Gundemxeber.az » Ölkə » Cəmiyyət » İKİ İL ƏVVƏL 700 MİNLİK DƏLƏDUZLUQDA TƏQSİRLƏNDİRİLƏN ŞƏXSLƏRİN MÜHAKİMƏSİ İNDİ NƏ YERDƏ QALIB?
2020-ci ilin yanvar ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin 700 minlik dələduzluqda təqsirləndirilən İlham Xıdırova və Nazim Mustafayevə çıxardığı hökm zərərçəkənləri tam qane etməsə də, az qala bütün aparıcı KİV bu hadisəni ədalət mühakiməsinin qələbəsi kimi təqdim etmişdi. İttihama görə, İ.Xıdırovla N.Mustafayev Rusiyadan kompressor avadanlıqları gətirib satmaq adı ilə bir neçə şəxsdən, o cümlədən, həm də öz qohumlarından külli miqdarda pul alaraq onlara qazanc verəcəklərini vəd edib, lakin həmin şəxsləri aldadıblar.
Amma məlum olanda ki, məhkəmənin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş həmin şəxslər - İ.Xıdırov və 5 il iş kəsilmiş N.Mustafayev çox keçmədən bəraət alıb azadlığa çıxıblar, o halda istər-istəməz sual yaranır: Görəsən, hansı səbəblər məhkəmənin məsələyə yanaşmasını 180 dərəcə əks istiqamətə dəyişib?
Zərər yetirənlər dörd və daha artıq sayda üzvü olan mütəşəkkil dəstədir
İş üzrə ən böyük zərərə məruz qalan şəxs - Bakı şəhər sakini Muradlı Elxan Rafiq oğlu redaksiyamıza müraciət edərək bildirib ki, CM-nin 178.3.2-ci maddəsi ilə Bakı Agır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmü ilə (İş № 1(101)-108/2019) məhkum edilmiş və sonradan bəraət almış Xıdırov İlham Kərim oğlu və Mustafayev Nazim Rafiq oğlu, eyni zamanda Samir İlham oğlu Xıdırov, Zaur Sarvan oğlu Əliyev və digərləri qabaqcadan əlbir olaraq onun xüsusulə külli məbləğdə vəsaitini, 620 000 (altı yüz iyirmi min) ABŞ dollarında, alınan günü rəsmi məzənnəsi ilə toplam olaraq 610 299 AZN vəsaitini iş görmək adı altında dələduzluq yolu ilə almış və öz şəxsi məqsədlərinə xərcləmişlər.
E.Muradlı istintaqa verdiyi ifadələri xatırladaraq bildirib ki, Nazim Mustafayev onun rəhbəri olduğu “ATE Construction” MMC-də işçi olub. Həmin vəsaiti Nazimin onu tanış etdiyi İlham Xıdırovun şəxsən özünə və adları çəkilən digər şəxslərin vasitəsilə 22.12.2014-ci il tarixdən 11.01.2016-cı il tarixədək müxtəlif vaxtlarda hissə-hissə vermişdir. Pullar ondan kompressor avadanlıqlarının alqı-satqısı adı ilə alınsa da, həmin şəxslər pulları öz şəxsi məqsədlərinə sərf etmişlər:
“Ali Məhkəmənin Cinayət Kollegiyasının 10.02.2021-ci il tarixli, 1(102)-154/2021 saylı Qərarında Bakı Yasamal rayon Məhkəməsinin 17.04.2018-ci il tarixli, 2(004)-2028/2018 saylı Qətnaməsinə istinad edilərək təqsirləndirilən şəxslərin əməllərinin sübutlarının kifayət qədər olmaması qənaətinə gəlməsi başa düşülən deyil. Belə ki, İlham Xıdırov və Nazim Mustafayevin Bakı Ağır Cinayətlər Məhkəməsinə məndən pulları almaları haqda kifayət qədər etiraf ifadələri öz əksini məhkəmənin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 saylı Hökmündə tapmışdır. Hətta İlham Xıdırov ifadəsində bildirmişdir ki, “Elxana olan borcundan imtina etmir, həmin pulları ödəyəcəkdir”. Nazim Mustafayev də öz ifadəsində Zaur Əliyevin təşkilatçı olduğunu təsdiq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən Zaur Əliyev isə bildirmişdir ki, o, “müxtəlif adamlardan pul alıb başqa şəxslərə verməklə” məşğul olubdur və bu yolla da pul qazanıbdır, fəaliyyətində Elxan kimiləri çox olubdur. Deməli, N.Mustafayev, İ.Xıdırov, S.Xıdırov və Z. Əliyev sabit mütəşəkkil dəstə kimi fəaliyyət göstərmişlər”.
