Ağcabədidə qanunlar bir kənara qalıb, icra başçısının qoyduğu qaydalar işləyir. Tia.az xəbər verir ki, İcra Hakimiyyətinin başçısı, əslində özünü qeyri-qanuni şah elan edən Şahin Məmmədov rayona rəhbər təyin ediləndə elə üsuli-idarə forması düşünüb ki, dünyanın bütün huri mələkləri və alimləri gəlsə yəqin ki, bu labirintin sonunu tapa bilməz. Təbii ki, biz də bir çox analoqu olmayan Şahin Məmmədov “icad” və “kəşfləri” barədə araşdırmalar və müxbir təhqiqatları aparmağa çalışdıq. Fəqət, nə illah eləsək də nəticəyə vara bilmədik ki, bilmədik.
Qeyd edək ki, bir xeyli əvvəl dövlət torpaqlarının sahibkarlara icarəyə verilməsi məsələsi qanunla tənzimlənmişdi. İri və xırdabuynuzlu heyvandarlığın, dənli bitkilərin istifadəsi üçün ayrılan dövlət torpaqları bu gün sözün əsl mənasında sahibkarlar üçün cəhənnəm vadisini xatırladır. Çünki hər il əkin dövrü başlayanda və məhsul yığımı qurtaranda Şahin Məmmədovun xəzinəsinə üç min manat pul ödəməlisən. Əks halda icarədarlar həmin torpaqları zorla tərk etmək məcburiyyətində qalırlar. Əgər alver bununla qurtarsa, bəlkə də dərd yarı olardı. Vətəndaşlar ərazilərində suvarma artezian quyuları qazdırmaq üçün Şahin Məmmədovun qeyri-gizli göstərişinə əsasən hər quyu üçün başçıya, enerji istismarı idarəsinin baş “vergi yığanı” Tofiq Ağamirova 1500-2000 manat, suvarma sistemləri idarəsinin müdiri Fəxrəddin Kərimova 500-1000 manat, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin müdiri Abbas Süleymanova 300 manat, aparatın kənd təsərrüfatı sahəsinə baxan müavini Leyla xanım Əsgərovaya 300 manat “vergi”, yəni rüşvət verməlisən. Yüzlərlə sahibkarın yoluxduğu bu “xəstəlik” hər il Şahin Məmmədova 2-3 milyon manat qazanc gətirir. Buğda payı, soğan payı və əmlik quzuları bu hesaba qatmırıq.
Artezian quyuları vurulub istifadəyə verilən kimi Şahin Məmmədovun “rüşvət” qıdığı tutmağa başlayır. Çağırır Fəxrəddin Kərimovu və göstəriş verir ki, nə üçün artezianlar dövlətin balansına alınmayıb. Kərimov Fəxrəddin də etmir tənbəllik, minir maşına və üz tutur cəhənnəm vadisinin sahibkarlarının yanına. Şad xəbər gətirdiyini zənn edən icarədarlar tez əlüstü kişiyə bir əmlik quzu kababı bişirirlər. Yeyib-içib qarnını doyuran Kərimov stolun üstündəki çörək qırıntılarından birini götürüb parçalayır və and içir ki, «bu namərdin əlindən (Ş.Məmmədovun) canım xirtdəyimə yığılıb. 120 min manat faiz içindəyəm. Özümü öldürmək istəyirəm. Ya artezian balansa salınmalıdır, ya da enerjinin pulunu ödəməlisiniz».
“Balans” əməliyyatı Şahin Məmmədova çox böyük gəlir gətirir. Tutaq ki, 50 artezian quyusunu “balansa” saldırmaq istəyən başçı su təsərrüfatı nazirliyi ilə qarşılıqlı razılaşma əldə edərək 30-40 min manata başa gələn artezianları dövlətin balansına saldırır ki, dövlət büdcəsindən ayrılan milyon manatlarla vəsaiti nazirliklə mənimsəsinlər. 120 min manat faiz borcu olan Fəxrəddin Kərimovun yalan danışdığı üçün, yalandan tez-tez and içdiyi üçün çörək qənim olub və ağır xəstədir. 700-ə yaxın artezian quyusunun suyundan istifadə edən vətəndaşlardan hər ay haqq yığan, xarab artezianları onların şəxsi vəsaiti ilə təmir etdirən F.Kərimovun borcu nədən olsun axı?
Məlumatlı mənbə Tia.az-a “rayondakı abadlıq işlərinə sərf olunan pulların da «sirri» var” deyib Tutaq ki, Sərvərin (ad şərtidir) bir ticarət məğazası var. Həmin mağazanın önündəki səki başdan-başa üzlük daşla döşənməli, mağazaya üzlük vurulmalı, rəng seçimi Şahinin zövqünə uyğun olmalıdır. Vay, o günə ki, mağaza qonşu mağazadan azca kiçik olsun. O dəqiqə onun damı sökülüb “Dimdik” şəklinə salınmalıdır və qonşu mağazanın damı ilə bərabər səviyyədə vurulmalıdır. Yoxsa? Bax, Allah o gündən saxlasın.
Yol qırağında əkilən yaşıllıqlar isə rayon ərazisində fəaliyyət göstərən məktəb müəllimlərinin maaşından yığılan pula alınır. Hər həftənin şəbnə günü müəllimin əlində dəryaz, süpürgə, yaba və s. görsəniz qətiyyət təəccüblənməyin. Onları görənlər o dəqiqə qımışırlar ki, baxın, Şahin qanqal biçənləri gəlir. Ot yolan, alaq vuran, yol süpürən müəllimləri görəndə istər-istəməz hər şeyə nifrət edirsən ki, ilahi bu ziyalı ordusunu bu kökə hansı ehtiyac salıb?
Bəzən qadın müəllimlərə süpürgə verib şəhərin mərkəzi küçələrini süpürtdürürlər. Alkaş və ya qanmaz bir gənc avtomobillə onların yanından keçəndə əlindəki siqareti atır yerə və deyir ”Xanım, bunu da təmizlə”.
Bu Ağcabədi haqqında bildiyimiz və gördüyümüzlərin çox az bir hissəsidir. Həngamə isə hələ qabaqdadır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?