Bakıda ən bahalı ətir neçəyədir? Yaxşı ayaqqabı, gözəl saç düzümü və düzgün seçilmiş ətir. Fransızlara görə, bunların üçü səndə varsa, deməli, müəkəmməl qadınsan. Onlar deyir ki, zövqlü qadın və bəyin özündən öncə salona ətrinin iyi daxil olmalıdır. “Əgər kişi qadına aşiq olubsa, demək, qadının ətir seçimi düzgün olub”- bunu Jan Pol Qerlen deyib. Koko Şanel isə hesab edirdi ki, “ətir istifadə etməyən qadının gələcəyi yoxdur”.
Parfümeriya ilk dəfə qədim Misirdə yaranıb, sonra yunanlar, romalılar və ərəblər tərəfindən inkişaf etdirilib. Qədim Misir ərazisindən tapılan yazılarda bir neçə ətirli yağ resepti də tapılıb. Resept çox sadə imiş – bir neçə ətirli bitkini əzir, qurudur, alınan tozu şərab və balla qarışdırırmışlar.
XIV əsrdə tərkibi spirt və efir yağlarından ibarət olan ətirli su meydana çıxıb. Ətirli yağlar və alkoqolun qarışığından olan müasir ətir isə ilk dəfə macarlar tərəfindən macar kraliçası Yelizaveta üçün hazırlanıb. Bu ətir Avropada “macar suyu” adı ilə şöhrət qazanıb.
İtaliyada parfümeriya sənəti renessans dövründə inkişaf edir. XVI əsrdə isə italyan parfümeriya məhsulları Katerina Mediçinin şəxsi ətriyyatçısı tərəfindən Fransaya aparılır. Tezliklə Fransa Avropanın parfümeriya və kosmetika istehsalında liderliyi əlinə alır.
1608-ci ildə Santa Mariya Novella monastrında dünyada ilk dəfə parfümeriya fabriki fəaliyyət göstərməyə başlayır.
Ətirlərin qalıcı və baş gicəlləndirən olması onun tərkibi ilə bağlıdır. Tərkibi keyfiyyətli parfümün qiyməti isə heç də hamının cibinə uyğun olmur. Ailem.az bahalı ətirlərlə bağlı kiçik araşdırma apardı. Məlum oldu ki, ən bahalı parfümlər 1-2 ədəd istehsal olunur.
Dünyada ən bahalı ətir 1 milyon dollardır
Ən bahalı ətir “DKNY Golden Delicious”-dur və qiyməti 1 milyon dollardır. Flakonun aşağı hissəsi 14 karatlı ağ qızıldan düzəldilib.Yuxarı hissə isə sarı qızıldan. Flakon 3000-ə yaxın qiymətli daş və naxışlarla bəzədilib. Ətir təzə sarı almaların təravəti, portağal rənglərinin və “Mirabelle” gavalısının notları ilə insanları özünə cəzb edir. Burada vanil orxideyası, ağ qızılgül və zanbaq dəstəsinin, səndəl ağacının zərif notları, müşk və tika ağacının zərif ətirləri biri-birinə qovuşub.
2-ci bahalı ətir “Secret de la Reine от Guerlain”dır – 300 min avro. Flakonu 123,73 qram platindən, brilyant və qara oniksdən hazırlanıb.
Bahalı ətirlər sırasında 3-cü yeri isə “Clive Christian's Imperial Majesty” tutur. Bir flakonun qiyməti 215 mindən 507 milyona qədərdir.
Britaniyalı dizayner Klayv Kristianın hazırladığı ətirlər, dünyanın ən bahalı ətirləri kimi Ginnesin “Rekordlar kitabı”na daxil olub. Nadir indqredientlərdən təşkil olunan və ağ brilyantla bəzədilən “№ 1 Imperial Majesty” ətrinin bir flakonunun qiyməti 200 min dollardan, 435 min dollara qədər dəyişir. Parfüm təmiz dağ büllurundan hazırlanıb. Flakonların hazırlanması üçün 5 kq təmiz dağ bülluru istifadə edilib. Şüşənin boğaz hissəsi 18 karatlı qızılı həlqə ilə haşiyələnib. Qapaq isə beş karat brilyant və ağ almazlarla bəzədilib. Flakonun tərkibini “Clive Christian No. 1” ətri təşkil edir. Bu şedevrin qiyməti 435 min dollara qədər ola bilər. “Clive Christian No-1” 2002-ci ilə kraliça Elizabetin taxta çıxmasının 50 illiyi münasibəti ilə hazırlanıb. Ətir tac şəkilli flakon formasında təqdim olunub. Tacın dəyəri 50000 dollar civarında qiymətləndirilir.
Elton Con, Devid Bekhem, Eleanora Berqsteni...
Müğənni Elton Con bu ətri özünə royal formasında sifariş verib və həmin ətir ona 250 min dollara başa gəlib. “Clive Christian No-1” ətrinin vurğunları içərisində Devid Bekhemi, Eleanora Berqsteni (“Çirkli rəqslər” filminin ssenari müəllifi), Keti Holmsu qeyd etmək olar.
Bahalı ətirlər sırasında “VI” (85 min dollar), “Paco Rabanne 1 Million 18 Carats LUXE” ( 56 min dollar), “Guerlain Idylle” (45 min dollar), və “J’Adore L’Or: Version Prestige və Version Haute Joaillerie Exception”-nun (30 min avro) da adlarını qeyd etmək olar.
Dünyada ən çox satılan ətirlər isə “Armani Idole d’Armani”, “Armani Code Femme”, “DKNY Be Delicious Woman”, “Calvin Klein Euphoria”, “Cacharel Amor Tentation Femme”, “Dior Hypnotic Poison”-dur.
