“Yüksəliş naminə” qəzeti və “Yukselis.info”nun əməkdaşı Dadaş Babayev az öncə sərbəst buraxılıb.
Gundemxeber.Az bildirir ki, bu barədə jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, Sumqayıt şəhər Polis İdarəsinə gətirilərkən kimsə ilə əlaqə saxlamağa imkan verməyiblər və hansısa müstəntiqin otağında heç nə soruşmadan bir neçə saat saxlayıblar. Daha sonra polislər lentə aldığı çəkilişləri silməyi tələb ediblər və razı olmadıqda zorla telefonu alıb siliblər. Ondan qəzetin fəaliyyəti və dərc edilən yazıların müəllifləri barədə də soruşublar. Dadaş Babayevə xəbərdarlıq edilib və sərbəst buraxılıb. Qeyd edək ki, bu gün axşam saatlarında Dadaş Babayev Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə jurnalist özü redaksiyaya məlumat verə bilib. Dadaş Babayev bildirib ki, şəhərin 5-ci mikrorayon ərazisində bir neçə nəfər bank özbaşnalığına etiraz edib və səs-küylü danışıblar. Jurnalist onlara yaxınlaşıb və peşə borcunu yerinə yetirərək etirazçıları videoya çəkib, onlardan problemlərini soruşub. Əraziyə gələn polis əməkdaşları etirazçılarla birgə onu şəhər polisinə aparıb. Bu məlumatlardan sonra jurnalistə zəng çatmayıb. Daha sonra baş redkator Elçin Məmməd və qəzetin əməkdaşları polis idarəsinə gedib, lakin orda olmadığını bildiriblər. Jurnalistin 1-ci polis bölməsinə aparıldığı bildirilsə də, həmin bölmədə də olmayıb. Baş redaktor DİN 102 qaynar xəttinə müraciət edib və ordan məsələni nəzarətdə saxlayacaqlarını bildiriblər. Xatırladaq ki, Dadaş Babayev müxalifətin 19 oktyabr mitinqində polislər tərəfindən vəhşicəsinə döyülüb və telefonu sındırılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?