Gundemxeber.az » Ölkə » Mədəniyyət » FƏLSƏFƏ DOKTORUNDAN ŞEYX MƏHƏMMƏD XİAYABNİ HAQQINDA MARAQLI YAZI - TƏFƏRRÜAT
Şeyx Məhəmməd Xiyabani
Xalqımızın mübariz oğlu, demokratiya və azadlıq uğrunda mücahid, Məşrutə İnqilabının liderlərindən biri, Azadistan adlı dövlətin qurucusu Şeyx Məhəmməd Xəyabani qısa ömür yaşasa da, Cənubi Azərbaycanda davamlı şəkildə cərəyan edən milli hərəkatın əyilməz və ləyaqətli şturmanlarından biri idi, Onun milli təfəkkürə səpdiyi fikir və ideyaları hər bir tarixi fürsətdə millətin ayağa qalxmasında, haqqını istəməsində mühüm rol oynadı. “Mən şəhid olmağı Tehrandan gələn nümayəndə qarşısında təslim olmaqdan üstün tuturam, mən düşmən önündə dizimi yerə qoymaram” deyən Şeyx Məhəmməd Xiyabani öz ölümü ilə bütöv bir millətin şərəf və ləyaqət tarixini yazan şəxslər sırasında yer aldı.
O, qəməri təqvimi ilə 1297-ci ildə (1880)_Şəbüstər şəhristanına tabe olan Xamnə kəndində dünyaya gəlmişdi. Rusiyada ticarətlə məşğul olan atası Hacı Əbdülhəmid təqribən 30 il Dağıstanın o zamankı paytaxtı Petrovskidə yaşayıb, alver etmişdi. İlk uşaqlıq illərində Şeyx Məhəmməd özü də Rusiyaya səfər etmiş, orada bir müddət ticarət işlərində atasına kömək göstərmişdi.
Xiyabani məktəb illərində fiqh və üsul, heyət və astronomiyanı mükəmməl mənimsəmişdi. O, bir müddət hikmət və təbiət elmləri, tarix və ədəbiyyatla da məşğul olmuşdu. Xiyabani bir müddət Təbrizin Talibiyyə məktəbində müəllilmlik də etmişdi. Əhməd Kəsrəvinin yazdığına gərə, o, Təbrizdə Talibiyyə məktəbində təhsil alarkən onun müəllimlərindən biri Xiyabani olmuşdu və onların ilk tanışlığı burada başlanmışdı. Əhməd Kəsrəvi Xiyabanini belə təsvir edir: “Ağ və işıqlı üzü, qara saçları, arıq cüssəsi, iri, qara gözləri vardı, iti baxışları eynək şüşəsinin arxasından ox kimi sancılırdı. Öyrəndim ki, xüsusi ciddiyyəti və zirəkliyi var. Onunla üz-üzə gələndə ciddi simasına, adamda xüsusi təssürat yaradan sifətinin rənginə tamaşa etməyi sevirdim” (3, səh 2.). Əmisi çar kazakları tərəfindən öldürülən Şeyx Məhəmməd Xiyabani sonradan Təbriz Camiə Məscidinin pişnamazı səviyyəsinədək yüksəlmişdi.
