AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlı hesab edir ki, bu yolla ondan qisas alırlar. G.Bayramlı yanvarın 4-də öz məhkəməsində ifadə verərkən bu haqda danışıb.
G.Bayramlının işinə Qazax Rayon Məhkəməsində hakim Ağarza Səmədov baxır. Yanvarın 4-də keçirilən məhkəmədə öncə bu iş üzrə dindirilməmiş sonuncu şahid Fəxri Əlizadə ifadə verib. Gömrük İdarəsinin əməkdaşı olan şahid deyib ki, nə G.Bayramlının çantasında axtarış aparıb, nə də pul çıxdığını görüb. Sadəcə, həmin gün gömrük-buraxılış məntəqəsindəki iş yoldaşı Alidə Əzizova G.Bayramlının üzərində axtarış aparmaq üçün başqa otağa gedəndə yoxlama monitorunun arxasında əyləşməyi ona həvalə edib.
“HƏBSİMİN KÖKÜ İLLƏR ÖNCƏYƏ GEDİB ÇIXIR”
Ardınca G.Bayramlı ifadə verib. Deyib ki, sifariş əsasında həbs olunub. Onun sözlərinə görə, həbs olunması üçün qurulmuş əməliyyatda Dövlət Sərhəd Xidməti ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti və Əks-Kəşfiyyat Xidməti də iştirak edib. AXCP sədrinin müavini deyir ki, bu əməliyyat birbaşa dövlət başçısının razılığı ilə həyata keçirilib.
G.Bayramlı bildirib ki, onun həbsi çoxdan planlaşdırılırdı, hətta bu haqda özünə də xəbərdarlıq olunmuşdu: “Hələ 2016-cı ilin oktyabrında məni “bandotdel”ə çağıranda həbslə hədələmişdilər. Orada məni dövlət əleyhinə çıxışlarda ittiham elədilər. Dedim ki, mənim çıxışlarım dövlət əleyhinə deyil, qanunları saymayan hakimiyyətin tənqididir. Mənə siyasi məhbusları, xüsusən Nardaran məhbuslarını müdafiə etdiyimə görə də xəbərdarlıq olunmuşdu. Bunun ardınca mənə açıq nömrədən təhdid xarakterli zənglər gəldi. Hüquq-mühafizə orqanlarına müraciət olunsa da, məsələni araşdırmaq istəmədilər. Əslində, mənim həbsimin kökü illər öncəyə gedib çıxır...”
Bu yerdə hakim onun sözünü kəsərək, ittihamın mahiyyəti haqda danışmağı tələb edib. G.Bayramlı bildirib ki, elə işin mahiyyətindən danışır. Siyasətçi xanım yada salıb ki, 2010-cu ilin parlament seçkilərində 19 saylı Nərimanov seçki dairəsindən namizəd olarkən rəqibi YAP-ın icra katibi Əli Əhmədov idi və televiziyada onunla debata çıxmışdı. G.Bayramlının fikrincə, ondan qisas alınmasının səbəblərindən biri də həmin vaxt etdiyi çıxışdır: “Həmin vaxt konkret arqumentlərlə Əli Əhmədovun yalanlarını alt-üst eləmişdim. Hətta ondan sonra seçicilər onunla görüşdən imtina etmişdi. Bundan sonra mənə qarşı qisasçılıq mövqeyi gücləndi”.
