Ev sahibini bıçaqlayan kirayəşinin məhkəməsi başladı
Bakıda 44 yaşlı kişini bıçaqlamaqda təqsirli bilinən Daşkəsən rayon sakini, 1985-ci il təvəllüdlü Tahir İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, hadisə bu ilin aprelində Nəsimi rayonu, M.Cəlal Paşayev küçəsində baş verib. 1973-cü il təvəllüdlü Rüstəm Əhmədov 4-cü mikrorayon, naməlum şəraitdə bıçaq xəsarətləri alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhıli bilinən Tahir İsgəndərov tutulub.
O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.
Tahir İsgəndərov ona elan olunmuş ittiham üzrə özünü təqsirili bilib. O, qeyd edib ki, zərərçəkmiş Rüstəm Əhmədovla aralarında mübahisə düşüb: “Hadisədən əvvəl evdə oturmuşduq, Rüstəm bizə gəldi. O, çox içkili idi, məni söyürdü. Siqaret almağa getmək istədiyimi söylədim. Bu zaman o, məni boğmaq istədi. Rüstəm məni vurub, yerə yıxdı. Nə qədər etsəm də, onun əlindən çıxa bilmədim. Stolun üstündə meyvə bıçağı var idi. Əlimi ataraq bıçağı götürdüm. Bir-birimizi itələyən zaman bıçaq onun qarın boşluğuna girdi. Sonra onu taksi ilə xəstəxanaya aparan zaman qapını bağlamağa getdim”.
Tahir İsgəndərov bildirib ki, zərərçəkmiş Rüstəm Əhmədovun evində kirayədə qalıb. Zərərçəkmiş Rüstəm Əhmədov isə ifadə verən zaman hadisə günü içkili olduğunu deyib: “Hadisə barədə heç nə yadımda qalmayıb. Ad günündə litr yarım araq içmişdim. Əvvəllər də aramızda heç bir problem olmayıb”.
Sorğu
Yeni dizaynımız necədir?