Şeyx Məhəmməd Xiyabaninin həyat yoldaşı İran inqilabının lideri, ayətullah Xamneinin bibisi olmuşdur. Xamneinin Tehranda nəşr olunan “Xun-e deli ke, ləl şod” (Yeri gəlmişkən, həmin kitab İstanbulda “Ləl olan bir ürək qanı” adı ilə türk dilində nəşr olunmuşdur) adlı memuarında həmin qohumluq əlaqəsini aşağıdakı kimi təsvir etmişdir: “Atam cənab Seyid Cavad Xamenei Təbrizin məşhur alim ailələrindən idi. O, hicri-qəməri tarixi ilə 1313-cü ildə Nəcəfdə dünyaya gəlimişdi. Onun atası Ağa Seyid Hüseyn Xamenei Təbriz Camiə məscidinin imamı olmuşdu. Həmin babam, yəni cənab Seyid Hüseyn Xamnei haqqında bir az geniş danışmaq istərdim, o, iyirmi il Nəcəfdə oxumuş, Fazil Şərbianinin və Şeyx Abdulla Məmqaninin atası Şeyx Həsən Məmqaninin tələbələrindən sayılırdı. Hicri-qəməri təqvimi ilə 1315-ci ildə, Mirzə Şirazinin vəfatından üç il sonra Təbrizə qayıtmış və hicri-qəməri tarixi ilə 1325-ci ildə, yəni Məşrutə inqilabından bir neçə ay sonra dününyasını dəyişmiş və Təbrizdə dəfn olunmuşdu. Sonra onun cənazəsi Nəcəf şəhərinə aparılaraq Vadi əs-Salam qəbiristanlığında torpağa tapşırılmışdı. O, məşhur Şeyx Məhəmməd Xəyabaninin həyat yoldaşının atasıdır; Deməli, Xiyabaninin həyat yoldaşı bizim bibimizdir” (1. səh. 4).
Onu da qeyd edək ki, Şeyx Məhəmməd Xiyabani iki dəfə evlənmişdir. Onun öz əmisi qızı olan ikinci həyat yoldaşı el arasında Xanımağa kimi tanınan Xeyrənisə Nikpəndar olmuşdur. Şeyxin Fatimə, Mahmud, Rübabə, Həsən, Hüşam, və Məhəmməd adlı altı övladı olmuşdur.
Burada onu da qeyd etmək yerinə düşərdi ki, Şeyx Məhəmməd Xiyabani həmin dövrdə Təbriz Camiə Məscidində pişnamaz olan Hacı Seyid Hüseynin, yəni qaynatasının ölümündən sonra onun yerini və vəzifəsini tutmuşdur. O, günortalar Camiə məscidində, səhərlər və axşamlar isə Kərim xan məscidində imamlıq edirdi.
Məşrutə inqilabının qələbəsindən sonra şəmsi tarixi ilə 1285-ci ildə Təbrizdə əyalət əncüməninin təsis edilməsi ilə Məhəmməd Xiyabaninin həyatının yeni mərhələsi başlanmışdı. Təbrizin mühasirəsi zamanı şəhərin müdafiəsində mühüm rol oynayan Xiyabani həm natiq, həm də əyilməz qəhrəman kimi məşhurlaşmışdı. Həmin dövrdə xarici müdaxilələr, o cümlədən Rusiya, İngiltərə və Almaniyanın İrana müdaxiləsi nəticəsində ölkədə vəziyyət xeyli mürəkkəbləşmişdi. Məhəmmədəli şahın taxtdan salınmasından sonra 30 yaşlı Xiyabani Təbriz əhalisinin nümayəndəsi kimi Milli Şuranın ikinci çağırış məclisinə seçilmişdi. O, həmçinin dördüncü məclisə nümayəndə seçilsə də, həmin parlamentdə iştirak edə bilməmişdi.
Xiyabaninin ilk məşhur siyasi gedişi ikinci məclisdə Rusiyanın ultimatumu əleyhinə bir saatlıq bəlağətli çıxışı olmuşdu. İran dövləti tərəfindən ultimatum qəbul edildikdən və məclis tətilə çıxdıqdan sonra Xiyabani Tehranın Səbzemeydan adlanan hissəsində bir iclas keçirdi və o zamankı Baş Nazir Vüsuqüddövlə tərəfindən həbs olunmaqdan xilas olmaq üçün Xorasana üz tutdu və üç ay orada yaşadı. Sonra Bakıya və Tiflisə gələn Şeyx Məhəmməd Xiyabani qısa müddətdən sonra dəmir yolu ilə Təbrizə döndü. Bu zaman Təbrizdə rusların köməyi ilə Səməd xan Şücaüddövlə hakimlik edirdi və o, Xiyabanini həbs etmək üçün fürsət axtarır, planlar qururdu. Buna görə də Xiyabani Təbrizə girə bilmir, dostları qərara alır ki, onun ailəsini Təbrizə göndərsinlər, özü isə yenidən Petrovskidə əmisinin və yaxın qohumlarının yanında yaşamağa getsin. O buna razı olmadığından qısa müddətdən sonra Təbrizə yola düşür.
