sonra qapı və pəncərə qoyulur. Məhsul keyfiyyətsiz olanda şirkət şikayətçiləri süründürməçiiyə salır, təmir işlərindən imtina edir”.
Hüquq müdafiəçisi şirkətin himayədarları sayəsində neqativ hallarla mübarizə aparılmasının çətinliyindən də şikayətlənib.
Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də ötən il “Tağıyev” şirkətində dövlət nəzarəti aparmışdı. Araşdırma zamanı müəyyən olunmuşdu ki, müəssisədə PVC, MDF və şpon qapılar normativ sənədləri olmadan istehsal olunur, müəssisədə taxtaların qurudulması üçün istifadə olunan qurutma kamerası işlək vəziyyətdə deyil, taxtaların nəmlik dərəcəsi ölçülmədən emala verilir. Bundan başqa, istismarda və yoxlanılan məhsulların istehsalında istifadə olunan 48 ədəd ölçmə vasitəsi dövlət yoxlamasından keçirilməyib.
Bu ilin may ayında isə İqtisadiyyat və Sənaye Nazirliyi də şirkətə qarşı 4 min manat cərimə tətbiq edildiyinə dair məlumat yaymışdı. Onu da yada salaq ki, şirkətin sahibi sabiq deputat Baba Tağıyevdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?