Siyasi Məhbusların Monitorinq Mərkəzi (SMMM) Mingəçevir şəhərində hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı davam edən təzyiqləri pisləyib.
“Əgər əvvəllər repressiya tədbirləri güc qurumları tərəfindən həyata keçirilirdisə, indi fəalların və jurnalistlərin təqib olunmasının rüsvayçı praktikasına yerli məmurlar qoşulub”, - deyə SMMM-in rəhbəri Elşən Həsənov bildirib.
O, “Yüksəliş naminə” saytının redaktor müavini, hüquq müdafiəçisi Elçin Həsənzadənin sıxışdırıldığını qeyd edib.
“Şəhər kommunal təsərrüfatı rəhbəri Şəhriyar Mustafayevin tapşırığı ilə Elçin Həsənzadə “radikal” jurnalist kimi şəhərdə sıxışdırılır.
E.Həsənzadənin sözlərinə görə, kirayədə qaldığı mənzilin sahibinə təzyiq göstərilir ki, onu mənzildən çıxarsın. Jurnalist 102 saylı telefonla DİN-ə müraciət edib, amma əbəs yerə. Mənzil İdarəsinin rəhbərliyi E.Həsənzadənin həyat yoldaşının valideynlərinə də analoji təzyiq göstərib”, - hüquq müdafiəçisi bildirib.
Məmurların hərəkətləri cinayət məsuliyyətinə səbəb olur. İndiki halda Konstitusiyanın 31-ci maddəsi (təhlükəsiz yaşamaq hüququ) pozulub. Hüquq-mühafizə orqanları təhlükəsizliyi təmin etməli və günahkarları cəzalandırmalıdırlar, SMMM-in bəyanatında deyilir.
SMMM həmçinin xatırladır ki, “Yüksəliş naminə” saytının rəhbəri Elçin Məmməd bu ilin martında uydurma cinayət ittihamı ilə həbs edilib ki, beynəlxalq təşkilatlar bunu pisləyiblər. *SMMM 2014-cü ilin payızında bir qrup “vicdan məhbusu” tərəfindən yaradılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?