Seçkilər, Müsavat, Milli Şüra… 2013-cü il yaxşı başlamışdı. Artıq ilin 4-cü günündə Müsavat Partiyası seçkilərdə iştirakla bağlı qərar verdi və İsa Qəmbərin namizədliyini irəli sürdü. Bu artıq işin yarısı idi. Ən azından, 2008-ci ildəki kimi “iştirak, ya boykot” sayağı avqusta qədər davam edən müəmmaya uğramayacaqdir. İşin digər yarısı isə ölkənin başqa böyük müxalifət partiyası olan AXCP ilə razılaşmaq və vahid namizəd irəli sürməkdən ibarət idi. Bunun da ən sadə yolu AXCP-in öz namizədini müəyyın etməsi (şühəsiz ki, bu Əli Kərimli olacaqdı) və bu iki namizədin danışıqlar apararaq ikisindən birinin və ya üçüncü şəxsin müxalifətin əsas namizədi kimi seçkilərdə iştiraki idi. Ümid etmək olardı ki, bu proses 2-3 ay ərzində yekunlaşa bilər və seçkiyə qalan 6 ay ərzində salyanlılar demişkən, “ecahanlıqla” namizədin təqdimatını və təbliğatını aparmaq olar. Nəticədə müxalifət əvvəlki kampanyalarda olduğu kimi, seytnota düşməyəcək, seçki öncəsi qızıldan qiymətli vaxtı vahid namizəd haqqında yorucu danişıqlara sərf etməyəcəkdi.
Amma heyhat, qədərin imtahanları...
İki partiyanın namizədini bir sıra digər təşkilatlar və şəxslərin dəstəkləyəcəyi aşkar idi. Məsələn, müxalifyönümlü gənclər təşkilatları ilə problem olmayacaqdı. Sonralar Milli Şurada təmsil olunan və olunmayan bir sıra müstəqil şəxslər bu namizədi dəstəkləyəcəkdilər. Hətta ənənəvi müxalifətdən məsafə saxlayan REAL təşkilatının yetkililəri belə bu iki partiyanın birgə namizədini dəstəkləyə biləcəklərini açıqlamışdılar. Bir sözlə, nikbin olmaq üçün əsaslar yetərincə idi. Lakin, Rəsulzadənin təbirincə desək, heyhat qədərin imtahanları tamam deyilmiş.
Artıq elə yanvarın 4-də, günün ikinci yarısından etibarən Müsavatın ünvanına, yumşaq desək, qınaqlar səslənməyə başladı. Sosial şəbəkələrdə, mətbuata verilən aşıqlamalarda partiyanı separatçılıqda, müxalifətin birliyini pozmaqda, … daha nələrdə günahlandırmadılar. Təbii ki, belə halların vazkeçilməz ittihamı olan “hakimiyyət dəyirmanına su tökmək”dən də keçilmədi. Bir sıra bitərəf yazar, jurnalist, bloqqer və başqaları da ittihamçılar arasında idilər. Aylar sonra müxalifətin vahid namizəd məsələsi müşkülə düşəndə, boykot kabusu daha real görüntü aldıqda, həmin şəxslərin çoxu Müsavatın seçkilərdə iştirakla bağlı mövqeyinə nicat yolu kimi baxmağa başladılar. Lakin həmişə olduğu kimi bu dəfə də Müsavatın əvvəldən haqlı, özlərinin isə haqsız olmaları barədə nə müsahibə verdilər nə məqalə yazdılar, nə də facebookda status paylaşdılar. Sadəcə səssiz-səmirsiz, əsasən şəxsi söhbətlərdə etiraf etdilər.
Yanvar ayında başlayan hücumlarda müttəfiqimiz sayılan AXCP üzvləri xüsusi fəallıqları ilə seçilirdilər. Facebookda AXCP üzvlərinin “Xilas” qrupunda saxta profillərlə apardıqları anti-müsavat təbliğatını yalnız keçən əsrin 20-30-cu illərdəki analoji təbliğatla müqayisə etmək olardı. İki partiyanın rəhbərliyinin anlaşması kimi ən sadə və ən ağrısız variantın əvəzinə daha hansı mürəkkəb kombinasiyalar irəli sürülmürdü. Demokratik mühit yaranmayana qədər seçkilərdə iştirak lazım deyil, boykot bütün dunyaya İlham Əliyevin qeyri-legitimliyini sübut edəcək, müxalifət ən geniş koalisiyada vahid namizədini irəli sürməlidir və.s. və i.a. Sonralar Cəmil Həsənli de-fakto məhz bu iki partiyanın namizədi oldu.
