Bakı Birlik Təşkilatının sədri, yazıçı, tanınmış jurnalist, ictimai xadim Abid Qafarovun sifarişli həbsi üzrə xüsusi ittihamlı məhkəmə ssenarisi sürür. Ssenariyə Yasamal məhkəməsinin tapşırığı ilə qoşulan ekspert də saxta, əsaslandırılmayan, qeyri – obyektiv rəyi ilə öz töhfəsini verib. Hakim anında 13 iyula məhkəmə, daha doğrusu, məzhəkə şousu təyin edib .
Bəri başdan deyək ki, heç bir rəyin, sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Onda qala obyektiv olmayan, əsaslandırılmayan rəy ola. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18.11.1999 -cu il tarixli 758-IQ saylı Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə, ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində OBYEKTİV, HƏRTƏRƏFLİ və tam həcmdə aparılmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanılmasına imkan verən müddəalara əsaslanmalıdır. Sözügedən qanunun 13-cü maddəsinə görə, qoyulmuş suallar üzrə OBYEKTİV VƏ ƏSASLANDIRILMIŞ RƏY vermək – ekspertin vəzifəsidir. Bəs niyə ekspert obyektiv və əsaslandırılmış rəy verməyib, “müti” , “müti olmamaq” söz və ifadələrinin təhqir olduğuna rəy verib? “Müti” sözünün təhqir olması nə ilə əsaslandırılır? Heç bir əsaslandırma yoxdur. Eyni zamanda, ekspertin rəyində konkret şəxslərə təhqir elementləri olması barədə gəldiyi nəticə də əsassızdır. Belə bəlli olur ki, hakim bilərəkdən Abid Qafarovun adını çəkmədiyi şəxslərin adını sualda göstərib və istədiyi nəticəni alıb. Bu isə eksperti yalan rəy verməyə məcbur etmək deməkdir və Cinayət Məcəlləsinin 299-cu maddəsi ilə tövsif olunmalıdır. Bilərəkdən saxta rəy vermək isə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə tövsif olunur. Bir anlığa təsəvvür edək ki, ekspertin təhqir saydığı sözləri Abid Qafarov yox, məsələn, Prezident Administrasiyasının, Milli Məclisin üzvü, hansısa nazirliyin sözçüsü deyib. Yenə də mi təhqir sayılacaqdı? Mərhum akademikin Milli Məclisdən konkret şəxsə qarşı küçə söyüşləri onda nədir? Bəs bir ara öncə konkret jurnalistləri təhqir edən deputatın “elmi -mədəni” aşağılaması necə?
Bakı Dövlət Universitetinin rektoru, hüquq elmləri doktoru, professor Firudin Səməndərovun redaktəsi ilə ilk növbədə hakimlər, prokurorlar, müstəntiqlər , vəkillər üçün tövsiyə olunan “ Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin kommentariyası” kitabında 147-ci (“Böhtan” ) və 148 -ci (“Təhqir”) maddələrində nəzərdə tutulan CİNAYƏTİN BİLAVASİTƏ (yəni birbaşa -M. B. ) OBYEKTİNİ ŞƏXSİYYƏTİN ŞƏRƏF VƏ LƏYAQƏTİ, NÜFUZUNUN təşkil etməsi doğrulanıb . Görünən budur ki, nə Xəzər rayon məhkəməsinin, nə Yasamal məhkəməsinin, nə də digər məhkəmələrin bu kitabdan xəbərləri yoxdur! (?) Odur ki, məhkəmə hakimlərinə hüquqdan dərs verməyə böyük ehtiyac var. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin kommentariyası kitabının 343-cü səhifəsində yazılıb ki, böhtan cinayəti üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir : məlumatın hər hansı ŞƏXSİN şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması. Hakimlərin stolüstü kitabı olan vəsaitin 345-ci səhifəsində , kommentariyanın 3—cü bəndində doğrulanıb :
“ŞƏRƏF VƏ LƏYAQƏTİ ALÇALDAN hərəkətlər KONKRET ŞƏXSƏ və ya ŞƏXSLƏRƏ QARŞI YÖNƏLMƏLİDİR. Əgər TƏHQİRİN konkret ÜNVANI YOXDURSA ( məsələn, BÜTÜN VƏZİFƏLİ ŞƏXSLƏRİ KORRUPSİYADA İTTİHAM ETMƏKLƏ, onlar haqqında SÖYÜŞLƏR SÖYMƏ və s.) CM-in 148-ci maddəsi üzrə CİNAYƏT MƏSULİYYƏTİ İSTİSNA OLUNUR. Təhqiredici sözlərin və hərəkətlərin HƏQİQƏTƏ UYĞUN OLUB- OLMAMASININ əməlin TÖVSİFİNƏ heç bir TƏSİRİ YOXDUR”
Məhkəmə hakimləri -Tərlan Əkbərov, Rauf Daşdəmirov, bəs edər, yoxsa kitabdan kommentariyaları yenə sitat gətirək? Sifarişi alanda, bir onun məhkəmə predmeti olub – olmamasını da araşdırın. Abid Qafarov hansı konkret şəxsi təhqir edib ki, ədalət, humanistlik, vicdan hissini itirərək, heç bir suçu olmayan şəxsi həbs etmək yolunu tutmusunuz? Bu günün sabahı da var .
Adını bilmədiyimiz ekspertin rəyi saxta olmaqla yanaşı, yuxuyozma yetgisi bağışlayır. Yeri gəlib, deyək, bir gün padşah yuxusunu danışıb yozmağı tapşırır. Yuxuyozan deyir ki, şah sağ olsun, bütün qohumların öləcək, axırda sən öləcəksən. Padşah əmr edir ki, bunun boynunu vurun, “hamı öləcək” nədir? O biri yuxuyozan isə belə yozur ki, şah sağ olsun, bütün qohumlarınızla birgə gözəl günlər yaşayacaqsan, sən qohumlarından daha uzun ömür sürəcəksən. Şah əmr edir ki, məni istəyən yuxuyozana xələt ! Fikir verirsinizsə yozumun nəticəsi eynidir, deyilişi, çatdırılması ayrıdır. Ona görə bir yuxuyozan başından olur, o birinin başına qızıl səpilir.
İbrət götürüləsi pritçadır, deyilmi? Nə yazıq, məhkəmələr, vəkillər, ekspertlər nə qanundan, hüquqdan dərs götürür, nə folklordan. Götürsəydilər, heç bir suçu olmayan alimi, yazarı (müdrik) sözünə, fikrinə görə həbs etmək yolu tutmazdılar. Bir daha deyirik, qanun Abid Qafarovun həbsini yolverilməz edir. Saxta ekspert rəyi də həbsə əsas vermir! !!
Məğrur Bədəlsoy
P. S. Abid Qafarov konkret şəxsin adını çəkməyib, özünü yandıran, ağzını tikən qazilərə nəsihət verib. Nəsihəti cinayət predmetinə çevrilməsə idi , daha bir qazimiz özünü yandırmazdı. Qarabağ qazilərinin Abid Qafarovun hüquqlarını müdafiə komitəsi olaraq biz nəsihəti qəbul edib, həbsə etiraz olaraq özümüzə qəsddən imtina edir, amma aclıq aksiyası keçirməkdə qərarlıyıq.
Sorğu
Yeni dizaynımız necədir?