“Media forum” saytı noyabr ayında həbs olunan keçmiş AMİP fəalı Vaqif Musayevin harada saxlandığı, nədə ittiham olunduğu, istintaqı hansı güc strukturunun apardığı haqda məlumat almaq üçün araşdırma aparıb. Amma araşdırma nəticəsində bu haqda heç bir bilgi əldə etmək mümkün olmayıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Media forum”a bildirib ki, bu haqda ictimaiyyətə lazımi informasiya verilib: “Əlavə məlumatları vəkili vasitəsi ilə əldə edin”.
AMİP-də təmsil olunan şəxslər də Vaqif Musayev haqqında məlumatlı olmadıqlarını deyiblər.
Vəkillər Kollegiyasından bildirilib ki, Vaqif Musayevin vəkilinin kim olduğunu bilmirlər.
“Media forum” saytı hüquq müdafiəçiləri və vəkillərlə əlaqə saxlayıb. Bu haqda məlumatlı kimsə aşkar edilməyib.
“Media forum” saytı Vaqif Musayevin sinif yoldaşı və dostu, AMİP-in Lerik rayon təşkilatının sədri Güləddin Şahsevənlə əlaqə saxlayıb. Güləddin Şahsevən bildirib: “Vaqifin həbsi bizi, Lerikdə onu tanıyanları çox narahat edir. Amma nə qədər çalışsaq da, heç bir məlumat əldə edə bilmirik. Harada saxlandığı, vəkilinin kim olduğu, nədə ittiham edildiyi, səhhətinin necə olduğu barədə heç nə öyrənə bilmirik. Vaqif Musayev vaxtilə AMİP-də təmsil olunub. Dəfələrlə partiya funksionerləri ilə əlaqə saxlamışam, onlarda da məlumat yoxdur. Evinə zəng vururam, cavab vermirlər, deyəsən ailəsi başqa yerə köçüb. Lerikdə olan ən yaxın qohumları ilə əlaqə saxlamışam. Yaxın qohumlarından bir neçə nəfər nəsə öyrənmək üçün Bakıya da getmişdi. Amma heç nə öyrənə bilməyiblər. Ürəyim partlayır, yaxın günlərdə Bakıya gələcəm”.
“Media forum” Vaqif Musayevin dayısı Zeynalabdin Ramazanova da müraciət edib. Zeynalabdin Ramazanov deyib ki, heç nədən xəbəri yoxdur: “Vaqif Musayevin harada saxlanması, nədə günahlandırılması, durumunun necə olması barədə heç nə bilmirəm”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?