Çoxsaylı oxucularımızın diqqətinə çatdırmaq istəyirik ki, 25 aprel 2022-ci il tarixdə GundemXeber.az xəbər portalında “Gədəbəydə Başçı yoxdur, hər cür anarxiya baş alıb gedir- ŞOK FAKTLAR” başlıqlı məqalənin yayımlanması, bəzi çevrələrin müəyyən qədər müzakirə etdikləri mövzulardan biri oldu.
Bəlkə də, bunu onunla izah etmək olar ki, ötən ilin oktyabr ayından Gədəbəydə icra başçısı vəzifəsinə yeni təyinat olmayıb. Ona görə də, hal-hazırda bu rayonda atılan hər bir addım, yaşanan hər bir olay və s, daha çox diqqəti cəlb etməkdədir.
Bu kimi səbəblər üzündəndir ki, rayonun mərkəzi ərazilərindən olan X. Haqverdiyev küçəsində həyata keçirilən tikinti işləri, atılan bir çox addımlar və s. ilə bağlı, bu gün ayrı-ayrı insanların düşüncələrində fərqli yanaşmalar formalaşmaqdadır. Məsələn, mənbənin GundemXeber.az-a çatdırdığı məlumatlarda qeyd olunur ki, rayondakı tarixi abidənin qarşısında həyata keçirilən tikinti işlərinin heç bir hüquqi əsası yoxdur və qeyd olunan tikintinin dayandırılması, hətta sökülməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyindən rəsmi qaydada məktub da təqdim olunub. Bundan əlavə, bugünə kimi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, tikinti işlərinin həyata keçirilməsi ilə bağlı heç bir rəy də verilməyib.
Düzdür, çatdırılan belə bir məlumatlar əsasında məqalə hazırlayıb xəbər portalımızda yayımlayarkən, qarşı tərəfin də mövqeyini dinləməyə hazır olduğumuzu bildirmişdik. Çox keçmədi ki, Gədəbəy RİH-nin başçısı vəzifəsini icra edən cənab Natiq Nağıyevin verdiyi tapşırıqlar əsasında əsl həqiqətlər aşkara çıxarıldı. Yəni, adı çəkilən bu vəzifə sahibinin verdiyi tapşırıqlar əsasında, inşaası həyata keçirilən tikinti işlərinə dair lazımi sənədlərin surətləri redaksiyamıza çatdırıldı. O halda bəlli oldu ki, mənbənin redaksiyamıza çatdırdığı məlumatlardan fərqli olaraq, rayonun X. Haqverdiyev küçəsində inşaası həyata keçirilən tikiliyə aid sənədlər qaydasındadır. Yəni, bu tikili (Qeyri-yaşayış binası) ilə bağlı 06 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən, tikilinin hüquqi sahibi Rəhimov Fəqani Zahid oğlunun adına TEXNİKİ PASPORT və ÇIXARIŞ da verilib.
Son olaraq onu da bildirmək istəyirik ki, Gədəbəy rayonu paytaxt Bakı şəhərindən olduqca uzaq məsafədə yerləşsə də, hal-hazırda bu rayonda baş verənlər daha çox ictimai əhəmiyyət kəsb etməkdədir. Belə bir səbəbdəndir ki, hər kəs, ələlxüsus KİV nümayəndələri istər digər şəhər və rayonlarla, istərsə də Gədəbəylə bağlı daxil olan məlumatların əhəmiyyətinə, dəqiqliyinin müəyyən olunmasına və s. lazımi səviyyədə diqqət yetirərsə, yəqin ki, o halda mümkün uğurları əldə etməyimiz qaçılmaz olacaq. Ona görə də hər kəsdən, daha çox çoxsaylı oxucularımızdan bütün bunları nəzərə almalarını xahiş edirik. İnanırıq ki, birgə fəaliyyətimiz əldə edəcəyimiz uğurların əhəmiyyətini getdikcə artıracaq.
Sorğu
Yeni dizaynımız necədir?