E.Muradlı hesab edir ki, məhkəmə aşkar saxtakarlığa və onu sübut edən dəlillərə göz yumub. Bütün bunlar barədə bir az sonra. Hələliksə...
Prosesin təsviri
İttihama görə, Xıdırov İlham Kərim oğlu həmçinin etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə etibarlarından sui-istifadə edib neft kompressorları biznesi ilə məşğul olub qazanc verəcəyi adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2015-ci ilin mart-aprel aylarında qohumu (qardaşının baldızı) Familə Xudum qızı Cəfərovanın bir neçə dəfəyə ümumilikdə həmin dövrün məzənnəsi ilə 29503,6 manat təşkil edən 28000 ABŞ dolları pulunu, eyni üsul, məqsəd və niyyətlə tanışı Abdullayeva Gülnaz Süleyman qızının 2015-ci ilin aprel və oktyabr aylarında iki dəfəyə 12000 və 13000 ABŞ dolları pulunu alıb ələ keçirərək ümumilikdə xeyli miqdarda, yəni, 26245,9 manat ziyan vuraraq dələduzluq etmişdir. Öz qardaşı oğlu Xıdırov Elxan Rövşən oğluna da eyni vədi verərək ümumilikdə 50000 ABŞ dolları pulunu alıb ələ keçirərək, ona külli miqdarda, həmin dövrün məzənnəsi ilə 52480 manat ziyan vuraraq dələduzluq etmişdir.
Xıdırov İlham Kərim oğlu və Mustafayev Nazim Rafiq oğlunun barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2017-ci il tarixli qərarına əsasən, həbs qətimkan tədbiri seçilmiş və Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmışlar. Xətai Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qərarına əsasən Nazim Mustafayevin həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və həmin tarixdə həbsdən azad olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2018-ci il tarixli qərarına əsasən ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanılmışdır.
Bakı Ağır Cinayətlər Məhkəməsi 19 fevral 2019-cu il tarixdə İlham Xıdırovun və Nazim Mustafayevin AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, çıxardığı hökmlə onları həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş, İlham Xıdırovu 9 il 6 ay, Nazim Mustafayevi 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdi. Zərərçəkmiş şəxs – mülki iddiaçı Muradlı Elxan Rafiq oğlunun cavabdehlərə qarşı mülki iddiaları qismən təmin olunmuş, Xıdırov İlham Kərim oğlundan 563549 manat, Mustafayev Nazim Rafiq oğlundan 46765 manat tutularaq Muradlı Elxan Rafiq oğluna ödənilməsi hökmdə öz əksini tapmışdı. Digər zərərçəkmiş şəxslərə gəldikdə isə, onlara vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdi. Bundan başqa, məhkəmə hökm etmişdi ki, həmin iş üzrə Sumqayıt şəhər məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərarına əsasən üzərinə həbs qoyulmuş Xıdırov İlham Kərim oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq Ələsgər küçəsi, 12 saylı fərdi yaşayış evinin “Xalq Bank” ASC tərəfindən ipoteka ilə yüklü edilməsi və Abşeron rayon məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, tutmanın ipoteka predmetinə yönəldilməsi nəzərə alınsın; Sumqayıt şəhər məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərarı ilə Xıdırov İlham Kərim oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə, 146 saylı fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülsün.
Hökmdən məhkum edilmiş şəxslərin müdafiəçiləri, eləcə də zərərçəkmiş şəxs Xıdırov Elxan Rövşən oğlu və zərərçəkmiş şəxs – mülki iddiaçı Muradlı Elxan Rafiq oğlu ayrı – ayrılıqda apellyasiya şikayəti vermişlər. Birincilər məhkumların əməllərində cinayət tərkibi olmadığını hesab etdikləri üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin məlum hökmünün ləğv edilməsini, onların barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.
Zərərçəkmiş E.Muradlı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasından xahiş etmişdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cü il tarixli Hökmündə dəyişiklik edilərək, İlham Xıdırova və Nazim Mustafayevə daha ağır cəza təyin edilməsi və özünün mülki iddiasının tam həcmdə (əsas məbləğ 620 000 ABŞ dolları və bu müddət ərzində əldən çıxmış fayda olaraq 360 000 ABŞ dolları məbləğləri) təmin edilməsi barəsində qərar qəbul edilsin; hökmdə göstərilən kimi, ona vurulan ziyanın Azərbaycan manatı ilə deyil, ABŞ dollarında göstərilməsi və vurulan ziyanın tərəflər arasında bölünməyərək dəstə üzvləri tərəfindən tam həcmdə ödənilməsi haqda qərar qəbul edilsin; eləcə də cinayət əməlinin təşkilatçısı olan Əliyev Zaur Sarvan oğlunun istintaqa cəlb edilməsi haqda xüsusi Qərardad çıxarılsın.
