Bu gün İspaniyanın ikinci ən böyük şəhəri, həmçinin Kataloniya əyalətinin paytaxtı Barselonada CRANS MONTANA FORUM 28th Annual Session (Crans Montana Forumunun 28-ci illik sessiyası) öz işinə başlayıb. Forumda Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı Qənirə Paşayeva da var.
Gündəm xəbər bildirir ki, foruma qatılan Qənirə Paşayeva forum iştirakçılarının diqqətini Ermənistanın Azərbaycana, Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi vəhşiliyə yönəldə bilib.
Foruma dünən düşmən tərəfindən Füzuli rayonunun Alxanlı kəndində nənəsi ilə bərabər qətlə yetirilmiş 18 aylıq körpə Zəhranın fotoları ilə qatılan millət vəkili iştirakçılara erməni vəhşiliyi, törədilmiş erməni terroru barədə ətraflı məlumat verib.
Qənirə Paşayeva fasilə zamanı da bir çox şəxslərlə ayrılıqda söhbətlər edərək erməni vandalizmi barəsində geniş danışıb. Onlar arasında Aralıq dənizi Birliyi təşkilatı Baş katibi Fathallah Sijilmassi, Malavi Parlament sədrinin 1-ci müavini Estber Mcheka Chilenjey, Beninin Gənclər və İdman naziri Osvald Homeky, Malta prezidentinin xanım Marie-Louise Coleiro-Preca, Nigeriya, Mərakeş, Eritreya və Kamerun nümayəndə heyətləri, Burkino Fasonun Gənclər və İdman naziri Tairou Bangre, Solomon Adalarının naziri Samuel Manetoali, Afrika ölkələrinin tanınmış təşkilat və QHT rəhbərləri olub.
Qənirə Paşayeva qeyd edib: "Ermənistanın qətlə yetirdiyi balaca Zəhradan və Ermənistanın cinayətlərindən danışdıq. Bütün dünya ictimaiyyəti etnik və dini kimliyindən asılı olmadan bu cinayətlərə etiraz səslərini yüksəltməlidir. Beynəlxalq ictimaiyyəti Ermənistanın vandalizm aktlarına səssiz qalmamalıdır. Onlara Ermənistanın işğalçılığı üzündən evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün barədə və Ermənistanın yerinə yetirməkdən imtina etdiyi beynəlxalq təşkilat qətnamələri barədə də geniş məlumatlar verdik".
Sorğu
Yeni dizaynımız necədir?