Məhz Müsavat və AXCP-nin, eləcədə gənclər təşkilatlarının üzvləri hörmətli professorun seçki kampaniyasının ağırlığını çiyinlərində daşıdılar. Digər partiyalar heç nə etmədi, lakin C.Həsənli taleyin kinayəsi ilə geniş koalisiyanin namizədi sayılırdı.
Yanvarda namizədliyi irəli sürüldükdən 9 gün sonra Lənkəranda İsa Qəmbərə qarşı hücum, Tofiq Yaqublu və İlqar Məmmədovla başlayan həbslər, iqtidar yetkililərinin bir sıra açıqlamaları sübut edirdi ki hakimiyyət rəqiblərin seçkilərdə iştirak qərarından yumşaq desək, məmnun deyil. Artıq ilin əvvəlində duyulan, ilin ortalarında isə açıq-aşkar görünən bu faktdan sonra, üstəlik, 2008-ci ilin uğursuz təcrübəsinin fonunda boykot təklifində təkidi anlamaq heç cür mümkün deyildi.
Vaxt isə sürətlə gedir, seçkilərə sayılı aylar, həftələr qalırdı. Müxalifət düşərgəsində isə bir şey dəyişmir, mübahisələr və Müsavata yönəlik ittihamlar davam edirdi.
İsa Qəmbərin gedişləri və ona reaksiyalar...
R.İbrahimbəyovun namizədliyinin qeydə alınmasının müşküllüyünü nəzərə alan İsa Qəmbər öz namizədliyinin hələ qüvvədə olduğunu bəyan edirdi. Aydın idi ki, bu addım boykot təkliflərinə cavab və Müsavatın bu və ya digər şəkildə seçkilərdə iştirak edəcəyi haqqında demarş idi. Lakin müvafiq açıqlamalar və izahatlara baxmayaraq, Müsavata qarşı yeni kampaniya vüsət aldı. Sən demə, İsa Qəmbər hakimiyyətə manevr imkanı yaradır, iqtidara işarə verir və s.və i.a. Bir sözlə, əks mövqedə olanlar R.İbrahimbəyovun namizədliyinin qeydə alınmasını seçkilərdə iştirakın yeganə və vazkeçilməz şərti kimi irəli sürürdülər. Qeydə almasaydılar biz də “konduktorun acığına piyada gedəcəkdik”, yəni boykot! Hakimiyyətin boykota maraqlı olduğu “Polişinel sirri” olduğu halda bu ultimativ mövqenin əhəmiyyəti yalnız onu iddia edənə məlum idi.
Burada bir məsələyə də toxunmaq istəyirəm. 2002 və 2009-cu illərdə Konstitusiyasında “bir adama uyğun dəyişiklik” əməliyyatına qarşı çıxan, daim hüquqi dövlət və qanunun aliliyi prinsiplərini müdafiə edən müxalifətin indi öz namizədinə görə kanstitusiyanın pozulmasını tələb etməsi bərbad təsir bağışlayırdı. Özu də söhbət Əsas qanunun elə bir maddəsindən gedirdi ki, heç zaman müxalifətin tənqidinə və etirazına məruz qalmamışdı. Sevindirici hal isə yalnız o idi ki, mənsub olduğum Müsavat Partiyasının üzvləri prinsiplərə belə elastik münasibətləri ilə seçilmirdilər.
Daha bir neçə gün Müsavata hücumarla itirildi. Nəhayət, İsa Qəmbər ehtiyat namizəd təklifi ilə çıxış etdi. Başqan bildirdi ki, özü buna iddialı deyil və həmin namizəd müəyyən olunduqdan sonra isə oz namizədliyini geri çəkəcək. Gözləmək olardı ki, bu sadə, anlaşıqlı mövqe partiyaya hücumları səngidəcək. Amma və lakin… Yeni təklif də top-tüfənglə qarşılandı, ölçülüb-biçilməmiş və s. adlandırıldı. Əlbəttə ki, onu yenə hakimiyyət dəyirmanına tökülən H2O kimi qiymətləndirdilər.