Şeyx Məhəmməd Xiyabani bir ay burada gizlin yaşadıqdan sonra dostları belə qərara gəlir ki, onun Təbrizdə olması barədə Səməd xan Şücaüddövləyə özləri məlumat versinlər. Belə də edirlər, uzun müzakirədən sonra Xiyabani haqqında xüsusi hökm verilir. Həmin hökmdə ona camaat imamlığı və ticarətlə məşğul olmaq izni verilsə də, siyasətlə məşğul olmaq qadağan edilir. Lakin Xiyabani dostları ilə gizlin şəkildə görüşlər keçirir və ölkədəki vəziyyəti müzakirə edərək, yeni planlar qurur.
Rusiyada baş verən oktyabr inqilabından sonra Səməd xan Azərbaycan hakimliyindən uzaqlaşdırılır, ölkədə nisbi azad mühiti yaranır. Bundan istifadə edən Xiyabani siyasi fəaliyyətini genişləndirmək üçün dostları ilə birgə Demokrat Partiyasının bünövrəsini qoyur. Bundan sonra millətin dərdini ifadə etmək və öz fikirlərini bəyan etmək məqsədi ilə “Təcəddüd” adlı qəzet nəşr etməyi qərara alır. İlk nömrəsi 1295-ci ildə işıq üzü görən həftəlik “Təcəddüd” qəzeti öz fəaliyyətini 1299-cu ilə - Xiyabaninin qətlinə qədər davam etdirdi. “Təcəddüd” qəzeti başqa qəzetlərə münasibətdə Azərbaycanın intellektual yüksəlişi uğrunda daha davamlı mübarizə aparmışdır. Qəzetin hər nömrəsində Xiyabaninin fikirlərini, məram və məqsədini ehtiva edən çıxışları yer alırdı. Qəzetin əsas məqalələrini özü yazsa da, onun rəhbərliyini təbrizli Mirzə Təği xan Rüfətə həvalə etmişdi. Təği Rüfət hicri-qəməri təqvimi ilə 1303, yaxud 1305-ci ildə Təbrizdə anadan olmuş, İstanbulda təhsil almış, Trabzonda iranlıların Nasiri məktəbinin müdiri kimi fəaliyyət göstərmişdi. Qəməri təqvimi ilə 1335-ci ildə, yəni Birinci Dünya müharibəsi başlananda Təbrizə gəlmiş, əvvəlcə Məhəmmədiyyə məktəbində fransız dilini tədris etməyə başlamışdı. Şeyx Məhəmməd Xiyabani hərəkatının ilk illərindən ona qoşularaq, Azadistanın mədəniyyət işlərini üzərinə götürmüşdü. O, istedadlı şair və dramaturq idi. Yeni şeirin nümayəndəsi hesab olunan Təği Rüfətin bəzi məqalələri “Femina” imzası ilə çap olunurdu. Demokrat firqəsinin orqanı olan qəzet Əyalət Əncümən Komitəsinin məram və məqsədini yayır. Qəzetnin bir neçə nömrəsində Rüfət Tağının “Azadlıqlar” adlı silsilə məqaləsi çap olunmuşdu. O, Iranin ədəbi və ictimai təcəddüdünün (yenidən qurulmasının) tərəfdarlarından idi. Qəzetdə bir neçə qadın yazar da çalışırdı. Fars ədəbiyyatında “feminizm” sözü ilk dəfə bu qəzetdə işlənmişdir. Bundan əlavə, Urmiyada azərbaycanlılara qarşı ermənilərin törətdikləri qırğınlar barədə də ilk dəfə bu qəzetdə məlumat getmişdir. Mahmud Fazili bununla bağlı yazır: “Təcəddüd” yeganə qəzet idi ki, Urmiyada 10 minlərlə insanın ermənilər tərəfindən qətli-ama məruz qalması haqqında xəbərləri dərc etmişdir” (2). Qəzetin müdiri Təği Rüfət, demək olaer ki, qəzetin hər nömrəsində Şeyx Məhəmməd Xiyabani ilə bərabər çıxış edirdi. Onu da qeyd edək ki, T.Rüfət