Gecəyarısı şəhərin apteklərində “Tramal” axtaran şəxs yolunu bu dəfə “Zeytun” aptekindən salıb. Ona psixotrop dərmanlar satılmadığı deyilsə də, inadından əl çəkməyib. Səhərə yaxın qapını zorla açaraq içəri daxil olub, qollarını satıcıya göstərərək bıçaqla hədələyib. “Narkomanam, heç kimdən qorxmuram, şikayət etsən, başına oyun gətirərəm” deyərək, rəfləri bir-birinə vurub. “Tramal” tapa bilməsə də, kassadakı pullarla yanaşı, rəflərdə olan “Afrika şiri” həblərini ciblərinə doldurub...
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan 31 yaşlı Elgün Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. gundemxeber.az-ın virtualaz.org saytına istinadən xəbərinə görə, prosesə hakim Rasim Sadıxov sədrlik edib.
İttihama görə, Elgün Hacıyev özgənin əmlakını ələ keçirmək niyyəti ilə bu il aprelin 2-də Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivi, 3B ünvanında yerləşən “Zeytun” aptekinə gələrək gecə növbəsində işləyən satıcını bıçaqla hədələyib, kassadakı 490 manat pulu və hər birinin dəyəri 50 manat olan “Afrika şiri” adlanan dərman preparatlarını ələ keçirib.
Törətdiyi cinayət əməlinə görə Elgün Hacıyevə Cinayət Məcəlləsinin 180.2.3-cü (soyğunçuluq), 181.2.2-ci (quldurluq), 221-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb, barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən Elgün Hacıyev ifadəsində iki ildir ki, psixotrop dərmanlardan istifadə etdiyini, aptekə də məhz “Tramal” almaq üçün getdiyini göstərib. “Zeytun” aptekinə üz tutan E.Hacıyev qapının bağlı olduğunu görüncə, girişdəki balaca pəncərənin zəngini basıb. Pəncərəyə yaxınlaşan satıcıdan “Tramal” istəyib. Satıcı ona həmin dərmanın aptekdə satışda olmadığını bildirib. Hacıyev səhərə kimi Yeni Yasamaldakı apteklərdə dərman axtarsa da, tapa bilməyib: “Evə qayıdanda “Zeytun”un içərisində müştəri olduğunu gördüm. Fikirləşdim ki, müştəri getdikdən sonra satıcı arxa otağa keçib yatdıqda giriş qapısını itələyib açaram, mənə lazım olan dərmanı götürərəm. O aptekə dəfələrlə getmişdim, giriş qapısı bir az laxlayırdı, bərk itələdikdə açmaq olurdu. Yolun kənarında dayanıb müştərinin getməyini, satıcının yatmağını gözlədim”. E.Hacıyev giriş qapısını çiyni ilə açaraq içəri girib. Piştaxtaları gözdən keçirsə də, “Tramal” tapmayıb. Satıcının yatdığına əmin olub, kassadakı pulları götürüb. Elə bu vaxt satıcı ona yaxınlaşaraq nə istədiyini, aptekə necə daxil olduğunu soruşub: “Pulları əlimdə gizlətdim ki, görməsin. Amma mənə inanmadı, qaytarmağımı tələb etdi. Ona səhv anladığını, dərmanlara baxdığımı deyib aptekdən çıxdım. Taksiyə əyləşib “İnşaatçılar” metrosunun yaxınlığındakı başqa apteklərə getdim. Bütün apteklər bağlı olduğundan geri qayıtdım”.
Satıcının polisə şikayət edəcəyindən ehtiyatlanan E.Hacıyev yenidən yolunu “Zeytun” aptekinə salıb: “Həmin aptek yaşadığım evin yaxınlığıda yerləşirdi. Satıcı şikayət etməsin deyə, onu başa salmaq üçün aptekə gəldim. İçəridə heç kim yox idi. Satıcı ikinci dəfə məni içəridə görəndə qorxuya düşdü, çaş-baş qaldı, şikayət etməyəcəyini, rəhbərliyə gecə yatdığı zaman naməlum şəxslərin kassadan pul apardıqları barədə yalan məlumat verəcəyini dedi və apteki tərk etməyimi xahiş etdi. Onun qorxmasından istifadə edib kassada qalan bütün pulları da götürdüm. Pulları vermək istəməyəndə bıçaqla hədələdim. 500 manata yaxın pulu götürdükdən sonra piştaxtaları axtardım, amma psixotrop dərman tapa bilmədim. Rəflərdə olan səkkiz qutu “Afrila şiri” dərmanlarını götürüb cibimə qoydum. Satıcını bir daha hədələdim ki, polisə şikayət etməsin”.
Zərərçəkmiş İlham İsayev gecə növbəsində olarkən bir nəfərin aptekin pəncərəsini döyüb “Tramadol” soruşduğunu, bu tip dərmanların satılmadığını ona dedikdən sonra çıxıb getdiyini göstərib: “Yarım saat sonra səs-küy eşidib çıxanda gördüm ki, bayaq “Tramadol” istəyən əlini kassaya uzadıb nəsə götürür. Özümü itirdim, aptekdən çıxmasını tələb etdim. Səhər saatlarında yenidən aptekin qapısını zorla itələyib içəri girdi. Kassadan pul götürməsinə mane olmağa çalışdım, üstümə bıçaq çəkdi. Qorxumdan müqavimət göstərmədim. Sol qolunu açıb narkoman olduğunu, heç kimdən qorxmadığını, başıma oyun açacağını söylədi, kassadakı pulların hamısını götürdü. Rəfdən kişi potensiyasını artıran “Afrika şiri” adlı 8 qutu dərman preparatlarını da cibinə doldurdu. Bir daha şikayət etməməyimi tapşırıb hədələdi. Qorxumdan heç kimə xəbər verməyəcəyimi dedim. Aptekin inzibatçısı Mirsamir Zeynalova və DİN-in “102 xidməti”nə zəng vurub məlumat verdim. Polis əməkdaşları gəldi, müşahidə kameralarına baxdılar. Kassadan 600 manat pul və 400 manat dəyərində dərman aparıldığı məlum oldu”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?