“Təbliğat əsasən partiya daxilində aparılır. Çünki başqanı qurultay nümayəndələri seçir və onlar artıq seçiliblər. Qurultay nümayəndələrinin əksəriyyəti regioanlardandır və onlarla görüşüb, müzakirə aparmağı planlaşdırırıq”.
Bunu Modern.az-a Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı deyib. Divan üzvü Müsavat Gənclər Təşkilatından (MGT) çıxarılan gənclərin onun tərəfdarları olması ilə bağlı iddialara da münasibət bildirib: “Müsavatda hər kəsin fərdi fikri var.Ona görə də hansısa qurumun kimisə dəstəkləməsi ilə bağlı fikir yürütmək düzgün olmaz. Bizi dəstəkləyən və dəstəkləməyən gənclər var. Bütövlükdə MGT-də və təşkilatın rəhbərliyində tərəfdarlarımız var. Təşkilatdan çıxarılanlar arasında da bizi dəstəkləyən gənclər var. Hesab etmirəm ki, MGT-dəki gənclərin bəziləri məni dəstəklədiklərinə görə çıxarılıblar. Bu, təşkilatdaxili məsələlərdir. Hazırda onların MGT-dən çıxarılması araşdırılır”.
T.Abbaslı qeyd edib ki, başqanlığa iddialı şəxs özünə güvənməlidir: “Namizəd özünə güvənmirsə, başqanlığa iddialı olması düzgün deyil. Mən də özümə güvənirəm, hesab edirəm ki, yeni simanın Müsavata başqan seçilməsi həm partiyaya, həm də müxalif düşərgəyə yeni nəfəs gətirəcək. Mənim həmyaşıdlarım qonşu dövlətlərdə baş nazir postuna təyin edilirlər. Hər halda, indidən seçkinin nəticələrini kiminsə bilməsi mümkün deyil. Şansımı qiymətləndirdiyim üçün başqanlığa iddialıyam. 3-4 nəfər namizədliyini irəli sürəcək, bir nəfər seçiləcək. Amma bu, o demək deyil ki, məğlub tərəflər partiyadan uzaqlaşacaq. Seçkinin nəticələrindən asılı olmayaraq, müsavatçı kimi qalacağıq”.
Sorğu
Yeni dizaynımız necədir?