Xiyabaniyə son ana qədər sadiq qalan az-az insanlardan olmuşdur. Məhəmməd Səfvət “Dostların dastanı, yaxud Azərbaycan ədiblərinin və şairlərinin təzkirəsi” kitabında (4.s.83) Rüfət Təğının ölümündən bəhs edərək yazır: “Təbriz qiyamının süqutundan və Şeyx Məhəmməd Xiyabaninin qətlindən bir gün sonra 31 yaşlı Mirzə Təği xan Rüfət intihar etdi”. O, Xiyabaninin qətlindən və Azərbaycan idealının məhvindən sonra həyatda qalmağın mümkünsüz olduğunu bildirərək, Təbriz yaxınlığında bir kənddə hicri-qəməri tarixi ilə 1339-cu ildə həyatına son qoymuşdur.
Şeyx Məhəmməd Xiyabani Birinci Dünya müharibəsi illərində ingilis, rus və almanların siyasətinə qarşı mücadiləyə qalxmış və nəticədə müharibənin sonunda ölkədən qovulmuşdu. Xiyabani 1919-cu ildə Vüsuqüddövlə hökumətinin ingilislərlə bağladığı müqaviləyə etiraz olaraq qiyama qalxmışdı. Bu müqavilə ilə ölkədə bütün dəmir yollarının və şosse yollarının tikintisi ingilislərə tapşırılır, ordu və maliyyə qaynaqlarına nəzarət Britaniya hökumətinə verilirdi. O, 1299-cu ilin yazında Vüsüquddövlə müqaviləsinin ləğv edilməsi uğrunda silahlı üsyana əl atdı. Xiyabaninin üsyanının əsas səbəbi Baş Nazir Vasuqüddövlənin müqaviləni təsdiqləmək üçün yekdil parlament yaratmaq istəməsi idi. Xiyabani Vüsuqun təsiri və təzyiqinə baxmayaraq, Azərbaycan Demokrat Partiyasının altı üzvünü parlamentə göndərə bilmişdi. Belə olan tərzdə Vüsuq təşəbbüsü ələ almaq üçün Demokratik Partiyanı qeyri-qanuni elan etməyə qərar verdi. Amma Vüsuqqüddövlənin ölkədə qarşıdurmanı aradan qaldırmaqda bacarıqsızlığını görən siyasi qüvvələrin təzyiqi ilə o, vəzifəsindən uzaqlaşdırıldı və onun yerinə Müşiriddövlə gəldi. 1906-ci ildən Xiyabanini tanıyan Əhməd Kəsrəvi “Şeyx Məhəmməd Xiyabani” adlı əsərinin altıncı fəslinin “İşin sonu və Xiyabanin öldürülməsi” adlı bölməsində həmin məsələyə belə aydınlıq gətirir və Müşiriddövləni demokratik fikirli birisi kimi dəyərləndirməyə çalışır: “Vüsuqüddövlənin kabinetindən sonra ağayi-Müşirüddövlə Nazirlər Kabinetinin sədri və İranın rəhbəri oldu. Hamımız bilirik ki, o, azadxahlardan biri kimi tanınırdı. Sözsüz ki, o, azadixahlar kütləsindən sayılan Təbriz inqilabçıları ilə döyüşmək, işi müharibə və qan tökmək səviyyəsinə çatdırmaq istəmirdi. Xüsusilə də, o zaman dövlətin Mazandaran və Gilanda saysız problemləri var idi, buna görə iki ay keçsə də, dövlət Xiyabanin qarşısında barışıq qapısını döyür, ona öyüd -nəsihət verdi. Lakin Xiyabani və onunla birlikdə olanlar o başda deyildilər ki, öyüd –nəsihət qəbul etsinlər. Onlar özlərini yüksək məqama qaldırmış və oradan enmək istəmirdilər. O zaman dövlət teleqrafları çap etmək üçün qəzetə vermirdi, buna görə də həmin günlərdə dövlətin Xiyabani ilə dialoqu barədə dürüst məlumat verən jurnalist tapmadım, ancaq bəzi teleqrafları oxuya bildim” (3.s.163).
