Qaradağ rayonu, Qızıldaş qəsəbəsində dekabrın 20-də baş verən kütləvi davada Oktay və Taleh Əsgərov qardaşlarına hücum edərək onları döyən şəxslər hələ saxlanmayıb.
Xatırladaq ki, Oktaya hücum edən 10-a yaxın şəxs daha sonra onun qardaşı Taleh Əsgərova da xəsarət yetirib, ikincinin çalışdığı mağazanı da dağıdıblar. Nəticədə Taleh bıçaq xəsarəti, Oktay isə kəllə-beyin travması ilə Musa Nağıyev adına Xəstəxanaya yerləşdirilib.
Lakin hadisədən 4 gün keçməsinə baxmayaraq, iki qardaşa xəsarət yetirən şəxslərlə bağlı heç bir tədbir görülməyib.
Qaradağ rayon Polis İdarəsindən AzNews.az-a verilən məlumata görə, işə 38-ci polis bölməsində baxılır. Lakin adıçəkilən polis şöbəsində kütləvi davaya səbəb olan şəxslərin saxlanması və ya istintaqa cəlb edilməsi barədə sual cavablandırılmayıb. Polis şöbəsindən AzNews.az-a bildirilib ki, bu sualı cavablandırmaq üçün səlahiyyətli şəxslər bölmədə yox, iş başındadır: “Ona görə də hər hansı məlumat ver bilmirik”.
İşi aparan Qaradağ rayon Polis İdarəsinin müstəntiqi Şövqi Əsgərovla əlaqə yaratmaq cəhdi də 2 gün ərzində baş tutmayıb. Polis İdarəsinin növbətçi hissəsindən də AzNews.az-a müstəntiqlə əlaqə yarada bilmədikləri vurğulanıb:
“Şövqi Əsgərovu heç biz də tapa bilmirik. Bizdə olan məlumata görə bu gün şəhər prokurorluğuna gedib. Orada isə telefondan istifadəyə icazə verilmir”.
Sorğu
Yeni dizaynımız necədir?