Aşıq Namiqə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmişlər mülki iddia veriblər. Məhkəmə mülki iddiaları təmin edib.
Aşıq Namiq təqsirləndirilən şəxslər barəsində polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilməsini və onların həbs edilməsini istəyib. Məhkəmə bu vəsatəti təmin etməyib.
İttihama görə, Nərimanov rayonu ərazisində yerləşən "BestComp Group" firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub, həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadıb.
Onlar Elçin Məmmədova 2015-ci il avqustun 18-də həmin firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd HP markalı kompyuterləri satmaq üçün müştərilərinin olduğunu deyiblər.
Təqsirləndirilən şəxslər həmin malları başqa mağazaya sataraq pulu ələ keçiriblər.
Bundan başqa hər iki təqsirləndirilən şəxs 2014-2015-ci illərdə Aqil Məmmədovun 70550 manat, Namiq Hüseynovun (Aşıq Namiq) 54500 manat və Habil Hənifəyevin 53500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilirlər.
İttihamda yazılır ki, bu şəxslər də ucuz komuyter almaq istəyərkən təqsirləndirilən şəxslər tərəfindən aldadılıblar.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilən hər iki şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib./musavat
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?