Həmin teleqraflarda yalnız qısa informasiyalar verilir, dövlətin Azərbaycanda islahat aparıb-aparmamaq fikrində olması barədə heç nə deyilmirdi, sadəcə Xiyabani müzakirələrə dəvət olunurdu. Xiyabaninin Tehrandan gələn teleqraflara cavabı qəzetlərdə dərc olunmuşdur. O, dövlətin Azadistanı rəsmi tanımayacağı halda heç bir müzakirənin olmayacağını bildirirdi (Təbii ki, Azadistan deyəndə o vaxtkı Azərbaycanı nəzərdə tutulurdu. Xiyabani istəyirdi ki, İran dövləti Azərbaycanda onun idarəçiliyini rəsmi şəkildə qəbul etsin). İkinci teleqrafda isə dövlət Hacı Mirzə Mehdiquluxan Müxbirüssəltənəni Azərbaycana vali təyin etdiyini, tezliklə onun vəzifəsinə başlayacağını bildirirdi. Xiyabani həmin informasiyaya çox sərt şəkildə cavab verərək deyir ki, Hacı Müxbirüssəltənənin gəlişi islahatlar üçündürsə, biz özümüz həmin islahatlarla məşğuluq, yox, başqa məqsədlədirsə, o, bizə lazım deyil. Bir neçə gündən sonra Xiyabani Tehrana digər bir teleqraf göndərmişdir və orada bildirir ki, millət Hacı Müxbirüssəltənəni qəbul etmir və bundan sonra dövlətdən Azadistan üçün pul köməkliyi istənilməyəcək.
Xiyabaninin teleqrafları mərkəzə çatandan sonra Tehran yaxşı başa düşür ki, söz-söhbət, öyüd-nəsihət fayda verməyəcək. Buna görə Azərbaycanın valisi təyin olunmuş Haci Müxbirüssəltənəni yola salır. O, qəməri tarixi ilə 1325 və 1327-ci illərdə iki dəfə Azərbaycanda vali olmuşdu. Bu yerlərin vəziyyətindən lazımı qədər məlumatlı idi. Bütün zamanlarda hakimiyyətin mövqeyini müdafiə edən Əhməd Kəsrəvi Müxbirüssəltənənin gəlişi və üsyanın süquqtu barədə onun fikirlərini də özünəməxsus şəkildə şərh etmişdir: “Müxbiüssəltənənin qiyam haqqında çox yaxşı informasiyası vardı, o, bilirdi ki, Azərbaycanda təkcə xalq deyil, Təbriz azadlıqsevərləri də Xiyabanidən inciyiblər, qiyamçıların ətrafında bir dəstə yaltaqdan başqa kimsə qalmayıb. Buna görə o (yəni Müxbirüssəltənə) Tehrandan bir neçə xidmətçi və nökərdən başqa özü ilə heç kəsi gətirməmişdi (deyilənə görə, o, zilhiccənin ya 11, ya da 12-sində gəlmişdi). O, Basməncə çatanda onu qarşılamağa Təbrizdən və Xiyabani tərəfdən Hacı Saədüssltənə gəlmişdi. Onların orada nə danışdığını biz bilmirik, sözün qısası budur ki, Hacı Müxbirüssəltənə şəhərə daxil oldu, lakin onu Alaqapıya qoymadılar, o, çarəsiz qalaraq Şeşkəlan məhəlləsində ağayi-Rəşidülmülkün evinə düşdü” (3. 164).