Zərərçəkmiş Xıdırov Elxan Rövşən oğlu da apellyasiya şikayətində Xıdırov İlham Kərim oğluna daha ağır cəza təyin olunmasını, İlhama məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə, 146 saylı fərdi yaşayış evinin üzərinə yenidən həbs qoyulmasını xahiş etmişdi.
Lakin Bakı Apellyasiya Məhkəməsi 31 may 2019-cu il tarixli (İş № 1(103) 587/2019) Qərarı ilə apellyasiya şikayətlərinin heç birini təmin etməmişdi. Sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmü ilə Xıdırov İlham Kərim oğlunun AR CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 31 may 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Ali Məhkəmənin Cinayət Kollegiyasına kassasiya şikayəti vermişdir. Maraqlıdır ki, Ali Məhkəmənin Cinayət Kollegiyası 10.02.2021-ci il tarixdə kassasiya şikayətini qismən təmin edərək Bakı Apellyasiya Məhkəməsinin Xıdırov İlham Kərim oğlu barəsində olan 31 may 2019-cu il tarixli qərarını ləğv etmiş, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar çıxarmışdır.
Öz növbəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 14.12.2021-ci il tarixdə çıxardığı yeni Hökmlə Ali Məhkəmənin Mülki Kollegiyasının qərarından irəli gələn tələbləri artıqlamasıyla yerinə yetirmişdir. Yeni hökmlə Xıdırov İlham Kərim oğlunun və Mustafayev Nazim Rafiq oğlunun apellyasiya şikayətləri təmin olunmuş, onlara bəraət verilərək, dərhal məhkəmə iclası zalında həbsdən azad olunmuşlar. Apellyasiya şikayətləri təmin olunmayan zərərçəkmişlər Muradlı Elxan Rafiq oğlunun və Xıdırov Elxan Rövşən oğlunun verdikləri mülki iddiaları baxılmamış saxlanılmışdır.
Aşkar saxtakarlıq faktlarına hüquqi qiymət verilməyib
E.Muradlının redaksiyaya göndərdiyi müraciətnaməsinə qoşma etdiyi sənəd surətləri arasında onun İlham Xıdırovla 22 iyun 2015-ci il tarixində Nazim Mustafayevin iştirakilə imzalamış olduqları “Birgə Fəaliyyət Müqaviləsi”, “nağd pulun təhvil-təslimi haqda Akt” və “Kassa məxaric orderi” vardır. Həmin sənədlərdə E.Muradlının İ.Xıdırova həmin tarixə qədər toplam olaraq verdiyi cəmi məbləğ 480 000 ABŞ dolları göstərilmişdir. E.Muradlı sonradan İlhamgilə verdiyi pulları aldıqlarının təsdiqi məqsədilə 05 mart 2017-ci il tarixli Üzləşmə Aktı tərtib edərək tərəflərə könüllü olaraq imza etdirmişdir. Aktda İ.Xıdırov özü həmin tarixə E.Muradlıya 510 000 ABŞ dolları borcu olduğunu hesablayıb yazmış və digəriləri də imzaları ilə təsdiqləmişlər. Elxan Muradlı imzalanma mərasimini təhlükəsizlik məqsədilə telefonuna yazmış, sonradan Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etdiyi vaxt istintaqa təqdim etmişdir:
“2016-cı ilin yanvar-fevral aylarında Samir və İlham Xıdırovlar mənimlə dəfələrlə gəlib görüşdülər və əlavə olaraq məndən 142500 ABŞ dolları tələb etməyə başladılar. Hətta Samir məni təhdid edirdi ki, əgər pulu verməsəm, verdiyim pullar batacaq. İlham Xıdırov öz şəxsi e-mail ünvanından tələb olunan pulların təyinatı haqda məlumat göndərdi və guya mənim puluma gətirilən 11 ədəd kompressoru saxlanca verməklə göstərilən məbləği istədi. Mən bunların dələduz olduğunu başa düşdüyümdən və verilən pulları aldıqlarını öz imzaları ilə təsdiq etmələrini tələb etdim. 05.03.2017-ci il tarixində Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən ofisimdə İlham-Samir Xıdırovlar, Nazim Mustafayev və Zaur Əliyevin iştirakilə biz alınan-verilən pulların təsdiqi olaraq Üzləşdirmə Aktına imza etdik. Bunlar mənim puluma alınan 11 ədəd kompressoru aparıb dediyim yerə qoydular. Üzləşdirmə Aktına imza olunan günün səhərisi, 06.03.2017-ci il tarixində rəsmi ərizə ilə Bakı Baş Polis İdarəsinə şikayət etdim. Növbəti gün Zaur Əliyevlə Nazim Mustafayev yaşadığım binaya gəlmiş və məni axtarmağa başlamışlar. Mən yekunda Zaurun telefonunu götürüb bildirdim ki, son istədikləri pul verilməyəcək, onların dələduzluq niyyətləri mənə bəllidir, verilən pullarımı qaytarsınlar”.
