Ailəsində mülk davasını bölmək istəyən icra məmuruna qarşı cinayət törədən məhkəmədə cavab verdi
Ədliyyə Nazirliyinin vəzifəli şəxsinə qarşı müqavimət göstərməkdə ittiham olunan 1965-ci il təvəllüdlü Nəbi Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Nəbi Səmədov Şəki rayonu üzrə icra şöbəsinin böyük icra məmuru, 1-ci dərəcəli ədliyyə qulluqçusu Zülfüqar Mehdiyevə xidməti vəzifələrini yerinə yetirdiyinə görə zor tətbiq edib.
Məlum olub ki, Nəbi Səmədovun atası Səməd Səmədov onun həyat yoldaşı Aynur Səmədovanın evdən çıxarılması barədə iddia qaldırıb. Səməd Məmməun iddiasına Şəki rayon Məhkəməsində baxılıb.
İddia ərizəsi əsasında müəyyən edilib ki, Şəki rayonunun Baş Göynük kəndində yerləşən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı ərazi idarəsi tərəfindən verilmiş 9 aprel 2016-cı il tarixli RX seriyalı 0833959 nömrəli çıxarış Səməd Səmədova məxsusdur. Məhkəmə onun xüsusi mülkiyyətindəki fərdi yaşayış evindən Aynur Səmədovanın çıxarılması barədə qəbul edib.
7 iyun 2016-cı il tarixli qətnamə üzrə qeyd edilən məhkəmənin eyni tarixli icra vərəqəsi icra olunması üçün Şəki rayonu üzrə icra şöbəsinə göndərilib. Şöbənin böyük icra məmuru, birinci dərəcəli ədliyyə qulluqçusu Zülfüqar Mehdiyevin iştirakı ilə həmin ilin avqustun 23-də, saat 15:00-dan 20:00-dək olan müddət ərzində həmin ünvanda icrası həyata keçirilib.
Bu zaman Aynur Səmədova həmin evi könüllü olaraq evi tərk etmək istəməyib. Ədliyyə qulluqçusu Aynur Səmədovanın məcburi qaydada evdən çıxarılmasını həyata keçirib.
Bunu görən Nəbi Səmədov icra prosesinə mane olmaq qərarına gəlib. O, Zülfüqar Mehdiyevə zor tətbiq edibŞ onu dəfələrlə itələyib, icra prosesi zamanı evdən həyətə daşınan məişət əşyalarını tutub, həmçinin evin həyətinə yığılmış məişət əşyalarını yenidən evə daşımağa cəhd göstərib.
Bununla kifayətlənməyən Nəbi Səmədov etdiyi fəal müqavimətin nəticəsiz qaldığını görüb və Aynur Səmədovaya məxsus əşyalar maşına yığılaraq evin həyətindən çıxarıldıqdan sonra Zülfüqar Mehdiyevə yaxınlaşıb. O, qəflətən ədliyyə qulluqçusunun xidməti üst geyim formasının sağ çiyin paqonunu cırıb.
Nəbi Səmədov Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham edilib. Onun barəsində olan cinayət işinə Şəki rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Nəbi Səmədovun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib. Onun cəzasının əvvəli 2017-ci ilin fevralın 8-dən hesablanıb.
Məhkəmənin hökmündən narazı qalan Nəbi Səmədov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Onun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Rafail Əliyevin sdərlik etdiyi kollegiyada araşdırılıb.
Təqsirləndirilən şəxsin müdafiəçisi Dəyanət Mustafayev apelyasiya şikayətini belə əsaslandırıb ki, Şəki rayon Məhkəməsinin 7 iyun 2016-cı il tarixli qətnaməsi ilə Aynur Səmədovanın Səməd Səmədova məxsus Şəki rayonunun Baş Göynük kəndində yerləşən yaşayış evindən çıxarılması qərara alınıb: “Məhkəmə qətnaməsi icra edilərkən cavabdeh Aynur Səmədovanın həyat yoldaşı sayılan, iş üzrə təqsirləndirilən şəxs Nəbi Səmədov icra işinə mane olub və böyük icra məmuru Zülfüqar Mehdiyevin xidməti üst geyim formasının sağ çiyin paqonunu əli ilə dartaraq çıxarıb. Məhz bu hərəkətlərinə görə onun barəsində Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə cinayət işi başlanıb. Həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında təqsirləndirilən şəxs özünü təqsirli bilsə də, səmimi peşmançılığını qeyd etsə də, məhkəmə ona azadlıqdan məhrumetmə cəzası verib. Məhkəmə onun işinə qeyri-humanist mövqedən yanaşıb, ona 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edib. Şəki Rayon Məhkəməsinin hökmü humanizm və ədalət prinsiplərinə zidd olaraq çıxarılıb. Buna görə də həmin dəyişdirilməlidir”.
Müdafiəçi qeyd edib ki, Nəbi Səmədov ibtidai istintaqda, həm də məhkəmə istintaqında özünü təqsirli bilib, səmimi ifadələrlə törətdiyi əməli etiraf edib: “Bu əməllərindən Nəbi Səmədov səmimi peşmançılıq çəkdiyini qeyd edib. Bundan başqa, təqsirləndirilən şəxsin himayəsində xəstəlikdən əziyyət çəkən azyaşlı uşağı var. Cinayət Məcəlləsinin 59.1.4-cü
maddəsinə əsasən, təqsirləndirilən şəxsin himayəsində aşyaşlı uşağın olması yüngülləşdirici hal sayılır”.
Dəyanət Mustafayevin bildirdiyinə görə, iş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs ailə başçısı olaraq ailənin yeganə qazanc gətirə bilən şəxsidir: “Atası yaşlı, xəstə bir adamdır. Uşağı xəstədir. Həyat yoldaşı işsizdir. Buna baxmayaraq, məhkəmə ona veriləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə almayıb. Qeyd etdiklərimlə yanaşı, zərərçəkmiş Zülfüqar Mehdiyev təqsirləndirilən şəxslə barışıq əldə etdib və ona qarşı hər-hansı bir şikayəti olmamasını bildirib. Hətta o, öz çıxışında təqsirləndirilən şəxs barədə verilmiş cəzanın şərti tətbiq edilməsi haqqında hökm çıxarılmasını məhkəmədən xahiş etmişdi. Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən (cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi) yüngülləşdirici hal sayılır. Bütün bunlara baxmayaraq, məhkəmə təqsirləndirilən şəxs barədə azadlıqdan məhrum etmə cəzası təyin edib”.
Müdafiəçi bildirib ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir: “Məhkəmə az ağır cinayətlər üzrə, yuxarıda sadalanan formada yüngülləşdirici halları nəzərə alaraq, məhkumun cəza çəkmədən islah olunmasını mümkün
sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”.
Təqsirləndirilən Nəbi Səmədov apelyasiya şikayətinə əlavə olaraq bildirib ki, ona elan olunmuş ittihamda özünü tam təqsirli bilir, etdiyi əməldən peşmandır. O, xəstə olmasının və yaşının nəzərə alınmasını, Şəki rayon Məhkəməsinin 8 fevral 2017-ci il tarixli hökmünün dəyişdirilməsini, onun törətdiyi cinayətə görə ona veriləcək cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edib.
Zərərçəkmiş Zülfüqar Mehdiyev isə bildirib ki, təqsirləndirilən şəxslıə barışıb və ona qarşı şikayəti yoxdur. Dövlət ittihamçısı Vidadi Cabbarov apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edib.
Tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Nəbi Səmədovun vəkilinin şikayəti qismən təmin edilib və Şəki rayon Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə Nəbi Səmədovun cəzasını 3 aya endirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?