“Azadlıq” qəzetinin ixtisarı...
O, qanlı-qadalı günlərdə özümlə bağlı diqqətəsayan hadisə oldu.Vəkilim Nemət Kərimli vasitəsilə Mediaforum saytının suallarını cavablandırmışdım. Bu qiyabi müsahibəni “Azadlıq”qəzeti də çap etmişdi. Lakin materialın siyasi baxımdan ən vacib, xüsusi diqqətlə cavablandırdığım hissəsi – ehtiyat namizəd təklifinin lehinə və boykotun əleyhinə söylədiyim fikirlər ixtisar olunmuşdu. Bunu bəlkə də qəzet nömrəsində yer çatışmazlığı ilə izah etmək olardı. Ancaq dostlardan öyrəndim ki, o hissələr qəzetin saytında da yer almayıb. Halbuki, həmin vaxtlarda əks fikirlər, o cümlədən AXCP funksionerlərinin dilindən gen-bol tirajlanırdı. Bunlara rəğmən, Milli Şurada seçkilərdə iştirak və Cəmil Həsənlinin namizədliyi təklifləri keçəndən sonra “Azadliq” qəzeti bunu AXCP-nin siyasətinin uğuru kimi qələmə verdi. İsa bəyin təklifinin əleyhinə səs-küylü etirazlar edənlərin də bir qismi indi səssiz-səmirsiz lehinə səs verdilər. İsa Qəmbər də sözünü tutaraq namizədliyini geri götürdü. Lakin Müsavatı hakimiyyətlə flörtdə günahlandıranlar bu dəfə partizan susqunluğu nümayiş etdirdilər.
R.İbrahimbəyovun namizədliyi hansı fövqəladə hadisələrə səbəb olacaqdı ki, seçkilərdə iştirakı yalnız onunla əlaqələndirirdiniz? Lerikin və Gədəbəyin ucqar kəndlərində əhali seçki məntəqələrinə axınmı edəcəkdi, Bakıda qlamur planuton polis barrikadalarınımı yaracaqdı?
Yarim il öncə nifaq alması olan və külli vaxt, enerji, əsəb sərf edilən bu mövzuları artıq kimsə dartışmır. Seçkilərdə iştirakın və ehtiyat namizədin seçilməsinin yanlış olduğunu iddia edən fikirlər gözə dəymir. Amma zamanında bunlara görə Müsavata nə qədər çirkab atıldı, nələrdə ittiham olunmadıq? Məlum səbəblərdən mətbuatla məhdud tanış ola bilirdim, sosial şəbəkələrdə yazılanları isə yalnız təxmin edirdim. Zatən, bunun üçün təcrübəm kifayət qədərdir. Seçki kampaniyası arxada qaldıqdan və hər şey aydınlaşdıqdan sonra təkliflərimizin əleyhdarlarından soruşmaq istərdim:
R.İbrahimbəyovun namizədliyi hansı fövqəladə hadisələrə səbəb olacaqdı ki, seçkilərdə iştirakı yalnız onunla əlaqələndirirdiniz? Lerikin və Gədəbəyin ucqar kəndlərində əhali seçki məntəqələrinə axınmı edəcəkdi, Bakıda qlamur planuton polis barrikadalarınımı yaracaqdı? Axı fors-major bir hadisənin olmayacağı aydın idi. Seckilərdə iştirak yalnız xalqla təmas və hakimiyyətin qeyr-legitimliyini sübut etmək üçün lazım idi. Bu halda R.İbrahimbəyovun namizədliyini bu qədər isterik şəkildə müdafiə etmək, seçkilərdə iştirak və yeni namizədlə bağlı qərarı mümkün olan son günə qədər ləngitməkdə, müxalifəti seytnot vəziyyətinə salmaqda məqsədiniz nə idi? Bunun əvəzində daha çevik olmaq, vaxtı, enerjini, yazı-pozunu seçkilərdə daha yaxşı iştiraka sərf etmək düzgün olmazdımı?
Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyovun dövrümüzün mədəniyyət korifeylərindən olması şübhəsizdir. Lakin ədəbi dühasının avtomatik olaraq siyasi bacarıqlarına niyə şamil edilməsini heç anlamadım. Hansı meyarlarla ən uğurlu namizəd hesab olunurdu? Bütün il ərzində məni buna inandıracaq bircə arqumentlə rastlaşmadım. Bu fikir sadəcə aksiom kimi iddia və qəbul olunurdu. Halbuki əksini, uğurlu namizəd olmamasını təsdiq edən kifayət qədər arqumentlər göstərmək olar. Məqalənin bu yerində bir başqa kağıza R.İbrahimbəyovun müxalifətin namizədi olmasına fikrimcə mane olan cəhətlətini yazdım. On ədəd belə cəhətini xatırladım. Amma düşünürəm ki, bunların hamısını yazmaqla xoşagəlməz səhnə yaranır və ədibimizə qarşı hörmətsizlik görüntüsü formalaşdıra bilər. Halbuki, mən bununla Rüstəm müəllimi qınamaq fikrində deyiləm. Sadəcə hörmətli sənətkarımız siyasət adamı deyildi. O özü də bunu dəfələrlə etiraf etmişdi. Bəlkədə buna görə o namizəd olmaq da istəmirdi. Lakin bəzi insanlarımız şəxsləri əvəzedilməzliyə qədər bütləşdirə bilirlər.
Lakin mövzudan bir qədər yayındıq. Hüquqi cəhətdən namizədliyini irəli sürə bilməyən bir şəxsin ən uğurlu namizəd sayılması qəribə bir hadisə idi. Təsəvvür edin ki, bir atlet starta bele çıxa bilmir, amma azarkeşlər onun finişə birinci çatacağına inanır və başqalarını da inandırmağa çalışırdılar.
Digər tərəfdən, xatırlayaq ki, seçki kampaniyası zamanı müxalifət üçün ən uğurlu fraqment Cəmil Həsənlinin televiziyada 6 dəqiqəlik çıxışları idi. Azərbaycan dilini səlis bilməyən rusdilli R.İbrahimbəyovun çıxışlarının anoloji effekt yaradacağını mən şəxsən güman etmirəm. Bundan əlavə, tam bir estet olan Rüstəm müəllimin S. Novruzov, Z. Oruc, H. Haciyev, A. Əlizadə həyasızlığı və tərbiyəsizliyi qarşısinda hansı hala düşəcəyini təsəvvür belə etmək istəmirəm.
R.İbrahimbəyov demokratik prinsipləri əxz etmiş birisi deyildi. Onun siyasi görüşləri “pis prezident yerinə yaxşısı”, yəni Şərqin utopik “ədalətli padşah” anlayışından uzağa getmirdi.
Bu və sadalamaq istədiyim digər səbəblərdən R.İbrahimbəyov müxalifətin liderinə çevrildikdən sonra onun fikirlərini və müsahibələrini səksəkə ilə oxuyurdum. Hər dəfə prinsiplərimizə, demokratik düşüncəyə zidd olan, “montaj kimi vacib işim vardı, ona görə Londona getmədim” sayaq fikirlərlə rastlaşmaqdan qorxurdum. Buna görə də Rüstəm müəllimin namizədliyi qeydə alınmayanda üzərimdən sanki yük götürüldü.
Milli Şura və seçkilər
Milli Şuraya yağdırılan təriflərin də sayı-hesabı yoxdur. İndiyə qədər birləşə bilməyən müxalifət birləşdirilib, mümkün olmayan mümkünləşdirilib. Doğurdan da MŞ heyrətamiz təşkilat idi. Son ildə yalnız müalifətə çirkab atmaqla məşğul olan Rəsul Quliyevlə bu çirkabların hədəfləri bir blokda birləşmişdilər. Son 8 ildə siyasətdə olmayan, ölkəni silkələyən bütün hadisələrə teoton soyuqqanlığı ilə yanaşıb susan Lalə-Şövkət Hacıyeva və ALP komadan ayılaraq MŞ-da böyük tərkibdə təmsil olunmuşdu. Dünyəvi dövlət və Avrointeqrasiya tərəfdarları ilə bu məsələlərə mənfi yanaşan İslam Partiyasının nümayəndələri bir ittifaqda idilər.
