Siyasi mühacirətdə olan gənc bloger Məhəmməd Mirzəlinin bacısının əri həbs edilib.
Laçından məcburi köçkün Elman Ağayev fevralın 13-də məhkəmə tərəfindən inzibati qaydada 30 sutka müddətinə həbs edilib. Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev facaebook səhifəsində məlumat yayıb.
Ağayevi iş yerindən aparıblar və küçədə polisə tabe olmamaqda ittiham ediblər. Onu Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında saxlayacaqlar və onun vəkili yoxdur.
Gülalıyev digər hüquq müdafiəçisi Taleh Xasməmmədovla birlikdə fevralın 15-də Göyçay rayonunda Məhəmməd Mirzəlinin ailəsinə baş çəkib.
Gülalıyev qeyd edib ki, son vaxtlar Mirzəlinin ailə üzvlərinə təzyiq göstərilir. Blogerin atası və yeznəsi əvvəllər də saxlanılıb və polis onlardan Məhəmmədin İnternetdə hökumət əleyhinə çıxışlara son qoymasını və xaricdə insan hüquqlarına dəstək aksiyalarında iştirak etməməsini tələb edib.
Hüquq müdafiə orqanları Elman Ağayevin həbsi ilə bağlı hər hansı məlumat yaymayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?