Bu gün Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin ildönümüdür. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 22 il ötür.
Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
Bu gün bir sıra tanınmışlar Fəxri Xiyabana baş çəkərək onların məzarlarını ziyarət ediblər.
Moderator.az xəbər verir ki, onlar arasında Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov da olub. Eks-prezident ziyarətə gələnlərlə salamlaşıb və terror qurbanlarının məzarı üstünə qərənfillər düzüb. Ziyarətə gələnlər arasında akademik Tofiq İsmayılovun ailə üzvlərini görərək onlarla bir neçə dəqiqəlik söhbət edən eks-prezident şəhidlərimizə Allahdan rəhmət diləyib, hamını dözümlü olmağa səsləyib. Bundan sonra o Heydər Əliyevin və Zərifə xanım Əliyevanın da məzarları önünə gedərək tər qızılgül dəstəsi qoyub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?