Əhməd Kəsrəvinin “qiyamçıların ətrafında bir neçə yaltaq qalmışdı” fikri doğru deyil, çünki bu halda Tehran iki ay oturub gözləməzdi, məsələni dərhal bitirərdi. Bunu Ə.Kəsrəvinin sonrakı məlumatları da təkzib edir, o, Müxbirüssəltənənin inqilabçılardan qorxduğunu və qorxduğuna görə də ilk dövrlərdə heç bir addım ata bilmədiyini yazır. Yalnız Hərbi Nazirliyin xahişi ilə rus kazaklarının işə qarışandan sonra üsyanın yatırılması üçün fəaliyyətə başlanılır.
Ə.Kəsrəvi daha sonra yazır: “Xiyabani bir neçə nəfər ajanı Müxbirüssəltənənin qapısının ağzında keşikçi qoydu ki, kimsə onun yanına gedib–gələ bilməsin. On günə qədər belə keçdi, Müxbirüssəltənə Xiyabaninin yanına nə qədər adam göndərib, desə ki, mən dövlət tərəfindən bu ölkənin valisi təyin olunduğuma görə gəlmişəm, mənim yanıma gəlin, Xiyabani cavab vermədi, həmkarlarından bir neçə nəfəri onun yanına göndərərək dedi ki, millət onu istəmir. Nəhayət, Xiyabani Müxbirüssəltənəyə belə bir xəbər göndərdi ki, o, şəhərdən çıxsın, yoxsa zorla çıxaracaq. Bu xəbərdarlıqdan sonra, yəni zilhiccə ayının ya 27, ya da 28-də o, şəhərdən çıxıb birbaşa rus kazaklarının kazarmasına getdi. Bu zaman Hərbi Nazirlikdən kazak komandanın adına belə bir telegraf gəlmişdi ki, Müxbiriüssəltənə nə fərman versə, ondan boyun qaşırmayıb icra etsinlər. Buna görə də onlar yubanmadan üsyançıları geri oturtmağa hazırlıq görməyə söz verdilər. Söz verdikləri kimi gecədən üç-dörd saat keçmiş hazır oldular, topları yüksəkliyə çəkdilər, bir neçə kazak dəstəsini şəhərin müxtəlif məhəllələrinə göndərdilər ki, küçələrin, xiyabanların başında növbə çəksinlər. Komandirlər isə damların işıqı yerlərində oturub şəhərə yürüş vaxtını gəzlədilər” (səh.165).
Üsyan beş aydan çox davam etmişdi. Bu müddət ərzində o, Azərbaycanda hökumət qurmuş, yeni dövlətin adını Azadistan qoymuşdu. Dövrün Baş Naziri Müşiriddövlənin xüsusi nümayəndəsi Müxbirüssələtənənin fərmanı ilə rus kazakları üsyançıları yox, məhz yeni yaranan dövləti məhv etdilər. İngiltərə ilə razılaşmanın əleyhdarlarından olan və bu məsələdə fikirləri üst-üstə düşən Müxbirüsssəltənə ilə qarşıdurma gözləməyən Xiyabani qəfildən yaxalandı və onun Azərbaycan hökuməti 22 şəhrivər 1299-cu il bazar ertəsi, qəməri tarixi ilə 29 zilhiccə 1338-ci ildə (1920-ci il sentyabr ayı) əlbəyaxa döyüşdən və kazakların müdaxiləsindən sonra qan içində boğuldu. Şeyx Məhəmməd Xiyabani də dostlarından birinin evində qətlə yetirildi (Müxbirüssəltənə xatirələrində onun intihar etdiyini yazır, lakin bu fakt təsdiqini tapmayıb. Biz onun üstünə qayıdacağıq). Əli Azəri “Şeyx Məhəmməd Xiyabani” kitabında inqilab liderinin kazaklar tərəfindən öldürülməsi barədə hadisə yerində olmuş bir nəfər şahidin xatirələrini canlı xatirələrinə əsasən yazır: “... Ala Qapının tutulması və milli qüvvələrin olmaması səbəbindən mərhum Xiyabani gizlənməli oldu və o, bizim evə gəlməzdən əvvəl qiyamın idarə heyətinin üzvü olan çox yaxın dostlarından biri onu düz dörd saat gözlətmiş və qiymətli vaxtının boşa və bihudə getməsinə səbəb olmuşdu... Evimizə gəlib əhvalatı babama danışanda o, onu tam cəsarət və mehribanlıqla qəbul etdi və onu ikinci zirzəmilərindən birinə yerləşdirdi. ..." (2.166)
