“Nida” Vətəndaş Hərəkatının 7 üzvü və “Azad Gənclik” Təşkilatından İlkin Rüstəmzadənin işi üzrə məhkəmə davam edir. Təqsirləndirilənlər Zaur Qurbanlı və İlkin Rüstəmzadə yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ifadə vermək istəmədiklərini bildiriblər.
Zaur Qurbanlı imtinanı belə əsaslandırıb: “İttihamların mahiyyəti bizə aydın deyil. Hansı cinayəti törətməyim və törədə biləcəyim də mənə aydın deyil. Özümü təqsirli bilmədiyim üçün ifadə vermirəm”.
Ardından Zaur Qurbanlının istintaqa verdiyi ifadələri elan olunub. Daha sonra fəal vəkillərin və dövlət ittihamçısının suallarını cavablandırıb.
İlkin Rüstəmzadə də ittihamın mahiyyətinin özünə aydın olmadığını, özünü təqsirkar bilmədiyini əsas gətirərək ifadə verməkdən imtina edib.
Yanvarın 12-si Zaur Qurbanlının 27 yaşı tamam olur. “Azadlıq” radiosunun məlumatına görə, hakim məhkəmə zalında “Nida”çını bu münasibətlə təbrik edib.
Məhkəmə yanvarın 15-də davam edəcək.
Bu ilin mart-aprel aylarında tutulan “Nida”çıları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi qanunsuz olaraq partlayıcı maddə əldə etmə, kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırır. İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Gənclərin bir neçəsinə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da verilib.
“Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadənin işi də “Nida”çıların işi ilə birləşdirilib. İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb, sonra işə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?