İlham Əmiraslanov: "Ölkə ictimaiyyəti və ölkədən kənarda hər kəs bildi ki, mən ittiham olunduğum əməli törətməmişəm” Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində saxlanan «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının fəalı, hüquq müdafiəçisi İlham Əmiraslanov cəzası şərti cəza ilə əvəz olunmaqla azadlığa çıxıb. Xatırladaq ki, İ. Əmiraslanov 2010-cu ilin yazında baş vermiş Kür daşqınlarının yaratdığı problemlərin həll olunması, daşqınlardan ziyan çəkmiş vətəndaşlara hüquqi yardım göstərilməsi istiqamətində fəaliyyət göstərib. İlham Əmiraslanov 2012-ci il iyunun 8-də qanunsuz silah saxlamada təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bir sıra yerli və beynəlxalq hüquq müdafiəçiləri bu həbsi siyasi motivli sayaraq, İ.Əmiraslanovu siyasi məhbus elan edib. Əməkdaşımız İlham bəylə əlaqə saxlayaraq ondan müsahibə alıb. Həmin müsahibəni diqqətinizə çatdırırıq. - Azadlığa çıxmağınız münasibətilə sizi təbrik edirik. 1 il 6 aya yaxındır həbsdəsiniz və artıq şərti olaraq da olsa, azadlığa buraxılmısınız. Azadlıqda olmaq nə deməkdir? - Azadlıq gözəl bir şey imiş. Bir onu bildim ki, bu qədər müddətdən sonra azadlığa qovuşmaq çox möhtəşəm bir duyğudur və bu duyğunu insan azadlığını itirəndə daha çox hiss edir. Həbsxana yolu keçmiş şəxs üçün azadlığı sözlə ifadə etmək çətindir. Mən heç kimə azadlığını itirmək, həbsxana həyatı yaşamağı arzu etmirəm. Amma həyat insanı çox sürprizlərlə qarşılaşdırır. Bu gün həbsdə olanlara, xüsusilə ədalətsiz həbs cəzası çəkənlərə azadlıqlarına qovuşmağı arzulayıram. - Həbsinizi necə qiymətləndirirsiniz? - Bu həbs hər kəsə bəllidir. Ölkə ictimaiyyəti və ölkədən kənarda hər kəs bildi ki, mən ittiham olunduğum əməli törətməmişəm. Bu da bir mərhələ idi keçdik. - Həbs müddəti necə yadınızda qaldı? - Həbs müddətindən asılı olmayaraq heç kimin yadından bir ömür boyu çıxmaz. Həbsxana çox maraqlı mühitdir. Müxtəlif xarakterli və taleli adamlar, bu adamlarla ünsiyyət insana böyük həyat təcrübəsi verir. İndi həbsxanadan məni bir neçə gün ayırır. Ola bilsin bir qədər azadlıq duyğusu həyacan yaradır. Amma həbs dövrünün hər günü, hər anı ayrıca bir xatirədir. - Siz həbsdə olarkən, seçki dönəmində İlham Əliyevi dəstəkləməniz haqda bir məktub yayıldı. Sonradan bu təkzib edildi... yəni bir qeyri-müəyyənlik yaşandı. İndi bu məsələyə bir aydınlıq gətirmənizi istərdik. - Mən indi bu haqda danışmaq istəmirəm. Zamanı gələndə bu məsələyə aydınlıq gətirəcəm. - Bəs əfv olunmaq üçün dövlət başçısına müraciət etmişdinizmi? - Xeyr mən əfv ərizəsi yazmamışam. Qardaşım deputat Çingiz Qənizadəyə mənimlə bağlı müraciət edib. O da köməklik edəcəyini söz vermişdi. Amma əfv fərmanı zamanı mənim adım o siyahıda olmadı. Onu da deyim ki, indi azadlığa çıxmam da asan baş verməyib. Şərti azad olunmağım barədə müraciətimə gec baxıldı. Şükür ki, bu proses baş tutdu və mən artıq azadlıqdayam. - Həbsdə olduğunuz müddətdə müdafiə işinizin qurulmasından razı qaldınızmı? - Sizə deyim ki, müdafiəmin qurulması və bu işin ictimailəşməsi istiqamətində "Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyevin və "Kür" vətəndaş cəmiyyətinin koordinatoru Oqtay Gülalıyevin və digər insanların, eləcə də medianın xidmətləri böyük oldu. Bu müdafiə sayəsində mənim günahkar olmadığım insanlara çatdırıldı. Heç şübhəsiz azadlığa çıxmağımda da bu müdafiənin rolu oldu. - Gələcəkdə işinizlə bağlı şikayət vermək, bəraət almaq fikriniz varmı? - Hələ ki, səhhətimdə yaranan problemlərlə məşğul olacam. Digər planlar haqda bundan sonra söhbət etmək olar.
Sorğu
Yeni dizaynımız necədir?