Raziyə Dəmirova: “Erkən yaşlarından atasını itirən Oqtay Dəmirov bu gün dörd övlad atasıdır və əlill olduğuna görə dövlətdən cəmi 44 manat müavinət alır”
Bölgələrdə sosial əhəmiyyət kəsb edən problemlərin tüğyan etməsinə səbəb olan amillərdən ən başlıcası, yerli vəzifə sahiblərinin üzərinə düşən vəzifələrinin öhdəsindən lazımınca gəlməmələri və verilmiş tapşırıqlara biganə yanaşmalarıdır. Belə bir səbəblər üzündən də, yerlərdə vətəndaş narazılığı “pik nöqtə”yə çatır, vəzifə sahiblərinə qarşı hədsiz dərəcədə inamsızlıq hissi formalaşır və digər xoşagəlməz olaylar tüğyan edir. Baş verənləri təhlil etdikdə o qənaətə də gəlmək olur ki, vəzifə sahiblərinin bu cür idarəçiliyinin, bu cür yanaşma tərzinin arxasında, məhz ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi idarəçiliyə xəyanət etmək məqsədi durur. Çünki, cənab Prezident həmişə sosial əhəmiyyət kəsb edən problemlərə xüsusi diqqət yetirir və həlli istiqamətində vəzifə sahiblərinə, hər bir dövlət məmuruna lazımi tapşırıqlarını da verir. Hətta o, “mən kimi hansı vəzifəyə təyin edirəmsə gedin əhali ilə işləməyi bacarın, onların problemlərini həll edin, onların xidmətçisi olun” deyə, tapşırıqlarını verdiyini də bildirir. Amma, baş verənlərə bugünkü reallığqdan yanaşdıqda və Cəlilabad rayonunun bir çox ərazilərində, xüsusilə də Muğan kəndində yaşananları təhlil etdikdə o qənaətə gəlirik ki, ölkə rəhbərinin vermiş olduğu tapşırıqlar nəinki adı çəkilən rayonda icra olunmur, hətta tapdaqlar altına da atılır. Məhz, bunu onunla isbat edə bilərik ki, bir neçə gün bundan əvvəl Cəlilabad rayonu Muğan kənd sakini Dəmirova Raziyə Güloğlan qızı redaksiyamıza müraciət edərək olduqca acınacaqlı durumda yaşamalarından danışdı. Hətta o, onu da vurğuladı ki, “mən uzun müddətdir ki, müəyyən sosial problemlərimin həlli ilə bağlı Muğan kənd icra nümayəndəliyinə və kənd bələdiyyəsinin sədrinə, RİH-nin başçısına, digər səlahiyyət sahiblərinə dəfələrlə müraciətlər etsəm də, müraciətlərim elə müraciət olaraq qalmaqdadır. Yəni, bir kimsə mənim müraciətlərimə heç cür əhəmiyyət vermir. Hələ bu azmış kimi 1983-cü il təvəllüdlü övladım Dəmirov Oqtay Xankişi oğlunun üz-üzə qaldığı problem də, bu gün bir ana olaraq ürəyimi ağırıdır, məni sızıldadadır. Çünki, 2001-ci ildə oğlum həqiqi hərbi xidmətə yola düşdü və xidməti dövrünün daha çox hissəsini sərhəd ərazilərində keçirdi. Oqtay 2002-ci ilin may ayında xidməti borcunu yerinə yetirərkən ağır xəstələnir və bir neçə ay Qaradağ rayonunun Ələt qəsəbəsindəki hospitalında da müalicə olunur. Amma son anda o, ordudan yarmçıq təxris olunur. Buna da səbəb onun vərəm xəstəliyinə tutulması olur ki, bununla bağlı Oqtaya 24 sentyabr 2002-ci il tarixdə MN Mərkəzi Hərbi Həkim Komissiyasının sədri M.Rəsulovun təsdiq etdiyi şəhadətnamə də verilib. Bu gün o hal da qəbulediləsi deyil ki, ona hərbi əlil statusu deyil, mülki əlil statusu veriblər. Bu cür addımın atılması da heç cür qəbuledilməzdir. Erkən yaşlarından atasını itirən Oqtay hal-hazırda dörd övlad atasıdır və əlil olduğuna görə dövlətdən cəmi 44 manat müavinət alır. Əmək qabiliyyətini tamamilə itirdiyindən, heç bir fiziki işlə də məşğul ola bilmir. Yaşadığımız evin olduqca darısqal və qəzalı vəziyyətdə olması isə, dərdimizin üstünə yeni bir dərd gətirir. Çünki, səkkiz nəfərlik ailə üzvlərimiz belə bir yerdə yaşayırıq. Dolanışığımızın minimum həddə olması və heç bir gəlir yerimizin olmaması səbəbindən, bu gün oğlumun davamlı müalicəsi ilə bağlı dərmanlarını belə ala bilmirik. Oqtay rayondakı Vərəm xəstəxanasında qeydiyyatda olsa da, ona