Rayon təhsil işçiləri etiraz aksiyasına hazırlaşır
gundemxeber.az Cəlilabad rayonunda ən öndə duran problem təhsil sistemində baş verən özbaşınalıqlardır. Bunlar isə hamıya məlumdur. Buna saysız-hesabsız şikayətlərin mətbuatda dərc olunması və dövlət orqanlarına edilən şikayətləri misal çəkmək olar. Cəlilabadın təhsil sistemindəki çoxsaylı şikayətlərdən sonra noyabr ayından Cəlilabad rayon Təhsil Şöbəsində Azərbaycan Hesablama Palatası tərəfindən aparılan yoxlamalar insanlarda elə bir fikir yaratmışdır ki, bəlkə obyektiv araşdırma aparıldığdan sonra korrupsioner Ədalət Əsgərov və yerli maliyə şöbəsinin rəhbərliyi cəzalandırıla. Amma təəssüflər olsun ki, belə olmadı, çox təəssüf hissi ilə qeyd edirəm ki, Cəlilabad müəllimlərinin Hesablama Palatasına bağladıqları ümid darmadağın olundu. Məlumat üçün qeyd edək ki, Ədalət Əsgərovun öz silahdaşları və ona çox yaxın olan etibarlı mənbə bildirir ki, “Hamı təhsil şöbəsi rəhbərliyinin özbaşınalığına dözməyib məcburiyyət qarşısında qalaraq Ədalət Əsgərova qarşı çıxmaqla təhsildəki özbaşınalıqlara son qoymaq üçün mətbuata üz tutublar”. Etibarlı mənbə qəzetimizin elektron poçtuna ünvanladığı məktubda qeyd edir ki, “Təhsil Şöbəsinin müdiri Ədalət Əsgərov bizləri otağına çağırtdırıb dedi ki, bu ay heç kəs, mən qarışıq, evinə pul aparmayacaq, məcburuq ki, təhsilimizdəki bəzi məsələləri ört-basdır etmək üçün səfərbər olaq. Hesablama Palatasından gələn yoxlamaya pul verməliyik. Bizlərdən külli miqdarda yığılıb, hər məktəbdən 2-5 min manat”. Şikayətçilər onu da məktuba əlavə ediblər ki, bu ilin dekabr ayının 27-də Cəlilabad rayonu Heydər Əliyev adına parkın qarşısında bir qrup müəllim kollektivi təhsildəki özbaşınalıqlara son qoyulması üçün kütləvi aksiya keçirəcəklər. Artıq bununla əlaqədar ölkənin bir çox adiyyatı qurumlarına da məlumat veriblər, aksiyanın keçirilməsi və icazənin verilməsi barədə Cəlilabad rayon İcra Hakimiyyətinə də rəsmi məktub hazırlanıb, təqdim ediləcək.
Sorğu
Yeni dizaynımız necədir?