Xiyabaninin danışıqlara razılıq verməsini və Müxbirüssələtənəyə təslim olmasını istəyən həmin ev sahibi Hacı Şeyx Həsənəli Miancinin (baba) təklifinə cavab olaraq “... Xayabani dedi ki, mən ölümü təslim olmaqdan üstün tuturam. Düşmən qarşısında dizimi yerə vurmaram, mən məşrutə inqilabının övladıyam, Babək Xürrəmdin nəslindənəm... Söz verirəm ki, bura hücum etsələr, heç vaxt sizin evinizdən atəş açmayacağam və həqiqətən də, o, vədinə sadiq oldu, çünki gizləndiyi ikinci gün günortadan sonra kazak İsmayıl yoldaşları ilə evimizə daxil olub, zirzəmiyə gedəndə Xiyabani zirzəminin pəncərəsindən onu gördü və imkanı vardı ki, İsmayıl atəş açmazdan öncə o, atəş açıb onu yerə sərsin, amma vədinə əməl edərək atəş açmadı. Kazak İsmayıl dərhal zirzəminin pəncərəsindən alt paltarda olan Şeyxə bir neçə dəfə atəş açdı. Gördüm ki, Xiyabani yüngül inilti ilə yerə yıxıldı... Zirzəmiyə girəndə Xiyabani halsız halda ayağa qalxdı, amma kazak İsmayıl Xiyabannin üzərinə hücum çəkdi və onu üzü üstə yerə yıxdı. Cəsədi küçədə kiçik nərdivanın üzərinə ataraq Müxbirüssəltənənin qərargahına apardılar” (2.s.167 )
Lakin Hacı Müxbirüssəltənə “Ayənde” jurnalında dərc etdirdirdiyi “Xatirat və Xətərat” adlı yazısında Xiyabaninin qətlə yetirilmədiyini və onun intihar etdiyini sübut etməyə cəhd etmişdir. O, yazır: “Təbriz Tehrandan pul istəyirdi, hakim yox. Müşiriddövlə Xiyabaniyə iki iyirmi min, bir 15 min tümən gəndərdi. Mən maliyyə Nazirliyində idim və söhbət mənim Azərbaycana getməyimdən gedirdi. Xiyabani Vüsuqqüddövləyə telegraf göndərmişdi ki, filankəs tək gəlsin. Mən də bir nəfər belə götürmədim. 1339-cu ildə zilhiccə ayının 7-ci günü heyətdə qərara alındı ki, ayın 9-da Tehrandan yola düşüm. Basəməncdən Xiyabaniyə zəng etdim ki, sizinlə işləməyə hazıram. Cavab verildi ki, biz hazır deyilik. İstədim ki, dövlət mənzillərindən birində (Təbrizdə) düşəm, Xiyabani qərarın əleyhinə oldu. Hacı Saədüssəltənənin mənzilinə gəldim. Gərmrud atlılarını Basməncdə buraxdım. Kazak icazə istədi ki, məni qarşılamağa dəstə göndərsin. On gün Sadüssəltənənin mənzilində nəsihətlə məşğul oldum, faydası olmadı. Məqsədin nə olduğunu nə qədər soruşdumsa, dedilər, nəzərimizdə bir ali məram var, deyiləsi deyil. Bir nəfər demədi ki, başında azadlıq sövdası olan birisi dövlətlə döyüşmək fikrindədir. Nəticədə, minlərlə insan tələf oldu, Xiyabaninin ali azadlıq bayrağı üçün heç kəs döyüşmədi. Yüz nəfər kazak döyüşüb-vuruşmadan Ala qapını işğal etdi. Əgər Xiyabaninn qonşuları onunla həmfikir olsaydılar, onun evini çapmazdılar. Bu, talan idi. Məşrutə dövründə başa düşdü- düşmədi, yeri gəldi-gəlmədi hamı dövləti tənqid edirdi. Həmin ənənə davam etməkdə idi. Camaat söhbətlərə toplaşır, baş düşsə də , düşməsə də əl çalır, natiqin qəlbini xoş edirdi. Təssüf ki, onun da beyni qızırdı.