“QONŞU OTAQDAN BİZİ İZLƏYİRDİLƏR”
Bundan öncə də inzibati qaydada həbs olunması, heç iştirak etmədiyi mitinqə görə 2 min manat cərimələnməsini yada salan G.Bayramlı necə həbs olunması haqda da danışıb. Bildirib ki, səhhətindəki problemlərlə əlaqədar müayinə və müalicə üçün mütəmadi Gürcüstana gedib-gəlirdi, dörd dəfə bu ölkədə əməliyyat olunub: “Axırıncı dəfə mayın 24-də növbəti dəfə müayinə üçün getmişdim. Yanvarda gedəndə demişdilər ki, martda gələrsən, amma imkansızlıqdan martda gedə bilmədim. Getməmişdən öncə – mayın 13-də prezidentin köməkçisinin mirzəsi böhtan dolu bir yazı yazmışdı. Guya, Gözəl Bayramlı, Əfqan Muxtarlı və digərləri Gürcüstanda beynəlxalq təşkilatlarla görüşür, onlardan müxalifətin maliyyələşdirilməsi üçün pullar alıb gətirirlər. Biz Almaz xanımla (AXCP sədrinin mərhum müavini Həsən Kərimovun həyat yoldaşı-red.) Gürcüstanda olanda da izləndiyimizi görürdük. Gecəni xəstəxananın otelində qaldıq, qonşu otaqdakı iki nəfər açıq-aşkar bizi izləyirdi”.
G.Bayramlının sözlərinə görə, mayın 25-də geri qayıdarkən pasport yoxlama məntəqəsinə sistemdə problem yarandığını deyib, onları gözlədiblər. Bir müddət sonra sistemin işlədiyini bildirib, onu dəvət ediblər. Ardınca isə ona pasportunda problem aşkarlandığı, ona görə də rəisin otağına getməli olduğu bildirilib: “Anar Hüseynəliyevin müşayiəti ilə bir dar, qaranlıq dəhlizlə məni harasa apardılar. Dəhlizdə tikintidə istifadə üçün taxtalardan düzəldilmiş maneə vardı, oralar çox çirkli idi. Etiraz etdim ki, bu nədir, məni hara aparırsız? Qaranlıq idi. Həmin anda bir nəfər “mən sənə kömək eləyim” deyib, əlini uzatdı və çantanın üzərinə nə isə atdı. Bundan sonra məni müşayiət edən Anar Hüseynəliyev dedi ki, gəlin qayıdaq, əşyalarınızı gömrük nəzarətindən keçirməliyik. Mən həmin vaxt dərhal Əli Kərimliyə zəng edib, çantama nə isə atıldığını dedim. Bu zaman onlar mənə mane olmaq istəyirdilər. Buna baxmayaraq, sözümü deyə bildim. Qayıdıb əşyalarımı monitora qoydular, monitor arxasındakı Alidə Əzizova qayıtdı ki, burada 12 min pul var. Dedim ki, saymamış qədərini hardan bildin?”
G.Bayramlı deyir ki, sənədləşmə işindən sonra onu öncə Şəmkirə, oradan da Bakıya gətiriblər. Onun sözlərinə görə, həbsi üçün hazırlanmış əməliyyatda iştirak edənləri sonradan mükafatlandıraraq, vəzifədə irəli çəkiblər.
İstintaq zamanı qaldırdıqları vəsatətlərin təmin olunmadığını deyən G.Bayramlı bildirib ki, onun çantasından aşkarlandığı iddia olunan pulların üzərindəki əl-barmaq izləri ilə bağlı ekspertiza keçirilməyib, saxlanıldığı gün gömrük-keçid məntəqəsindəki videokameraların qeydə aldığı görüntülərə baxılmayıb.
G.Bayramlı söyləyir ki, bu iş birbaşa Baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovun nəzarətində olub: “Qaralov bu işə nəzarət edincə, xalqın sərvətlərinin, milyardlarla neft pullarının talanmasına nəzarət eləsin. Ölkədən milyardlarla pul çıxarılaraq, ofşorlara yerləşdirilib, bunu araşdırsın...”
Onun durumundan narahat olan ictimai-siyasi fəallara, partiya yoldaşlarına müraciət edən G.Bayramlı deyib ki, ona verilən ittiham maddəsindəki ən yuxarı beş illik cəzanı çəkməyə hazırdır.
“Həbs məni mübarizəmdən çəkindirə bilməz. Canımız fəda olsun bu millətə!”, - G.Bayramlı ifadəsini belə yekunlaşdırıb.
Məhkəmə yanvarın 10-da davam edəcək.
Xatırlatma
AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib./amerikaninsesi.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?