Başa vurduğumuz həftə cəmiyyəti daha bir olay “silkələdi”. Mediada 14 yaşında bir yeniyetmənin Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun “Neftçilər” stansiyası istiqamətinə gələn yolda iş adamı Füzuli Fərəcovun oğlu Ağaəli Fərəcovun idarə etdiyi “Porsche” markalı 99-BS-99 dövlət nömrə nişanlı avtomobil Xəyalə Məmmədova adlı xanımı vuraraq hadisə yerindən qaçması haqda xəbərlər yaydı. Xəyalə Məmmədova isə elə yerindəcə keçinmişdi...
Bəlkə də bu gündəlik baş verən yol qəzası hadisəsi kimi diqqəti çəkməyə bilərdi. Lakin bəhs etdiyimiz bu qəzanı törədən Ağaəli Fərəcovun aş yaşlı olması diqqəti çəkir. Onun atası, zənginliyi ilə ad çıxaran Füzuli Fərəcovun danışığı isə əhalinin qıcığına səbəb oldu. İş adamı bəyan etdi ki, onun övladının 14 yaşı var və Ağaəli həbs edilə bilməz, ən yaxşı halda cərimə oluna bilər. Bu insanlar da ikrah hissi yaratdı. Üstəlik iş adamının oğlunun sosial şəbəkələrdə olan fotoları yayıldı. Məlum oldu ki, atanın 14 yaşlı gül balası dəyəri 100-200 min manatlıq Porsche sürə bilər, gecə klublarında əylənə bilər, spirtli içki və siqaret tədarük edə bilər və nəhayətdə hətta sürücü vəsiqəsi olmadan avtomobil sürərək qəza törədib bir insanın taleyinə son qoya bilər, amma həbs edilə, cəza çəkə bilməz...
Əlbəttə, heç kəs arzu etməz ki, 14, lap elə 50 yaşlı biri həbsxanaya düşsün, ömrünün müəyyən hissəsini barmaqlıqlar arasında keçirsin. Amma həm də həbsxanalarda minlərlə insan saxlanılır, onların bəzisi heç törətmədiyi əmələ görə cəza çəkir, bəzisinin ümumiyyətlə günahı yoxdur. Üstəlik yeniyetmələr üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsində nə qədər desəniz Ağaəli Fərəcov yaşda olan gənclər var. Onlar heç Ağaəli kimi bir insanın taleyinə də son qoymayıb. Belə olan halda nədən eyni yaşda olanların biri həbs edilə, digəri isə cəzadan yayına bilər? Kiminsə yaxın qohumunun məmur olması, onu cəzadan azad edə bilərmi? Əlbəttə yox!
Bu məsələdə ürək qoparan bir məqam da hadisə zamanı ölən Xəyalə Məmmədova ilə bağlıdır. Xəyalənin qohumu Yeganə xanım deyib ki, onların maddi vəziyyəti çox ağırdır, hətta yas məclisini yola vermək, dəfni həyata keçirmək üçün imkanları yoxdur. Xəyalədən də Azərbaycan xalqına iki körpə qız uşağı qaldı. Xəyalənin yasını verə bilməyən cəmiyyət onun iki körpəsinə təhsil verə bilərmi? Bu əslində düşündürcü sualdır. Məncə, Yox! Normalda dövlət baba deyilən məhfum belə körpələrə sahib çıxmalıdır. Bunun birinci yolu isə onları anasız qoyan şəxsin cəzalandırılmasında keçir.
Açığı, bu hadisə adamın ürəyini qayçı kimi kəsir, param-parça edir. Yəqin ki, belə hadisələr çox olur, kimsə kiminsə həyatına son qoyur və rahat həyatına davam edir. Çünki pulu, imkanı var. Belə davam etməməlidir! Əks halda bizlər yol kənarında yerləşən məzarlıqdan keçəndə orada yatanların ruhunun səsini eşidəcəyik. Bizi söyəcəklər, bu cəmiyyətdə yaşamadıqları üçün sevindiklərini deyəcəklər və həm də məcburi bizimlə qoyub getdikləri əzizləri üçün narahat olacaqlar. Çünki cəmiyyətdə yaşanan ədalətsizliklərin əks sədası onların qulağına gedib çatacaq. Biləcəklər ki, onların həyatına son verənlər kef məclislərindədir, qoyub getdikləri isə bir tikə çörək tapa bilmirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?