Həmin günlərdə kazakların komandiri mənim yanıma gəlib dedi ki, mən bir ildi bu şəhərdəyəm, bu oyunun əsası yoxdur. Əgər jandarm o tərəfə (yəni Xiyabaniyə tərəf) keçsə belə (təbii ki, buna ehtimal azdır) mən üç saata Alaqapını tutaram. Dedim, qarşıdurma olmasına razı deyiləm, O, məni əmin etdi ki, jandarm əl-qol aça bilməz...” (4. S.63).
Bundan sonra Müxbirüssəltənə məlum hadisələrin gedişini təsvir edir və nəhayət, Xiyabaninin ölüm faktının üstünə gəlir: “Xəbər gəldi ki, balaca bir qız uşağı üç nəfərlik kazak postuna gəlib deyib ki, Xiyabani filan evin zirzəmisində gizlənib. Kazak öz başına (yəni nə məndən, nə də komandirindən icazə almadan) həmin evə gedib. Zirzəmidən həyətə, oradan da əksinə atəş açılıb. Bir kazak əlindən, Xiyabani isə ayağından yaralanıb. Başına da bir güllə dəymişdi. Dedilər, ehtimal ki, özünü vurub. Bu ehtimalı onun döş cibindən tapılan məktub da təsdiqləmişdi. Məktubda deyilirdi: “Təslim olmaq istəmədiyimdən intihar edirəm” (4. səh. 61).
Onun cənazəsi İmamzadə Seyid Həmzə qəbiristanlığında dəfn edildi. Şeyxin ölümünə bais olan Müşiriddövlə kabinetinin düşməni kimi ad çıxarmış ağayi-Məliküşşüəra Baharın Xiyabaniyə həsr etdiyi şeir həmin günlərdə dillərdə əzbər olmuşdu:
Məzlum Xiyabaninin qanı qaynarsa əgər,
Al qırmızı kəfən geyinər İran sərasər.
(4. səh.54)
Ancaq bir neçə aydan sonra ailəsi onun cənazəsini Tehrana köçürdü və Rey şəhərindəki Həzrət Əbdül-əzimin (ə) hərəmində torpağa tapşırıldı. Qəbri Baği-Tuti meydanında Səttar xanın qəbrinin yaxınlığında yerləşir. Xalq öz milli qəhrəmanını unutmadı...Onun haqqında yüzlərlə əsər yazılıb və yazılmaqdadır ...
Ədəbiyyat:
یآيت الله سید علی خامنهای. خون دلی که لعل شد، تهران: انتشارات انقلاب اسلامی، 1
چاپ چهاردهم، پاییز ۱۳۹۹
اذری علی. شیخ محمد خیابانی، تهران،۱۳۵۶ ۵۲۵ س. 2.
https://www.etemadnewspaper.ir/fa/main/detail/
کسروی احمد. قیام شیخ محمد خیابانی. تصحیح و پیشگفتار دکتر محمدعلی همایون 3.
کاتوزیا، تهران، 1376. 275 ص.
محمدعلی صفوت. داستان دوستان یا تذکره ادبا و شعرای اذربایجان، قم، ۱۳۶۸
İbrahim N. Quliyev
Fil.ü.f.d
5-05-2015, 21:29
31-08-2019, 18:31
21-09-2015, 21:26
31-01-2017, 20:34
24-12-2013, 23:44
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?