“Qasid” Dövlət Mətbuat Yayımı Firması “Azadlıq” qəzetinə olan 56 min manat məbləğində borcunu ödəmək iqtidarında deyil. Bu barədə firmanın direktor müavini Ağası İsmayılov firmanın qarşısında keçirilən etiraz aksiyasının iştirakçılarına bildirib. Məlumatı Turan-ın müxbiri hadisə yerindən verib.
Aksiyada “Azadlıq” qəzetinin əməkdaşları və digər jurnalistlər iştirak ediblər. Onlar “Bizim pullarımızı qaytarın!”, “Azadlığı boğmağa son qoyun!” şüarlarını səsləndiriblər. Aksiya iştirakçılarının qarşısına çıxan A.İsmayılov onları yaranmış vəziyyəti müzakirə etməyə dəvət edib. Söhbət zamanı deyib ki, firmanın direktoru yoxdur və onun əvəzindən cavab verə bilməz. Eyni zamanda A.İsmayılov “Azadlıq” qəzetinə 56 min manat məbləğində borcun olmasını etiraf edib və deyib ki, firma bormu ödəyə bilmir. O, “Qasid”in satılan nüsxələrə görə pulları qəzetə qaytara bilməməsinin səbəblərini açıqlaya bilməyib. “Biz çalışaçağıq”, - A.İsmayılov vəd edib.
Xatırladaq ki, ölkənin aparıcı müxalifət qəzeti “Azadlıq” ümumi məbləği 60 min manatdan çox məhkəmə cəriməsinə məruz qalıb. Qəzetin nəşriyyata da bir neçə min manat borcu var. Qəzet bütün borclarını ödəyə bilər, lakin “Qasid” satılan nüsxələrə görə borcu qaytarmır və bunu firmanın müflis olması ilə izah edir.
Jurnalistlərin məhkəməyə müraciətləri nəticə vermir. İctimaiyyət bunu “siçan-pişik” oyunu sayaraq hökumətin əsas tənqidçisi olan qəzeti bağlanması məqsədilə hakimiyyətin bilərəkdən təzyiqləri sayır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?