Birinci instansiya məhkəməsinin hakimləri onu həbsxanaya göndərdi, apelyasiya məhkəməsinin hakimləri isə azad etdi
Göyçay-Ucar avtomobil yolunun 1-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Göyçay rayon sakini, 1978-ci il təvəllüdlü Zahid Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Zahid Əzizov 9 noyabr 2016-cı ildə saat 10.00-da “VAZ 21053” markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydasını pozub. O, sürət həddini aşan zaman yolu keçən piyada Güləhməd Cavadov u vurub. Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Zahid Əzizova Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydasını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. Onun barəsində toplanmış material baxılması üçün Şəki Ağır
Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmənin hökmü ilə Zahid Əzizov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.
Hökmdən narazı qalan Zahid Əzizov apelyasiya şikayəti verib. O, şikayətində cəzasını yüngülləşdirilməsini xahiş edib. Onun şikayəti araşdırılması üçün Şəki Aeplyasiya Məhkəməsinə göndərilib.
Hakim İmanverdi Şükürovun sədrliyi ilə baş tutan prosesdə Təqsirləndirilən şəxs Zahid Əzizovun vəkili Fərhad Məmmədov çıxış edib. O, apelyasiya şikayətini belə əsaslandırıb ki, Zahid Əzizov ona elan olunmuş Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə özünü təqsirli bilib. Onun sözlərinə görə, müvəkkili hadisənin bu cərəyanda baş verməsini istəməyib, bu olayla bağlı bu günə kimi özünə gələ bilməyib: “Müdafiə etdiyim şəxs hadisənin bir anda baş verdiyini bildirib, son anda hadisənin qarşısını almaq üçün əyləcdən istifadə etsə də, maşının sol qarşı hissəsi ilə Güləhməd Cavadovu vurub. Zərbədən Güləhməd Cavadov bir qədər qarşıda sağ tərəfdə yerə yıxılıb. Onun avtomobili hərəkət edərək Güləhmədlə paralel olaraq dayanıb. Avtomobildən yerə düşən Zahid Əzizo hadisə yerinə gələn şəxslərdən tez təcili yardım xidmətinə zəng vurmalarını xahiş edib. Bir qədər sonra təcili tibbi yardım xidmətinin avtomobilinə yerləşdirib, həkimlər onu Göyçay rayon mərkəzi xəstəxanasına aparıblar. Zahid Əzizov hadisə yerində qalıb, oraya gələn polis əməkdaşlarına hadisə yerini göstərib,
hadisənin hansı formada baş verdiyini danışıb. Dəfələrlə yaxın qohumları yas mərasimində iştirak edib, dəf xərci olaraq maddi köməklik göstərmək istəsələr də, zərərçəkmiş tərəf qəbul etməyib”.
Vəkilin sözlərinə görə, zərərçəkmiş şəxsin hüquqi varisi xüsusi insanlıq və mərhəmət göstərərək müdafiə etdiyi şəxsi bağışlayıb: “Qeyd etdiyim halları rəsmi ərizəsi ilə məhkəməyə təqdim etmişəm. Zərərçəkmiş şəxsin özü çıxışında müdafiə etdiyim şəxsi bağışladığını bildirib”.
Fərhad Məmmədov qeyd edib ki, müdafiə etdiyi şəxsin 3 azyaşlı uşağı var, onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur: “Nəqliyyat vasitəsini idarə edən zaman spirtli içki qəbul etməyib. Müdafiə etdiyim şəxs səmimi peşimançılıq keçirib. Zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını nəzərə alınmasını, müdafiə etdiyim şəxs barəsində törətdiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı hissəsində ona cəza verilməsini daha qanuni və əsaslı hesab edirəm. Ona görə də Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi təqsirləndirilən Zahid Əzizov barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cəzanın son aşağı həddində cəzanın verilməsinə dair qərar çıxarılmasını xahiş edirəm”.
Təqsirləndirilən Zahid Əzizov bildirib ki, himayəsində 3 azyaşlı övladı və arvadı var: “Mənə təyin edilmiş ağır cəza azyaşlı uşaqlarımın və arvadımın həyatını ağırlaşdırır. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən mənə qarşı heç bir şikayət yoxdur. Ona görə də cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməyimi i və cəzamın alternativ cəza ilə əvəz edilməsini xahiş edirəm”.
Dövlət ittihamçısı Surac Salmanov birinci instansiya məhkəməsinin hökmünün ədalətli olduğunu, təqsirləndirilən şəxsin apelyasiya şikayətinin heç bir əsası olmadığını qeyd edib. O, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını istəyib.
Tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Zahid Əzizovun apelyasiya şikayəti təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Məhkəmə Zahid Əzizovun cəzzasını 5 ilə qədər endirib, həmçinin cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?