“Bizdə ya nazirlər, ya da millət vəkilləri alır”
Bu məlumatlarla tanışlıqdan sonra Bakıda satılan ən bahalı ətirlərin qiymətləri ilə maraqlandım. Görəsən, Bakıda ən bahalı ətir neçəyədir?
Bakıda kosmetika mağazaları çoxdur, vitrinləri göz qamaşdırır. Qadınların baxıb köks ötürdüyü bütün ətir markalarına rast gəlirsən. İnsan etinasız baxa bilmir. Bəs ən qiymətlisi hansıdır? Heç jurnalist olduğunu deyən adama da bu məlumatları verərlər?! Alıcı kimi soruşaq? Məncə, inanmazlar? Çünki xarici görkəmcə belə bahalı ətir alacaq xanıma oxşamıram. Elə bu fikirlərlə də paytaxtın mərkəzində yerləşən məşhur kosmetika dükanlarından birinə daxil oluram. Ən bahalı ətrin qiyməti ilə maraqlanıram. Ancaq satıcı xanım məlumat verməkdən imtina edir – demə, bu, sirr imiş...
Kor peşman burdan çıxıb yaxınlıqda yerləşən digər tanınmış dükana üz tuturam. Ancaq bu dəfə bir hiylə işlədirəm. Müştəriyə xidmət etmək üçün yaxınlaşan xanıma deyirəm:
- Bağışlayın, bir adamı var, o, burda bahalı bir ətir görüb, onun haqqında məlumat öyrənməyimizi istəyib.
- Yəqin ya millət vəkilidir, ya da nazirlərdən biri, eləmi?
- Elədir. Amma istəmir özü gəlsin.
- Aydındır. Azərbaycanda bu ətirləri alanlar elə onlardır.
- Yəqin, həmişə də kimisə göndərirlər.
- Yox, niyə ki? Bəzən özləri də gəlib alır. Elə nazir var ki, şəxsən özü ətir seçir.
Hər mağazaya bir ədəd
Satıcı ilə söhbət zamanı məlum olur ki, Bakıda satılan ən bahalı ətir 6000 manat dəyərindədir, onu da vitrində görə bilməzsiniz. Mağazanın zirzəmisindəki anbarda saxlanılır. Mağazanın administratoru ilə razılaşandan sonra 2 nəfər satıcı ətri gətirməyə gedirlər. Ətir gəlir... Özü də necə...
Təxminən 30-40 qramlıq parfüm televizor karobkası boyda qutuda. Qızların təlaş və həyəcanını görüb yalanıma görə xəcalət təri tökürəm. Amma başqa əlac yoxdur. Gərək oyunu axıra kimi oynayım. Qutunu ehmalca mağazanın ortasındakı stolun üstünə qoyurlar. Ətri qutusundan çıxaracaq xanım elə bil ağır bir əməliyyata hazırlaşır. Ağ əlcəkləri geyinib ehtiyyatla qutunu açmağa başlayır. X bəyə məlumat vermək üçün ətir haqqında bəzi sullarımı verirəm. Satıcının dediyinə görə, bu parfümün adı “J'adore Prestiqe”dir, Faransa istehsalıdır:
- Flakon Baccarat büllurundan hazırlanıb. Təmiz parfüm yağıdır. Tərkibi qızılgül və yasəmən yağından ibarətdir. Bu ətir çox az istehsal olunur. Bakıda bir neçə mağazada var. Hərəsinə də bir dənə verilib.
- Alıcısı nə qədərdir? İldə neçə dənə satırsız?
- İldə təxminən 2-3 dənə satılır. Amma bundan aşağı qiymətə olanlar var, onlardan ayda 3-4-nü sata bilirik.
Parfüm ipək və dəri ilə tərtib olunmuş xüsusi qutuya yerləşdirilib. Flakonun üzəri əl işləri ilə bəzədilib. Onun boğaz hissəsində qızıl suyuna çəkilmiş “boyunbağı” var. Maye flakonun içərisində deyil, ayrıca şüşələrdədir. Parfumu flakona qızıl suyuna çəkilmiş balaca qıfcıqla tökmək lazımdır. Ətirlə tanışlığımı bir neçə şəklini çəkməklə başa vurub bu mağazadan çıxıram.
“Təmiz parfüm və akula yağı”
Həmişə alıcıları bol olan başqa bir mağazaya yaxınlaşıram. Burada isə ən bahalı ətir “Agonist”dir. Çeşidlərinə görə, qiyməti 300-2500 manat arasında dəyişir. Ən bahalı çeşidi 2500 manata satılır. “Agonist Arctic Jade Sculpture”-i 1994, “Agonist Onyx Pearl Sculpture”-ni 1895, “Agonist Liquid Crystal”-ı 1668, “Agonist Arctic Jade unisex”i isə 300 manata ala bilərsiniz. Satıcının dediyinə görə, İtaliya istehsalı olan parfümlərın tərkibi əsasən, 100 faiz parfum yağı və 100 faiz akula yağından ibarətdir. Şərq ətri sayılan bu parfümdən bircə dəfə vurmaq kifayətdir ki, günlərlə ətrafdakıları ətrilə bihuş edəsən.
Mağazada qiymətinə görə fərqlənən digər ətir isə “Romon Molvizar”dır. İspaniyadan gətirilən parfum 1250 manata satılır. Bu ətirdən hər ölkəyə ancaq 300 ədəd verilir. Parfümün svarovski daşları ilə bəzədilmiş flakonunun içərisində 23 karatlıq qızıl hissəciklər var.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?