“Məclis üzvü olmadığımdan Müsavat Partiyasının Divan üzvlüyü seçkisində iştirak etməyə hüququm çatmır”.
Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının üzvü Tural Abbaslı deyib. O, bunun səbəbini Məclisə düşməməsi ilə əlaqələndirib: “Şansım var, yəni hələ tam kənarda deyiləm. Oktyabrın 25-də Məclisə boş qalan yerlərə yenidən namizədliyimi verəcəm. Düşünürəm ki, bu dəfə Məclisə seçiləcəm. Düzü, bu mövzuda məni əmin etdilər ki, Məclisə düşməməyim siyasi qərarla deyil, texniki səbəblərdən olub. Mən bu partiyada əziyyət çəkmişəm. Ona görə də belə seçkilərdə qalib olmalıyam. Təbii ki, səs verənlər belə düşünmür. Bir balaca düşünmək lazımdır. İndiki halda Tural Müsavata lazımdır, yoxsa Müsavat Turala? Bu haqda partiyanın başında dayanan rəhbərlər düşünməlidir. Analizi elə aparmaq lazımdır ki, Müsavat qalib gəlsin”.
“Müsavat kimi böyük bir partiyada sədr kürsüsünə iddialı olan Tural Abbaslı niyə Məclisdə səs yığa bilmədi?” sualına o, belə cavab verib: “Siyasətdə bəzən qəddar rolunda oynayırsan. Oyunun şərtləri kimi komandalar və qruplar var. Ola bilsin ki, bu dönəmdə mən hansısa qrupun, ya da hansısa fraksiyaların maraqlarını təmin edə bilmədim. İnanmıram ki, seçilə bilməmişəm. Fədakar insanlar Müsavatda ən yüksək postlara layiqdir. Seçilməmişiksə, deməli seçilə bilmədik”.
Tural Abbaslı Müsavat Gənclər Təşkilatının sədri postuna Səma Qəbulovanın namizədliyinə də münasibət bildirib: “Gənclər Təşkilatı iki ildən bir konfrans çağırıb yeni sədr seçməlidir. Əhliman Abbasovun vaxtından tez istefa verdiyinə görə Gənclər Təşkilatı yenidən konfrans çağırmalıdır. Konfrans çağırılana kimi sədr səlahiyyətlərini idarə edəcək şəxs seçilməlidir. Bunu da şüra üzvləri çeçir. Nəzərə alsaq ki, bu gün Müsavat partiyasında istefalar var və onların böyük əksəriyyəti gənclərdir. İndi hardasa 6 səslə kimisə qalib etmək mümkündür”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?