Almaniyada mühacirətdə olan siyasi fəal Tural Sadıqlının Bakının Sabunçu rayonunun, Romanı qəsəbəsində yaşayan 65 yaşlı atası Əlövsət Sadıqlı və onkololoji xəstə olan qonşusu fevralın 18-də axşam saatlarında saxlanılıb.
Tural Sadıqlı Azərbaycanın yüksək vəzifəli rəsmilərini kəskin tənqidləri ilə tanınır. O, həmçinin Avropa ölkələrində Azərbaycan iqtidarına qarşı keçirilən etiraz aksiyalarının fəal iştirakçılarındandır.
“Atam və qonşumuzun hara aparıldığı bəlli deyil. Evimizin ətrafında hələ də polis maşınları dayanıb. Onlar qardaşımı da axtarırlar”, Tural Sadıqlı Amerikanın Səsinə bildirib.
Xatırladaq ki, Tural Sadıqlının qardaşı və atası 2015-ci ildə də saxlanılıb. O, ailəsinə qarşı təzyiqlərin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
“2015-ci ildə yanvarın 21-də İlham Əliyevlə Almaniya kansleri Angele Merkelin görüşü zamanı bizim etiraz aksiyamızdan bir neçə həftə sonra fevralın 13-də atam və qardaşım Elgiz həbs edildi. Qardaşıma verilmiş iki illik həbs sonradan apellyasiya məhkəməsinin qərarı ilə şərti cəza hesab edilərək azadlığa buraxıldı. Ondan sonra ailə üzvlərimizə ara-sıra təzyiqlər, təhdidlər olurdu. İndi isə mühacirətdə olan digər siyasi fəalların ailə üzvlərinə qarşı edilən repressiya dalğası mənim ailə üzvlərimə qarşı da yönəlib”, Tural Sadıqlı Amerikanın Səsinə bildirib.
Siyasi fəalın atası Əlövsət Sadıqlının mobil telefonuna hazırda zəng çatır. Telefona cavab verən olmur və kim isə telefonu dərhal qapadır.
Rəsmi qurumlar siyasi fəalın saxlanılmasının səbəbləri ilə bağlı hələ hər hansı məlumat verməyib.
Sorğu
Yeni dizaynımız necədir?