E.Muradlı bildirir ki, İlham Xıdırov Qazaxıstan Respublikasında olanda oğlu Samir Xıdırov Yasamal rayon məhkəməsinə ona qarşı pul öhdəliklərinin saxlancda olan 11 ədəd kompressor avadanlığının 170 min ABŞ dolları məbləği ilə əvəzləşdirilməsi ilə bağlı iddia ərizəsi vermiş, Yasamal rayon Məhkəməsi 17.04.2018-ci il tarixli, 2(004) – 2028/2018 saylı Qətnaməsi ilə haqlı olaraq həmin əmlakların girov (ipoteka) predmeti olmadığı səbəbindən iddiaçının tələbinin təmin edilməsini rədd etmişdir:
“İlham Xıdırovun Saray qəsəbəsində yerləşən evinin həyətində yerləşən 11 ədəd 305 ВП 16/70 markalı guya “Borets” zavodunun istehsalı olan kompressor avadanlıqları 2014-cü ilin iyun-iyul aylarında Azərbaycana gətirilmiş və toplam gömrük dəyəri 30 511,16 AZN məbləğində bəyan edilərək ölkəyə idxal edilmişdir. Mən sonradan araşdırdım ki, “Borets” zavodu 2011-ci ildə fəaliyyətini dayandırıb. Adı, ünvanı, telefon nömrəsi bəlli Tula şəhər sakini ilə danışığım zamanı öyrəndim ki, İlham kompressorları ondan birini 3-7 min ABŞ dolları aralığında, ortalama 5 000 ABŞ dollarına almışdır. Samir Xıdırovun qeyri-qanuni hərəkətləri ilə kompressor avadanlıqlarına dəyərindən dəfələrlə artıq məbləğdə qiymət qoydurulmuş, bu zaman qiymətləndirici qəsdən aldadılmış, qiymətləndirmə proseduru düzgün həyata keçirilməmişdir. İlham Xıdırovun oğlu Samir Xıdırov “LaLaFo” köhnə məişət əşyalarının alqı-satqı saytına kompressor satışı elanı yerləşdirmiş və Qiymətləndici şirkəti aldadaraq 1 milyon AZN-dək süni qiymət artırılmaqla alış və bazar dəyərindən dəfələrlə yüksək qiymət qoyulmasına nail olmuş, sonradan həmin elanı silmişdir”.
Ali Məhkəmənin Cinayət Kollegiyası iş materiallarından belə nəticəyə gəlmişdir ki, İlham Xıdırov Elxan Muradlının qarşısında öhdəliklərini qismən yerinə yetirmiş, “birgə biznesdən əldə olunmuş mənfəət bərabər bölünmüş”, ancaq daha sonra baş vermiş iqtisadi böhran, o cümlədən Qazaxıstandakı uğursuz kommersiya fəaliyyəti nəticəsində İlham Xıdırovdan asılı olmayan səbəblərdən öhdəlik tam yerinə yetirilməmişdir. Lakin Elxan Muradlı bununla razılaşmır:
“İlhamın Qazaxıstanda gördüyü işlərdən mənim xəbərim yox idi. Sonralar Nazim Mustafayev bildirdi ki, İlham məndən aldığı puldan 400 000 ABŞ dolları götürərək Qazaxıstana rels alverinə getmişdir. Bu işi o H.Əliyev adına Neft-Emalı Zavodunda nəqliyyat şöbəsində rəhbər vəzifədə işləyən yaxın bir qohumu vasitəsilə görür. Mən pulumun təcili qaytarılmasını tələb etdim, lakin İlham Qazaxıstanda idi. Oğlu Samir mənə bildirdi ki, atasının Qazaxıstanda işləri yaxşı gedir, narahat olmayım, uzağı 2016-cı ilin sentyabr ayına qədər qayıdıb mənim bütün pullarımı qaytaracaqdır. Mən Samirdən pullarımın kompressor alveri üçün alındığını deyəndə Samir məni sakitləşdirdi, bildirdi ki, “Sizin pula atam 25 ədəd kompressor gətirib” və 2016-cı ilin iyul-avqust aylarında yalandan məni apararaq “Ulduz” metrosunun yanındakı həyətdə Nəsib adlı digər şəxsə məxsus 14 ədəd kompressorları göstərdi ki, bunlar da Sizin pula gətirilib. Nəsib Bakı şəhər BPİ-də verdiyi ifadəsində bildirib ki, Samir ona alıcı kimi ora adam apardığını deyərək aldatmışdır, kompressorlar ona məxsusdur və Xıdırovlara heç bir aidiyyatı yoxdur. Belə olan halda görəsən, Ali Məhkəmənin Cinayət Kollegiyasının hörmətli üzvləri “qismən yerinə yetirilmiş öhdəlik” deyəndə nəyi nəzərdə tuturlar – qiyməti, keyfiyyəti, likvidliyi, ölkəyə gətirilmə tarixi aşkar saxtalaşdırılmış kompressorlarımı?”
