Ekspertlərin fikrincə, gömrük və vergi xidmətinin korrupsiya hesabatında yer almaması korrupsiyanı məişət səviyyəsinə endirmək cəhdidir Korrupsiya İdarəsinin ötən illə bağlı illik hesabatı birmənalı qarşılanmır. İctimaiyyətə açıqlanan 2013-cü illə bağlı hesabatda yalnız təhsil, səhiyyə və sosial təminat sahəsi “qaralanıb”. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin açıqladığı hesabatda deyilir ki, ən çox korrupsiya hallarına təhsil, səhiyyə və sosial təminat sahəsində rast gəlinib.
2013-cü il ərzində idarənin istintaq şöbəsi 367 şəxs barəsində 201 cinayət işinin araşdırılmasını tamamlayaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Səhiyyə sahəsində 22 şəxs barəsində 14 cinayət işi, təhsil sahəsində 25 şəxs barəsində 14 cinayət işi, sosial təminat sahəsində 16 şəxs barəsində 4 cinayət işi açılıb.
Ölkənin ən çox korrupsiyalaşmış strukturlarından sayılan vergi və gömrük orqanlarının adının bu siyahıda yer almaması təəccüb doğurur. Qarşı tərəf bunu həmin qurumlardan şikayətlərin daxil olmaması ilə izah edib. Ekspertlər isə bildirirlər ki, gömrük, vergi kimi irimiqyaslı korrupsiya sahələrinin hesabatda yer almaması ölkədəki korrupsiyanı məişət səviyyəsinə endirmək cəhdidir.
İqtisadçı ekspert Qubad İbadoğlunun sözlərinə görə, əslində hesabatda irəlidə olan sahələrdə vəziyyət düzəlməyə doğru gedir: “Əks proses gedir. Son dövrlər təhsildə, sosial sferada, hətta səhiyyədə müsbət dəyişikliklər var. Yeni təhsil sisteminin tətbiqindən sonra imtahan dövründə müəllimlə tələbə arasında əlaqənin aradan qaldırılması nəticəsində korrupsiyanın səviyyəsində əvvəlki illərlə müqayisədə azalma müşahidə olunur. Amma əksinə, iqtisadi sektorlarda dövlətin fiskal siyasətini həyata keçirən, dövlət büdcəsinə gəlirlər yığan, dövlət büdcəsinin mədaxilini təmin edən təşkilatların fəaliyyətində daha çox korrupsiya əməlləri var. Bu faktlar isə hazırlanan hesabatlarda öz əksini tapmır. Çünki həm vətəndaş cəmiyyəti olaraq, həm də bütövlükdə korrupsiya ilə mübarizə aparan təşkilatların bu sektora daxil olub orada monitorinq aparmaq, korrupsiyanın səviyyəsini ölçmək üçün tədqiqat apartmaq imkanları demək olar ki, yoxdur. Çünki bu sektorlardakı korrupsiyanın miqyası daha genişdir, böyükdür. Xüsusən də ölkədə gizli iqtisadiyyatın əsas sütunları elə gömrük və vergi sistemidir. Azərbaycanda dövlət büdcəsinin strukturuna nəzər salanda görəcəyik ki, ölkədə xüsusilə də bu iki sektor da daxil olmaqla korrupsiyanın səviyyəsi bizim maliyyə potensialımıza imkanlarımıza uyğun deyil. Yəni əslində mən qeyd edərdim ki, bu gün sosial sfera saydığımız təhsildə, səhiyyədə, eyni zamanda sosial müdafiə sistemində korrupsiyadan söhbət getmir. Orada əslində müəyyən səviyyədə rüşvət var. Rüşvətin də miqyası o qədər də geniş deyil. Amma əsas korrupsiyanın fəaliyyət göstərdiyi və biznesin qazanc imkanlarının geniş olduğu sektorlardadır. Buna da nəzarət edən dövlət orqanları vergi və digər orqanlardır, idxal-ixrac əməliyyatlarında isə gömrük orqanlarıdır. Düşünürəm ki, orada geniş və irimiqyaslı korrupsiyanın olması həmin sektorlarla bağlı qiymətləndirmənin aparılmasına ciddi baryerlərin yaradır. Ona görə belə hesabatlarda adətən ölkədəki korrupsiyanın səviyyəsini həm məişət səviyyəsinə endirmək üçün sosial, təhsil və səhiyyə sektorlarını daxil edirlər. Çünki bu sektorlardakı korrupsiya insanlarla bağlıdır, məmurlarla bağlı deyil, sistem xarakteri daşımır. Amma vergi və fiskal korrupsiya isə sistem korrupsiyadır, mərkəzləşmiş korrupsiyadır. Ona görə də həmin hesabatlarda əks olunmur və leqallaşdırılmır. Bununla da çalışırlar ki, Azərbaycanda korrupsiyanın sistem xarakteri daşımadığını göstərsinlər və məişət korrupsiyası səviyyəsinə endirməklə bütövlükdə korrupsiyanın geniş olmadığını nümayiş etdirsinlər”.
İqtisadçı Qadir İbrahimli də illik hesabatda qeyd edilən faktları normal hesab etmir: “Anormal bir sənəddir. Ölkədə hamıya bəllidir ki, ən çox korrupsiyalaşmış struktur Gömrük Komitəsidir. Burada idxal və ixrac əməliyyatları zamanı çox nəhəng korrupsiya faktları baş verir. Sahibkarlardan qeyri-rəsmi ödənişlər alırlar ki, həmin ödənişlər az qala rəsmiləşdirilmiş formada istənilir. Yəni korrupsiyanı o qurumda sanki leqallaşdırıblar. Burada korrupsiya o həddədir ki, hətta hərdən sərhəd-keçid məntəqələrində lokal qarşıdurmalara gətirib çıxarır. Gömrük işçiləri ilə vətəndaşlar arasında qarşıdurmalar yaranır. Bu cür gömrük sisteminin adının korrupsiya hesabatında olmaması anormallıqdır. Böyük ehtimalla, gömrük xidmətinin rəhbərliyi bu kimi xəbərlərin qarşısını alır, hesabatlara düşməsinə imkan vermir. Şikayətlər isə saysızdır, hətta mətbuata da çıxır. Yəqin ki, Gömrük Komitəsi rəhbərliyi hansısa yollarla bunun ictimailəşməsinin qarşısını alır. Eyni ilə vergi xidmətini də bura daxil etmək olar, hətta nəqliyyat sektorunu da”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?