Milli Şüra adlı qurum seçki öncəsi uzun ayları, həftələri sonu görünməyən, bitməz-tükənməz mübahisələrlə, ittihamlarla bada verdi
Bütün bunların nəticəsi idi ki, siyasət tarixində nadir rast gəlinəcək, bəlkədə hec rast gəlinməyəcək hadisələr baş verirdi: seçki blokunun bəzi üzvləri blokun namizədinin və digər üzvlərinin əleyhinə təbliğat aparırdılar; blokda təmsil olunan partiya başqa namizədi dəstəkləyirdi. Teledebatlar zamanı aslan kimi döyüşən Cəmil Həsənli bircə dəfə köməksiz vəziyyətə düşərək deməyə söz tapmadı. O zamankı hakimiyyətin “vəkil”lərindən biri MŞ əleyhinə R.Quliyevdən sitat gətirdi.
Yaşanan bu hallardan sonra bu gün də Müsavat Partiyasına edilən hücumlarda iddia olunur ki, MŞ bütün müxalifətin səylərinin birləşdirilməsi, ”Beşiktaş” komandasının marşında deyildiyi kimi “gücünə güc qatmağa gəldik” imiş. Allah xatirinə, hansı səydən söhbət gedir? Gücümüzə qatdıqları gücü harada gördünüz? İmzaların 42 minini Müsavat və AXCP, 3 minini isə gənclər toplayacaqdılarsa, bütun təbliğat, təşviqat, müşahidə, sənədləşdirmə işlərini də onlar həyata keçirəcəkdilərsə, digərlərinin ümumi işə faydası nədən ibarət oldu? Müsavatı qınayanlar niyə bu haqda konkret bir fikir yazmayıb, pafoslu ümumi sozlər işlədirlər? Konkret bir şey tapmağa çətinlik çəkdiklərinə görəmi? Müsavata hücum edən xanmlar və bəylər, lütfən, arxada qalan seçki kampaniyasına realist nəzərlərlə baxın. Milli Şüra adlı qurum seçki öncəsi uzun ayları, həftələri sonu görünməyən, bitməz-tükənməz mübahisələrlə, ittihamlarla bada verdi. Əhalinin seckilərlə maraqlanan hissəsinin bir qisminin həvəsi də bunlarla öldürüldü.
Milli Şura müxalifətin seçkilərə ən pis şərtlərlə və seytnot vəziyyətində getməsinə səbəb oldu. Və səmimi olsaq, faktiki nəticələr hec də ürəkaçan olmadı. Nə əhalini seçkiyə cəlb edə bildik, nə də az-maz əhəmiyyətli müqavimət göstərdik. Mən nə hörmətli Cəmil Həsnlinin, nə də seckilərdə zəhmət çəkən dostlarımızın zəhmətini yerə vurmaq istəmirəm. Mümkün şərtlər daxilində onlar optimal fəaliyyət göstərdilər. Sadəcə daha əvvəl olunası işlər olunmadı, atılası addımlar atılmadı.
Bu gün həmin insanlar MŞ-nın fəaliyyəti haqqında difiramblar səsləndirirlər. Amma bir anlıq təsəvvür edək ki, Müsavat Partiyası təklikdə seçkilərdə iştirak edib və analoji nəticələr göstərib. O zaman eyni insanların eyni nəticələr haqqında tamam başqa fikirlər səsləndirəcəyinin şahidi olacaqdıq. “Xalq daha İ.Qəmbərə inanmır”, “əhali eyni namizəddən yorulub” “bizim namizəd daha yaxşı nəticə göstərərdi” kimi iddialardan tutmuş, seçkilərdə iştirak edib legitimlik donu geydirdiyinə görə… müxtəlif versiyalı çirkaba qədər eşidəcəkdik.
Bunların hamısını əvvəldən bilirdik və hazır idik. Lakin seckilərdə iştirak vacib idi. İllərlə xalqın üzərinə yağdırılan yalanda həqiqət nəfəsliyi açaraq xalqa xitab etmək ücün lazım idi. Diktatura üzərində 2013-cü ildə olmayacaq, lakin qaçılmaz olan gələcək qələbə üçün lazım idi. O qələbənin başında bəlkə də başqa partiya və başqa lider dayanacaq, amma xalqın qələbəsi, deməli müsavatçılığın qələbəsi olacaq. Buna görə də İsa Qəmbər başda olmaqla biz müsavatçılar fədakarlığa, eləcədə eyni düşərgədən olanların ittihamlarına və çirkablarına hazır idik.
