ADİU-dakı “Tarif Şurası” rüşvət qiymətlərini artırdı Müəllimlər İqtisad Universitetindəki “rüşvət xəritəsi”ni açdılar və ölkə rəhbərliyinə müraciət etdilər; “Şəmsəddin Haciyev 10 ildir ki, tələbələrin qanını sorur, millətə qarşı genosid siyasəti yürüdür!” Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) rüşvət qiymətlərinin qaldırılması haqda redaksiyamıza məktub daxil olub. Məktub müəllifləri (adları məktubda var) iddia edirlər ki, qiymətləri artıran rektor, millət vəkili Şəmsəddin Hacıyevin “Tarif Şurası”dır.
Məktubda deyilir: “Azərbaycanda təhsil islahatları sahəsində böyük problemlər və qüsurlar hələ də qalmaqdadır. Çünki millətin gələcəyi olan təhsil sahəsində rəhbərlik edən şəxslər yalnız öz mənafelərini və ciblərini düşünürlər. Şəmsəddin Hacıyev İqtisad Universitetini artıq özününküləşdirib. Kadrlar əsasən öz qohumları, yerliləri və arvadının qohumlarıdır. Prorektor Damet Baqirov .... rüşvətin atası kimi tanınır universitetdə. Universitetin ”Tarif Şurası"nın sədri hesab edilir. Kurs imtahanları, “perevod”lar, ixtisas dəyişmə, “A” qrupları, qiyabi şöbədən onun vasitəsilə pullar yığılır. Şəmsəddin Hacıyev elə bir mexanizm qurub ki, pullar, dekanlar və onların müavinləri vasitəsilə yığılır. Sonda isə hamısı hesabat əsasında rektora çatır. Heç kəs bir nəfər tələbəyə kömək edə bilməz. Kurs imtahanları əyani şöbədə testlə aparılır. Hər semestr üçün 5 min manat vermək lazım gəlir. Qrupda təhsil alan 25 tələbədən 15-i pul verir. Belə ki, hər qrupdan 75 min manat pul alınır. Universitet üzrə 1200 qrupdan pul yığılır. Bu da orta hesabla semestrdə 8 milyondan çox pul edir. İllik isə əyani şöbədən təkcə test imtahanlarından orta hesabla 16 milyon pul yığılır. Dövlət imtahanlarından 3 milyon pul yığılır. Qiyabilər üçün imtahanlara buraxılmayan tələbələrin hər birindən 2-3 min manat pul alınır; əks halda, onları universitetdən qovulurlar. Qovulanları sonradan 5 min manat pul alaraq bərpa edirlər. Orta hesabla hər semestrə qayıblardan 1 milyon manat pul yığılır. İxtisas dəyişmə adı ilə tələbələrin dərisini soyurlar. Məsələn, tələbə Ümumi İqtisadiyyat fakültəsinə qəbul olunur. Dekan deyir ki, sən 500 manat verməsən səni pis ixtisasa göndərəcəm. Tələbələrin hamısını bu yolla soyurlar. Maliyyə, Beynəlxalq iqtisadi münasibətlər ixtisaslarına ən çox tələbələr qəbul edilir. Hər birindən 500 manat alınır ki, onların ixtisası təsdiq edilsin. Bu ixtisaslar Şəmsəddin Hacıyevin gündəlik nəzarətindədir".
Məktub müəllifləri qiyabi şöbənin tələbələri üçün bütün imtahanların “yazılı” aparıldığını qeyd edirlər: “Heç bir tələbə özü qiymət ala bilməz. Bütün il boyu Şəmsəddin Hacıyevin dekan müavinləri, onların katibələri hər bir tələbədən 1-2 min manat pul yığırlar. Müəllimələrə yalnız ”vedomostlar"a qol çəkdirilir. Onlar bir qul kimi Ş.Hacıyevin cinayətində gözü yumulu iştirak edirlər. İşlərini itirməmək üçün bu yola gedirlər. Baxırlar ki, nəhəng insanları Şəmsəddin Hacıyev işdən azad edir. Universitetdəki rüşvətxorluğa, saxtakarlığa qarşı mübarizə aparan professor Bədirxan Musayev kimi nəhəng alim işdən qovulub. Yuxarı təşkilatlar isə bu məsələni araşdırmır. Bu işlər isə müəllimlərin gözünü qorxudur. Dekanlardan Müzəffər Məmmədov, Niyazi müəllim, Həsən İsrafilov, Tofıq Hasilov, Nuru müəllim, Qabil Manafov, Xankişi müəllim, Kamil Qafarov (dekanların atası) xüsusilə fərqlənirlər. Valideynlər pul verməkdən yorulublar. Ş.Haciyev 10 ildir ki, tələbələrin qanını sorur. Millətə qarşı genosid siyasəti yürüdür. Valideynlər mal qarasını, əmlakını satıb Ş.Haciyevə, uşaqlarının oxuması naminə pul verirlər. Bunu isə heç kəs “görmür”. Dekanlar deyirlər ki, biz bu pulları Şəmsəddin Hacıyevə veririk, o isə pulları fonda verir. Bu proses nə qədər davam edəcək? Bu cür özbaşınalığa nə zaman son qoyulacaq?
Vaxtı ilə Hacı Əbdülə yemək daşıyan, Mütəllibova skripka çalan (akademik Cəlal Əliyevin sözü), Heydər Əliyev siyasətinə nifrət edən bir insan 10 ildir ki, bu universiteti nasos kimi sorur. Şəmsəddin Haciyevin universitetdə geniş... (Məktubun bu qismi şəxsi və intim həyatla bağlı olduğu üçün ixtisar edilir-red.)
Dərbənd filialından Ş. Hacıyev ildə 20 milyon pul götürür. Ş.Hacıyev bu pullarla özünə şirkətlər açıb, marketlər yaradıb. Maşın satış salonları fəaliyyət göstərir. Geniş biznes şəbəkəsinə malikdir. Onun “Turan” şirkəti vasitəsilə universitetdə aparılan tikinti işlərinə dair pullar ora köçürülüb. Oradan həmin pulları Ş.Haciyev mənimsəyib. 2012-ci ildə həmin şirkətə 27 milyon universitet vəsaiti dəyişdirilərək, mənimsənib. Bu şirkətlər şəbəkəsi, onun qızı Çeşminin, onun yoldaşının, yaxın qohumlarının adınadır".
Məktub müəllifləri yazır ki, universitetdə aparılmış Maliyyə Nazirliyinin yoxlaması vasitəsilə külli miqdarda yeyinti aşkar edilib: “Belə ki, Ş.Hacıyevin baldızı qızı baş mühasib idi. Külli miqdarda rüşvət verərək işi bağladı və baldızı qızını başqa işə keçirdi. Bu universitet quldur yuvasına çevrilib. Ş.Haciyev deyir ki, mən bu pulları yuxarılara verirəm, mənə heç kim toxuna bilməz, mənim yerim bərkdir. Deyir ki, təzə nazir mənim yetirməmdir. Respublika təhsilini mən idarə edirəm. Bu işlərə isə yuxarı təşkilatlar heç bir reaksiya vermir”.
Sonda məktub müəllifləri ölkə başçısına müraciət edirlər: “Biz əməkdaşlar möhtərəm prezidentimizdən bu işlərin araşdırmasını, ciddi ölçü götürülməsini xahiş edirik. Sizdən xahiş edirik, böyük bir kollektivi olan universitetin əməkdaşlarının xahişini nəzərə alasınız".
P.S. Məsələ ilə bağlı Şəmsəddin Hacıyevi və adları çəkilən digər şəxsləri də dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?