Zərərçəkmiş şəxslər Ali Məhkəməyə kassasiya şikayəti verməyə hazırlaşırlar
E.Muradlı digər zərərçəkənlərin də onunla eyni aqibəti bölüşdüklərini və birlikdə Ali Məhkəməyə kassasiya şikayəti verməyə hazırlaşdıqlarını bildirir:
“Ali Məhkəmənin Cinayət Kollegiyası Gülnaz Abdullayevanın təqdim etdiyi diskdəki səs yazısının montaj olub-olmamasının ekspertiza ilə yoxlanılmadığını irad tutur. Maraqlıdır ki, Ali Məhkəmənin Cinayət Kollegiyası Gülnazın pulunu qaytardığını deyən İlhamın sözlərinin səmimiliyinə inandığı halda, daha əvvəl ibtidai istintaqda sübut kimi qəbul olunmuş (sonra isə diskin boş olduğu deyilərək “yoxa çıxmış”) səs yazısının, eləcə də Gülnazın qızı Vəfanın və onun rəfiqəsi S.Qədiməliyevanın şahid ifadələrinin doğruluğuna şübhə edir, Gülnazla İlhamın pul çəkişmələrini əks etdirən telefon yazışmalarının üstündən sükutla keçir?.. Zərərçəkmişlərdən Familə Cəfərovanın da iddiası Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən şübhə altına alınmışdır. Kollegiya üzvləri üçün yenə də İlham Xıdırovun birinci instansiya məhkəməsində verdiyi ifadə inandırıcı olmuşdur. Həmin ifadəyə görə, guya Elxan Xıdırov öz xalası Familə Cəfərovanı öyrədib ki, yalandan əmisi İlham Xıdırovun üzünə dursun, onu da aldatdığını, pulunu mənimsədiyini desin. Şahid kimi dindirilən Məsimov İlqar İlham oğlunun Familə Cəfərova ilə oxşar məzmunlu ifadə verməsi də məhkəmənin gəldiyi nəticəyə təsir göstərməmişdir... Ali Məhkəmənin Cinayət Kollegiyası zərərçəkmişlərdən Elxan Xıdırovun İlham Xıdırova pul verdiyini təsdiqləyən hal şahidləri Baxış İbadovun, Vəli Xankişiyevin, Ziyafət Abdinovanın ifadələri arasında da mücərrəd ziddiyyətlər tapmışdır. İlhamın lehinə olmayan bir çox başqa xüsusatlar kimi həmin ifadələr də məhkəmə materiallarında sadəcə məlumat olaraq ötmüş, qiymətləndirilməmişdir. İlham Xıdırovun qardaşı oğlu Elxan Xıdırova borc qarşılığında vermiş olduğunu və borcunu bağladığını iddia etdiyi 6 sot torpaq sahəsi də İlhamın deyilmiş, Sumqayıt Bələdiyyəsinin mülkiyyətindədir və İlham Xıdırova icarəyə verilibmiş”.
Məsələ ilə bağlı son anda aldığımız məlumata görə, Baş Prokurorluq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qeyd edilən qərarı ilə razılaşmayaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya protesti vermişdir.
Mövzuya qayıdacağıq.
Gundemxeber.az
19-02-2019, 16:49
7-09-2018, 13:00
15-05-2014, 16:11
11-07-2017, 13:16
28-06-2017, 10:46
Sorğu
Yeni dizaynımız necədir?