“Yəhudi milyarderin qardaşı və YAP-çı deputat da Bakıda yeni yol-nəqliyyat infrastrukturunun tikintisi ilə bağlı sökülən obyektlərinə görə kompensasiya ala bilər”.
Bunu virtualaz.org-a Nəqliyyat Nazirliyindən bildiriblər.
Xəbər verildiyi kimi, Bakıda Heydər Əliyev prospektinə alternativ yeni yolun çəkilməsi layihəsi çərçivəsində sökülən tikililərin arasında Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindəki (“Qaçqınkom”) vəzifəsindən çıxarılan deputat Ayaz Orucovun da obyektləri var.
Virtualaz.org saytı xəbər verir ki, Beyləqandan deputat Ayaz Orucovun metronun “Koroğlu” stansiyasının ətrafında yerləşən obyektində də söküntü işləri gedir. Həmin binada deputatın “Hidromaşservis” şirkətinin ofisi, “İndesit” soyuducularının distribütor mərkəzi və “Espanyol mebel” salonu yerləşir.
Bundan əlavə, iş adamı İlham Rəhimovla ortaq olan Zarah İliyevin qardaşı və deputat Yevda Abramovun qohumu olan Yaroxum İliyevə məxsus “Gön-Dəri” zavodu da sökülür.
Nəqliyyat Nazirliyinin Katiblik rəhbəri Namiq Həsənov virtualaz.org saytına açıqlamasında bildirib ki, Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospekti arasında Sabunçu qovşağınadək uzanacaq alternativ yol-nəqliyyat infrastrukturunun tikintisi ilə bağlı söküləcək fərdi evlər və obyektlər üçün kompensasiya veriləcək. Lakin müvafiq sənədləri olan tikililər üçün kompensasiyanın ödənməsi nəzərdə tutulub: “Qeyri-qanuni tikililərə kompensasiya verilməyəcək. Sənədləri qaydasında olan fərdi yaşayış evləri və obyektlər bazar qiymətinə uyğun qiymətləndiriləcək. Kompensasiya ödənilən zaman tikilinin yerləşdiyi ərazi və onun sahəsi nəzərə alınacaq”.
Katiblik rəhbəri “Gön-Dəri”, “Hidromaşservis” şirkətinin ofisi, “İndesit” soyuducularının distribütor mərkəzi və “Espanyol mebel” salonuna da kompensasiya veriləcəyini dedi. Təbii ki, əgər bu tikililər doğrudan da qanunidirsə...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?