Hakimiyyət MŞ-dan qorxur. Yox, lap üyüdür ” buffonadası kimi aldatmağa hesablanıb? Dəhşətli bir kəmfürsətliklə Müsavatın üzərinə getmək, “onu cümlə xəyanətlərə bais” elan etməyəmi?
Müsavat səhvdirsə…
Tutalım, müsavatçıların arqumentləri yanlışdır və Milli Şura doğrudan da müsbət işlər görüb. Hətta belə olduğu halda guya “MŞ artıq hakimiyyəyi yıxmaq üzrə imiş və yalnız Müsavat buna mane oldu” tipli görüntünün qeyri real olduğunu gözəl bilirik.
Nə vaxta qədər mədəni ayrılmağı bacarmayan oğlan evinin qıza, qız evinin oğlana iftiralar atdığı cütlükləri xatırladacağıq?
“Hakimiyyət MŞ-dan qorxur. Yox, lap üyüdür ” buffonadası kimi aldatmağa hesablanıb? Dəhşətli bir kəmfürsətliklə Müsavatın üzərinə getmək, “onu cümlə xəyanətlərə bais” elan etməyəmi? O zaman xatırladım ki, Müsavatın zəifləməsi, nüfuzdan salınması milli maraqlara deyil, cılız partiya maraqlarına xidmət edir. Zamanında “Azadlıq” blokundan çıxanda da eyni cəhdlərin şahidi olmuşduq. Faydasızlığını nə tez unutdunuz? Nə vaxta qədər mədəni ayrılmağı bacarmayan oğlan evinin qıza, qız evinin oğlana iftiralar atdığı cütlükləri xatırladacağıq? Əgər təşkilatlar xətti-hərəkət baxımından müxtəlif fikirlərə malikdirlərsə, buna normal yanaşıb, ”millətimizə və dövlətimizə xeyirli uğurlu olsun”, deyərək hərəmiz düzgün bildiyimiz yolla getsək, daha normal, daha sivil olmazmı?
Cəbhəçilərə müraciət
Əziz cəbhəçilər və “Azadlıq”qəzetinin əməkdaşları. Həbsimin ilk günlərindən etiraz səsinizi ucaltdığnız və hüquqlarımın müdafiəsində iştirak etdiyiniz üçün sizlərə çox minnətdaram. Amma…
“Axırıncı aşırım” filmində diqqətimi çəkən bir məqam var. Yaranmış vəziyyətin dinc yolla həllinə, əhalinin xilasına çalışan Abbasqulu bəyin fəaliyyətinə əhali özü dəhşətli biganəliklə yanaşır. Sonda isə onun ölüm xəbərini eşidəndə əl-ayağa düşüb dəfninə tələsirlər. Bu məqam cəmiyyətimizin o zamankı və indiki halını real xarakterizə edir. İttihamlarla bir-birimizi zəif düşürüb, sonra da həbsimizdə hüquqlarımızı müdafiə etmək heç də rasional deyil. Həbsimdən az öncə Müsavata atılan iftiralara cavab verməkdən yorulub təxminən belə bir status yazmışdım: “Əsəblərim lap korlanıb. İnternetsiz bir yer olsaydı, məmnuniyyətlə 1 ay dincələrdim”...
Hakimiyyət də “sağ olsun”, məni belə bir yerə göndərdi. Düzdür, müddət istədiyimdən qat-qat çox olacaq. Amma bu gün də mətbuatda yazılanları oxuduqca, sosial şəbəkələrdə baş verənlər haqqında məlumat aldıqca, internetsiz olmağımdan məmnunluq duymadığımı söyləsəm, yalan olar. Heç birimiz tam azad deyilik. Amma o nisbi azadlığınızı bir-birinizə zəhər etməyin.
11-12 yanvar 2014-cü il, Dustaq qatarı, Bakı-Lənkəran
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?