GundemXeberşBiz xəbər verir ki, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan İsmayılov Elnur Mənsur oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif bildirir ki, bu günə qədər aidiyyatlı orqanlara 300-ə yaxın məktub ünvanlasa da, müraciətinə baxan olmayıb. Odur ki, saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən müəllif yazır:
“Cənab Prezident! Mən 2014-ci ildən düçar olduğum haqsızlıqlara qarşı bu günə qədər çalışsam da, müsbət nəticə əldə edə bilməmişəm. Prokurorluq orqanları və məhkəmələr təkzib olunmaz faktların araşdırılmasının qarşısında aciz qalıb, Faiq Hüseynovun və qardaşı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun sifarişlərini yerinə yetirirlər. Mən isə sifariş yerinə yetirən, nankor və Azərbaycan Respublikasının qanunlarını satan məmurların yarıtmaz fəaliyyəti ucbatından hüquqlarımı Avropa Məhkəməsində və beynəlxalq təşkilatlarda axtarmaq məcburiyyətində qalmışam. Bugünədək aidiyyatlı orqanlara 300-ə yaxın müraciət və şikayət ünvanlasam da, heç bir münasibət bildirilməmişdir. Bildirirəm ki, mən ARDNŞ-nin Geofizika və Geologiya idarəsinin Kəşfiyyat Geofizika İdarəsinin rəis müavini vəzifəsində işləyərkən, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı - Geofizika və Geologiya idarəsinin rəis müavini işləyən Faiq Hüseynov tərəfindən qanunsuz olaraq “ştat ixtisarı” adı altında işdən azad olunmuşam. Mənim işdən çıxarılmağıma əsil səbəb o olmuşdur ki, mən Faiq Hüseynovun idarənin külli miqdarda əmlakını talaması barədə onun özünə bildirdiyim üçün, o, mənim “ağzımı yummaq” və idarədən bir dəfəlik uzaqlaşdırmaq üçün asan yol seçərək “ştat ixtisarı” bəhanəsi ilə məni qanunsuz yolla işdən çıxarmışdır. Baxmayaraq ki, mən ali təhsilli mütəxəssisəm, məcburi köçkün statusum vardır, biri anadangəlmə qüsurlu olan 2 azyaşlı uşağım var, ailədə işləyən təkcə mənəm. Məni “ixtisara” salan Faiq Hüseynov özü və “Azərsu” ASC-də müxtəlif vəzifələrdə işləyən 10 nəfər qohumu, qapısını tanımadıqları “Təfəkkür” Universitetinin “optom” əldə etdikləri diplomları ilə istənilən vəzifəyə uyğunlaşdırılıb dövlətin əmlakını talamaqda davam edirlər. Belə ki, Faiq Hüseynov qohum-dostları vasitəsi ilə GGİ-dən ümumilikdə tender yolu ilə satınalmaları həyata keçirərkən, 20.000 000 (iyirmi milyon) manat məbləğindən çox qiymətləndirilən vəsaiti talayıb öz mənafeləri üçün istifadə etmişlər: Bakı şəhərində 25-dən çox obyektlər (hamamlar, kafe-restoranlar, mebel mağazaları, apteklər və digər özəl tibb müəssisələri və s.) inşa etdirib dost-qohumlamın adma sənədləşdirib icarəyə vermişdir. Bir sıra obyektləri isə qardaşı Qorxmaz Hüseynovun rəhbərlik etdiyi “Azərsu” ASC-nə icarəyə vermişdir. Həmin obyektləri Faiq Hüseynov vəzifəsindən sui-istifadə etməklə əldə etdiyi pulların hesabına inşa etdirmişdir. Göstərdiklərim mənim iştirakımla araşdırılarsa sübuta yetirərəm. Mən tutduğum vəzifədən qanunsuz olaraq çıxarılmağım və bunun əsil səbəbi barədə müvafiq orqanlara məlumat vermiş olsam da mənim işə qaytarılmağım və Faiq Hüseynov barəsində heç bir tədbir görülməmişdir. Aşağıda adını sadalayacağım idarəyə lazım olan avadanlıq və materialların yüksək keyfiyyətli, zavod istehsalı və münasib qiymətə olmasını F.C.Hüseynova bildirməmə baxmayaraq F.C.Hüseynov özünün təşkil etdirdiyi ASTRA MMC və digər aralıq müəssisələr vasitəsilə qiymətlərin dəfələrlə şişirdilməsi yolu ilə, kustar üsulla hazırlanmış və Çin istehsalı olan malları almışdır ki, bu hallara da öz etirazımı bildirmişəm. Bu malların bir hissəsini adları, alınma tarixləri, qaimə nömrələri, alış qiymətləri və real qiymətləri ilə cədvəl formasında sizə təqdim edirəm.
Cədvəldən göründüyü kimi seçmə üsulu ilə cəmi 17 qaimə ilə süni qiymət artırması vasitəsi ilə 6.608.430 (altı milyon altı yüz səkkiz min dörd yüz otuz) manat dövlət vəsaiti mənimsənilmişdir. Qeyd edirəm ki, bu siyahı seçmə üsulu ilə və mümkün informasiyaya görə tərtib edilmişdir. Və bu məbləğin on dəfələrlə çox olması şübhəsizdir. Bununla yanaşı F.C.Hüseynov idarənin balansında olan irihəcmli gəmilərin komplektinə daxil olan geofiziki tədqiqatlar aparmaq üçün nəzərdə tutulmuş, eni 2,4 metr, uzunluğu 6,8 metr təqribi ölçülərdə Volvopenta tipli stasionar mühərriklə təchiz olunmuş qayığı öz adına FHN-də sənədləşdirib oğlu Fərhadın adını isə qayığa vermişdir. Sonradan isə həmin idarədən oğurlanmış qayığı Musayev Niaməddinin adı ilə fiziki şəxs kimi aylıq 15.000 (on beş min) manat qarşılığında GGİ-yə icarəyə vermişdi. Halbuki həmin dövrdə Musayev Niyaməddinin nə mülkiyyətində, nə də icarəsində heç bir qayıq olmamışdır.
GGİ-nin tabeçiliyində 3 idarə və bir elmi tədqiqat institutu olub. Göstərdiklərim tək kəşfiyyat Geofizika İdarəsində baş verən qanunsuzluqlar və korrupsiya faktlarıdır. Qalan müəssisələrdə şəffaf yoxlamalar aparılarsa Faiq Hüseynov tərəfindən talan olunmuş yüz milyonlarla dövlət vəsaitini büdcəyə qaytarmaq mümkündür. Bütün bu faktları Faiq Hüseynov Vaqif Abdullayevi qardaşı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun vasitəsilə rəis təyin etdirdikdən sonra həyata keçirmişdir. Vaqif Abdullayev GGİ-dən təqaüdə göndərildikdən sonra bütün çirkli işləri gizlətdiyinə görə “Azərsu” ASC-də Qorxmaz Hüseynov tərəfindən yüksək vəzifəyə təyin edilmişdir. Faiq Hüseynov GGİ-də keçirilən tenderlərə indi də dolayı yollarla sahiblik edir. Bu günədək nə mənim qanunsuz işdən çıxarılmağıma, nə də dövlətin büdcəsindən oğurlanan milyonların qaytarılması üçün heç bir addım atılmamışdır. Odur ki, əvvəlki müraciətlərimin və hazırki müraciətimin iştirakımla araşdırılması və Faiq Hüseynova qarşı tədbir görülməsi üçün aidiyyatlı orqanlara tapşırıq verməyinizi sizdən xahiş edirəm”.
Sorğu
Yeni dizaynımız necədir?