Mən adətən məktubu ölülərə yazıram. Elə-belə dərdləşmək üçün. Onlar da səsimə səs vermir. Məlum, ölüdülər. Bu dəfə sizə yazdım. Sizdən səs çıxar deyə. Bu günlərdə cənab Prezident İlham Əliyev jurnalistlərə mükəmməl bir hədiyyə elədi. Mətbuat günü ilə bağlı mənzil payladı. Düzdür, dövlət başçısının bu addımına kölgə salanlar da oldu, təqdir edənlər də. Mən ikincilərdəndim. Niyə? Düşünürəm ki, qələm adamı, söz adamı heç vaxt aldığı maaşla özünə firavan həyat qura bilmir. Çünki bizdə sözün qiyməti ucuzdur. Özü də çox ucuz! Bunu siz də yaxşı bilirsiz, biz də. 22 ilini mətbuata həsr edən biri kimi özümü o mənzillərdən ən yaxşısına layiq bilirdim. Bilirdim nədir, hətta özümü buna hazırlamışdım da. Hələ uşaqlarımı demirəm!?. 6 yaşlı qızım 41 kvadratmetrlik xruşşovka mənzilimin döşəməsinə çöküb əllərini tez-tez göyə açırdı. “ Allah, bizə də ev ver” deyirdi. Əstəğfürallah, ona belə deməyi öyrətməmişdim, sadəcə haçansa yanında demişdim ki, Allah uşaqları daha tez eşidir. Allah mənim qızımı da, məni də məyus elədi. Bizim xəyallarımızın evini uçurtdular. Və ..mən mənzil almadım. Hərçənd dövlətimin başçısı onu mənim kimi jurnalistlərə hədiyyə edin demişdi. Layiqli, mənzil şəraiti yüksək olmayan və ümumiyyətlə olmayan, peşəkar, əsl qələm adamına. Mənim mənzilim isə demək olar ki, mənim deyil. İpoteka kreditində olan mənzil heç vaxt sənin olmur. O beşmərtəbəli evin altıncı mərtəbəsi kimi bir şeydir. O hələ 11 ildən sonra mənim olacaq. Mənim 57 yaşımın tamamında.
Deyə bilərsiz ki, o zaman bəs niyə qızının 6 yaşı var? Deyim. Üzrlü sayın, mən bu qızı 40 yaşımın tamamında qazanmışam. Bilirsiz niyə? Çünki, ilk övladım, qızımdan 10 yaş böyük oğlum rütubətli, kirayə evlərdə xəstəlik qazandı. İkinci bir övladıma xəstəlik, dərd yaşatmaq istəmədim. İndi oğlum 16 yaşının içindədir, o hər dəfə ürək dərmanı içində, mən də ürəyimin yağını içirəm. Bəlkə də məni tanıyırsız, bəlkə də heç yox. Tanıyırsızsa nə gözəl, tanımırsızsa haqqımda arayış verim. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. 1996-cı ildə. O vaxtdan peşəkar jurnalistikadayam. Gənc yaşlarımda “Hürriyyət”, “Azadlıq” qəzetlərində işləmişəm, sonra ANS televiziyasına gəlmişəm. “İç xəbər” kimi ağır sosial proqramın yükü düz 8 il çiynimdə olub. Verilişin redaktoru, şef redaktoru, nəhayət rəhbəri vəzifəsinə kimi qalxmışam. Sonra əsas xəbərlərdə xüsusi müxbir, sonra sənədli filmlər. 13 illik televiziya fəaliyyəti dövründə Azərbaycan dövlətçiliyinə, tarixinə xidmət edən 20-yə yaxın sənədli film çəkmişəm. Məsələn, üçrəngli bayrağımızın tarixindən bəhs edən “Sevgili bayrağım”, müstəqil cümhuriyyətin tarixindən bəhs edən “Bədirlənmiş May”, Azərbaycanın ordu qurucuları olan generallarımız Səməd bəy Mehmandarov və Əlağa Şıxlinski haqqında hazırladığım “Sərdar”, “ Artilleriya Allahı” filmləri, 1920-ci ilin aprel işğalından söz açan “Aprel səhəri” mənim gərgin əməyimin nəticəsidir. 2015-ci ildə bu əməyim dövlət başçısı tərəfindən dəyərləndirilib. Əməkdar Jurnalist fəxri adını almışam. Bu, əlbəttə mənim fəaliyyətimə, əməyimə verilən ən böyük mükafat olub. Deyəcəksiz ki, bütün bunları niyə Mətbuat Şurasının sədri Əflatun Amaşova yox, mənə yazırsız?Ona görə ki, Əflatun Amaşov məni tanımır. Özü də heç tanımır. Tanısaydı, xidmətlərimi dəyərləndirər, deyərdi ki, mənzil bu jurnalistin haqqıdır. Amma o neynədi? Sizin yazıçılardan da bir neçəsini jurnalistlərin binasına ortaq etdi. Ya da ortaq edənlərlə razılaşdı. Evi QOŞALIları mənim haqqıma qoşdu! Əgər o ev gənc yazıçı, özünü 17-ci mərtəbədən atan Mövludun ailəsinə verilsəydi, mən bu müraciəti heç sizə etməzdim. Çünki, onun xanımı da jurnalistdir. Ağzıma su alardım ki, haqq elədilər, qoy Sevinc körpəsini firavan böyütsün. Təəssüf ki,bu gözləntim də özünü doğrultmadı və Sevinc – Mövludun həyat yoldaşı sevinc göz yaşlarında boğulmadı. Əminəm ki, həmin təmtaraqlı gün o da mənim kimi boğuldu. Boğazında kal armud qalan kimi… Ona görə də Sizdən xahiş edirəm, yazıçılarınıza nə vaxt bina tikilsə, bizim haqqımızı qaytarın! Mənə qaytarsaz, mən onu Sevincə bağışlayacam. Söz verirəm. Söz xatirinə söz yox ha!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?