müalicəsini lazımınca davam etdirmək imkanı yaradılmır. Yəni, rayonun Səhiyyə İdarəsi tərəfindən oğluma lazım olan dərmanı və iynələri vermirlər. Oqtay 7 il ıı qrup əlil olub və səhhətindəki problem də ildən-ilə ağırlaşıb. Yeddi ildən sonra TSEK-nın üzvlərinə istənilən “haqq-hesab”ı verə bilmədiyimizdən, ona ııı qrup əlillik dərəcəsi verdilər. Bu haqsızlıq deyilmi? Övladıma və bütövlükdə ailə üzvlərimizə bəslənilən ögey münasibətin varlığı qalsın bir yana, təqribən 15-20 sotluq əkin sahəmizin su basması səbəbindən yarasız halda olması da, bu gün bizi daha çox narahat edən məsələlərdəndir. Çünki, əkin sahəmizin yarasız halda olması heç cür təsərrüfat fəaliyyəti ilə məşğul olmağa imkan vermir, bu da ailəmizin dolanışığını kəsən səbəblərdəndir. Maddu durumumuzun göstəricisi də imkan vermir ki, yarasız hala düşmüş əkin sahəmizin yaxınlığından kanal çəkək və əmələ gələn problemin qarşısını ala bilək. Bu problemlə bağlı bir neçə dəfə aidiyyəti qurumların qarşısında məsələ qaldırsaq da, hər dəfə bizə minbir bəhanə danışıblar, müəyyən yollarla getgələ salıblar”. Faciə odur ki, bu gün təkcə əkin sahəsini, fərdi yaşayış evini su basan və illər uzunu belə bir problemin varlığı ilə üz-üzə qalan təkcə Dəmirovlar ailəsi deyil, digər Muğan kənd sakinləri də var ki, onlardan biri də Həziyev Zaur Allahşükür oğlugilin ailəsidir. Yaşanan problemlə bağlı Zaur Həziyev bizimlə söhbətində bildirdi ki, “mən iş yeri tapa bilmədiyimdən, bu gün heç bir əmək fəaliyyəti ilə məşğul olmuram. Belə bir səbəb üzündən də, dolanışığımız olduqca ağırdır. Bu kimi problemlərim qalsın bir yana, ailəlikcə yaşadığımız birmərtəbəli evin olduqca nəmişli olması isə, dərdimizin üstünə yeni bir dərd gətirməkdədir. Problemin həlli ilə bağlı yerli vəzifə sahiblərindən dəfələrlə köməklik istəsəm də, problemin aradan qaldırılmasını xahiş etsəm də, bir kimsə bizi saya salmır. Belə bir səbəblər üzündən də, azyaşlı övladların daim xəstəliyə düçar olur. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yaşadığımız darısqal və şəraiti olmayan mənzilimizə baxış keçirsələr də, son anda onlar da heç bir tədbir görmədilər”. Muğan kəndinin problemlər məngənəsində boğulan sakinlərindən biri də, Dumiyev İsmayıl Balayar oğlugilin ailəsidir. Çoxsaylı problemlərlə üz-üzə qalan kənd sakini bizimlə söhbətində bildirdi ki, “biz ailədə yeddi nəfərik. Buna baxmayaraq bu günə kimi bizim ailəyə nə pay torpağı, nə də həyətyanı torpaq sahəsi verən olmayıb. Əldə etdiyim bəzi məlumatlara görə, bizə məxsus pay torpaqlarını kənd icra nümayəndəsi kənardan gələn imkanlı şəxslərə satıb. Belə bir halın varlığı da, bu gün bizim ailəni çıxılmaz duruma salıb”. Ümumiyyətlə olub-keçənlərə diqqət yetirdikdə o da aydın olur ki, Cəlilabad rayonu daha çox sosial problemlər məngənəsində boğulan rayonlardandır, bəlkə də lap birincisidir. Çünki, adicə adı çəkilən rayonun Muğanlı kəndində olmağımız, bizi əksər mətləblərdən də xəbərdar etdi. Bizə məlum olan o oldu ki, Cəlilabad rayonunda sosial-iqtisadi problemlər tüğyan edir, sakinlərin narazılığı “pik nöqtə”yə çatır, ölkə rəhbərinin vermiş olduğu tapşırıqlara heç bir halda məhəl qoyulmur. İcra başçısı və digər iri ranqlı vəzifə sahibləri isə, onlara həvalə edilmiş vəzifələridən yerli sakinlərin problemlərini deyil, daha çox şəxsi məsələlərini həll etməklə məşğul olurlar. Belə bir halın varlığı da, sakinlərin ümumi narazılıq hissinin daha çox artmasına səbəb olmaqdadır. Mövzu diqqətimizdədir. Araşdırmamız davam edəcək. Odur ki, bizi izləməyi unutmayın.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?