Bankların qeyri-şəffaf olmasının ziyanını biz müştərilər çəkirik
Azərbaycan Ötən il sığortalanan əmanətlərin faiz dərəcəsi 12%-dən 10%-ə salınarkən həm rəsmilər, həm də ekspertlər bu addımın kredit faizlərinə də təsir göstərəcəyini bildirirdilər. ANS PRESS-in məlumatına görə, əsas kimi o göstərilirdi ki, bankların kredit portfelində əmanətlər böyük yer tutduğuna görə, əmanət faizini aşağı salan bank, kredit dərəcəsinə də yenidən baxa bilər.
Amma gözləntilər özünü doğrultmadı.
Aparılan müşahidələr göstərdi ki, ölkədə yenə də bank faizləri kifayət qədər yüksəkdir. Bu gün ölkədə istehlak kreditləri 20-30%-lə təklif olunur.
Faizlərin aşağı düşməməsi yeni bir tendensiya ilə bağlıdır. Belə ki, son zamanlar əksər kommersiya bankları vətandaşlardan depozit qəbul edərək bu pulları kredit şəklində verməkdə maraqlı görünmürlər. Bunun səbəbini isə onunla izah edirlər ki, banklar depozit cəlb etmək üçün xidmət şəbəkələrini genişləndirməli və əlavə xərclərə düşməlidirlər. Amma bankların bəziləri kredit faizini endirməyin mümkün olduğunu etiraf edir.
Bəs banklar buna niyə getmir? Onların da öz əsasları var. Bu risklə bağlıdır. Banklar vaxtı keçmiş kreditlərini məhkəmə yolu qaytara bilmədiklərini deyirlər. Bunda ölkənin məhkəmə sistemindəki çatışmazlığı günahlandırırlar.
Vəziyyətdən çıxış yolu nədədir? Ekspertlərin fikrincə bank kreditlərinin ucuzlaşması üçün onlara böyük miqdarda ucuz pullar lazımdır. Bu isə beynəlxalq maliyyə qurumlarından, xarici banklardan cəlb edilə bilər. Amma bu təşkilatlar yalnız beynəlxalq reytinqə malik olan, açıq və şəffaf banklara ucuz vəsaitlər ayırır. Bir sözlə bankların qeyri-şəffaf olmasının ziyanını biz müştərilər çəkirik. Kimisi faiz qaytara bilmir, kimisi kreditə aldığı avtomobili aparıb bankı təhvil verməli olur, kimisi də illərlə kredit ödəməyinə baxmayaraq son nəticədə evini itirir. Vəziyyətdən çıxış yolu tapmaq yükü isə təbii ki, hökumətin üzərinə düşür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?