Azərbaycan Şahmat Federasiyasının I vitse-prezidenti Mahir Məmmədov Şəhriyar Məmmədyarovla bağlı baş verən proseslərə münasibət bildirib.
O, Oxu.Az-a açıqlamasında belə turnirlər üçün federasiyanın maliyyə ayırmadığını söyləyib:
“O, heç bir yarışa öz hesabına getmir. Əgər onun qatıldığı turnir yığma komandaya aiddirsə, federasiya tərəfindən, klubdursa, həmin qurum tərəfindən maliyyələşdirilir. Əgər fərdi şəkildə superturnirdə iştirak edirsə, turnir təşkilatçıları tərəfindən maliyyələşdirilir və ona həm təyyarə, həm də hotel pulu ödənilir”.
Şəhriyar Məmmədyarovun atası Həmid Məmmədyarov saytımıza bir az əvvəl verdiyi açıqlamasında ABŞ-da keçirilən Sinkfild Kuboku turnirinin xərclərinin şahmatçıların sponsorları tərəfindən çəkildiyini bildirib. Şəhriyar sponsorsuz olduğundan, bütün xərclər özü tərəfindən çəkilib. Mahir Məmmədov bu məsələyə belə reaksiya verib:
“Mən həmin superturnirin şərtləri ilə tanış deyiləm. Ancaq bilirəm ki, 99 faiz belə turnirlərdə şahmatçıları dəvət edən təşkilatçılar özləri maliyyə xərclərini çəkir. Bu, Mahir Məmmədov olaraq mənim fikrimdir. Yaxın saatlarda bu məsələ ilə bağlı federasiyanın rəsmi bəyanatı da olacaq”.
Qeyd edək ki, hazırda ABŞ-ın Seynt Luis şəhərində keçirilən sözügedən turnirin mükafat fondu 300 min dollardır. On iştirakçıya bu turnirin sonunda pul veriləcək. Çempiona 75 min veriləcəksə, sonuncu pillədə olan şahmatçıya 15 min dollar ödəniləcək.
Sorğu
Yeni dizaynımız necədir?