“SOCAR AQŞ” dayazsulu “Günəşli” yatağında 7 saylı özüldən 38 nömrəli kəşfiyyat quyusunda və 342 nömrəli quyuda, eyni zamanda 11 saylı özüldən 346 nömrəli quyuda qazma işlərinə başlayıb.
Bu barədə “Report”a müəssisədən məlumat verilib.
38 nömrəli kəşfiyyat quyusunun layihə dərinliyi 4 150 metr təşkil edir və quyu Qala lay dəstəsinə qazılır. Layihə dərinliyi 2 670 metr olan 342 nömrəli quyuda qazma işləri Balaxanı lay dəstəsi –X horizonta həyata keçirilir.
“SOCAR AQŞ” kəşfiyyat quyusunun qazılmasını “Hong Hua ZJ 70/4500 DZ” qazma qurğusu, 342 nömrəli quyunu isə yeni nəsil qazma avadanlığı olan “Bentec 3000 HP” vasitəsilə həyata keçirir.
“Günəşli” yatağında 11 saylı özüldən 346 nömrəli quyunun isə Fasilə lay dəstəsinə qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 3 550 metr təşkil edir.
Bildirilib ki, “SOCAR AQŞ” həmişə olduğu kimi bu və növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək.
Bundan başaq, məlumata görə, “SOCAR AQŞ” bu günlərdə 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2 713 metr olan 339 nömrəli quyunun tikintisi işlərini yekunlaşdırıb.
Bildirilib ki, quyunun tikintisi təhlükəsiz, keyfiyyətlə, vaxtından tez və ətraf mühitə heç bir ziyan vurmadan uğurla tamamlanıb.
Qeyd edək ki, “SOCAR AQŞ” Xəzərdə 4 neft və qaz yatağında, o cümlədən dayazsulu “Günəşli”, “Qərbi Abşeron”, “Ümid” və “Bulla” yataqlarında mövcud olan 5 platformada 6 qazma qurğusu vasitəsilə qazma işlərini aparır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?