2013-cü ildə Azərbaycanın şou məkanında yeni təqdimatlar, konsertlər, yüngül dedi-qodu və gündəmdə qalmaq üçün ssenariləşdirilən qarşıdurmalarla yanaşı, əsl qovğalar, həbslər də sənət adamlarından yan keçmədi.
“Axar.az” bu qovğa və həbslərdən ən diqqətçəkənlərini təqdim edir:
Xalq artistlərinin məhkəməsi
Xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanın məhkəməsi ilin ən yadda qalan hadisəsinə başçılıq edir. Xatırladaq ki, aprelin 23-də İlhamə Quliyevanın şikayət ərizəsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim olunub. İlhamə Quliyeva iddia ərizəsində Nazpəri Dostəliyeva tərəfindən ictimai şəkildə şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirib. Məhkəmənin qərarı ilə Nazpəri Dostəliyeva İlhamə Quliyevaya vurduğu mənəvi ziyana görə 50.000 manat təzminat ödəyəcək. Bundan başqa, məhkəmə Nazpəri Dostəliyevanın televiziya vasitəsilə İlhamə Quliyevadan üzr istəməsi barədə də qərar çıxarıb.
Musa-Təranə qalmaqalı
Musa Musayev və Təranə Qumralın şəxsi həyatları barədə xoşagəlməyən söz-söhbətlər bütün mediada səs-küyə səbəb olub. Bildirək ki, bu qalmaqalda Təranə Qumralın həyat yoldaşı Musa Musayevə xəyanət etməsi xəbərləri yayılmışdı və bu xəbəri Musa Musayev özü bəyan etmişdi. Hazırda isə cütlük yenə birlikdədirlər və xoşbəxt olduqları barədə açıqlama verirlər.
Rejissor Aqil M. Quliyevin həbsi
Tanınmış rejissor Xətai rayon məhkəməsinin qərarı ilə aprelin 23-də 1 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. A.M.Quliyev məhkəmə zalında həbs olundu və rejissor cəzacəkmə müəssisəsinə göndərildi. Cəmi 36 gün həbsdə qalandan sonra mayın 30-da həbsdən azad olub. Qeyd edək ki, bir müddət əvvəl Marianna Turabova adlı şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək, Aqil M. Quliyevin ona 150 min manat borcu olduğunu, lakin pulu geri qaytarmadığını bildirmişdi. Borcun ödənilməsi razılığı əldə olunduğundan, hazırda rejissor azadlıqdadır.
Oksana ilə Elşad Xose ayrıldı
Tanınmış reper Elşad Xose ilə rəqqasə Oksana Rəsulovanın qalmaqalı da bu ilə damğasını vurub. Elşad Xose 2012-ci il martın 27-də rəqqasə Oksana Rəsulova ilə rəsmi nikaha girsə də, evlilikləri bir neçə ay çəkdi. Hazırda ikisi də subaydır.
Hüseyn Dəryanın həbs olundu
Reper Hüseyn Dərya narkotik maddə qəbul etdiyinə görə bir neçə dəfə həbs olundu. Sonuncu dəfə dekabr ayının 24-də həbs olunaraq Sabunçu RPİ-nə aparıldı. Buna səbəb isə isə reperin “narkotik sərxoşluq vəziyyətində” olması göstərildi. Dekabrın 25-də isə evə buraxıldı.
Aygün-Brilyant savaşı
İki xalq artisti bir-birinə əvvəlcə gizlin müharibə elan etdilər. Virtual məkanda başlanan soyuq müharibə sonradan açıq mübarizəyə keçdi. Tərəflər maqazin proqramlarına çıxıb, daha kobud şəkildə bir-birlərini acıladılar. İşə Namiq Qaraçuxurlunu da qatdılar. Aygün Brilyantın xiyar yediyi yerdə şəklini paylaşıb ortaya “xiyar” söhbətini atdı. Hətta iş o yerə çatdı ki, şou-biznesin divası Aygün küsüb ölkədən getmək məcburiyyətində qaldı. Amma tezcə də geri döndü. Zaman keçdikcə, xalq artistlərinin hikkəsi soyumağa başladı və bu qalmaqalı başqaları əvəzlədi.
Əlqərəz
Bütün illərdə olduğu kimi, 2013-cü il də şou adamlarımızın dava-qırğını ilə yadda qaldı. Ümid edək ki, at ilində vəziyyət fərqli olacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?