Dünən jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı Türkiyənin Ankara xəstəxanasından narazılığını bildirib. Onkoloji xəstəliyinə görə Azərbaycan həbsxanasından azad edilən jurnalistin həyat yoldaşının həyacan dolu çağırış yazısını gundemxeber.az-ın çoxsaylı oxucularına təqdim edirik:
"Neçə gündür, nə gecəmiz var, nə gündüzümüz. Əvəz bəyin analizlərini iki həftəyə yaxındır ki, Ankarada xəstəxanaya təqdim etmişik. Bu müddət ərzində hələ də analizlərin cavabını almamışıq. “Gözləyin!” deyirlər, çünki həmin təhlillərin nəticələrinə uyğun olaraq müalicə vasitəsi seçəcəklər. Səbrimiz tükənib, analizin cavabını nə qədər gözləyək?! Bir yandan da son günlər Əvəz bəyin səhhətinin ağırlaşması, buna müvafiq olaraq düzgün və mütəmadi müalicənin aparılmaması bizi çıxılmaz duruma salıb. Əvəz Zeynallı o qədər ağrıyır, canı o qədər sızıldayır ki, bizimlə danışmağa belə gücü çatmır. Bəzən bir cümləni, bir neçə dəqiqəqəyə qurur. Bəzən Əvəz bəyin Ankaraya gedəcəyinə, o müalicəni almağa vaxtının belə çatacağına inanmıram. Hərdən adama elə gəlir ki, bu çıxılmaz yola qəsdən salınmışıq ki, yolu başa vura bilməyək.
Vaxtımız yoxdur, saniyələri sayırıq. Bu hər kəsə bəllidir. Öz imkanlarımızla bu günə qədər nələrisə etməyə çalışdıq. Görünür, bacarmadıq. Təəssüf, çox təəssüf! Məcburuq ki, məsuliyyəti və maddi dəstəyi üzərinə götürəcək bir quruma müraciət edək. Yad ölkədir, əlimizin, ünümüzün yetəcəyi yer yoxdur. Dostların məsləhəti ilə seçdiyimiz yolda çox yubanırıq, həm də gözlədiyimiz dəstəyi görmürük. Ya zəlzələdən, ya da vəlvələdən, hər gün, hər an geriyə gedirik. İrəli addım atacaq halımız qalmayıb.
Əvəz bəy özü müstəqil olaraq qərar vermək iqtidarında deyil. Fikirlərini belə tamı-tamına ifadə edə bilmir. Ona görə də dövlət tərəfindən rəsmi olaraq mənim himayəmə verilən Əvəz Zeynallının həyat yoldaşı olaraq, bütün məsuliyyəti öz üzərimə götürüb, Azərbaycan xalqına və dövlətinə müraciət edirəm:
Əvəz Zeynallı yaşadığı bütün fəaliyyət dövrünü Azərbaycan xalqı və Azərbaycan dövlətinin rifahı naminə keçirib. Vətən sağ olsun, bu gün də xidmətlərini unutmur. Xalqın sevgisini hər an ruhumuzda hiss edirik.
Lakin bu gün imtahan günüdür. Sabah çox gec olacaq, əminliklə, bilərəkdən deyirəm. Əvəz Zeynallının müalicəsi və sağalıb, ayağa qalxması üçün lazım olan hər şeyi etmək gücü göydə Allah, yerdə yalnız dövlətdə və uca xalqımdadır. Ona görə də, dövlətimə və xalqıma müraciət edirəm:
Əvəz Zeynallıya sahib çıxın!
Bizim zatən Dövlətimizdən və Millətimizdən başqa bir kimsəsiz yoxdur.
GundemXeber.Az
P.S. Hesab edirik ki, belə bir çağırışa Azərbaycan Dövləti biganə qalmamalıdır. "Əl tutmaq Əlidən qalıb" deyiblər.
Sorğu
Yeni dizaynımız necədir?