NİDA Vətəndaş Hərəkatının daha bir üzvü Anar Abdullanın saxlandığı bildirilir. Bu barədə AzadlıqRadiosuna vəkil Şəhla Hümbətova məlumat verib.
«Vəkili kimi məni Nərimanov rayon 18 saylı Polis Bölməsində saxlanan, müdafiə etdiyim şəxslə, Anar Abdulla ilə görüşməyə qoymurlar»,-vəkil Ş.Hümbətova qeyd edib.
Vəkilin deməsinə görə, A.Abdulla bu gün saxlanılıb: «Amma saxlanılmasının səbəbi, onun nədə günahlandırılması, hələ ki, məlum deyil».
Vəkil qeyd edib ki, 18 saylı Polis Bölməsinin əməkdaşları A.Abdullanın saxlanmasını inkar edib, onun Nərimanov rayon Polis İdarəsinə aparıldığını bildiriblər. İdarədən də, deməsinə görə, yenə ona yanlış məlumat veriblər: «Getmişik Nərimanov rayon Polis İdarəsinə, belə bir şəxsin olub-olmadığını xəbər alırıq. Deyirlər ki, yoxdur. Bildiririk ki, 18 saylı Polis Bölməsindən bizə belə bir şəxsin idarəyə gətirildiyini deyiblər. Növbətçi həmin bölmə ilə nəsə danışır və bizə deyir ki, xeyr, burada belə adam yoxdur».
Ş.Hümbətova deyir ki, bundan sonra yenə də 18 saylı Polis Bölməsinə qayıdıblar: «Saxlanma otağı qapıya yaxın və qapı açıq olduğu üçün A.Abdulla çıxır otaqdan, gözümüzlə görürük. Soruşuram ki, «sən Anar Abdullasan?». Təsdiq cavabı verir, amma polis əməkdaşları üzə durub deyirlər ki, burada belə adam yoxdur».
S.Hümbətova bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin «qaynar xətt»inə, Ombudsman Aparatına zəng etsə də, oradan cavab almadığını söyləyir. Vəkil deyir ki, indi suallarına aydınlıq gətirməkdən ötrü bölmənin rəisi ilə görüşmək istəyir: «Hələlik buradayıq, gözləyirik».
Bu, son həftələrdə saxlanılan artıq 5-ci gənc fəaldır. Buna qədər NİDA-nın digər fəalı Bayram Məmmədov və Qiyas İbrahimov saxlanaraq həbs ediliblər. Narkotikdə ittiham edilən gənclər haqqında məhkəmə 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Bu gənclərin, əslində, keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılması ilə bağlı həbs edildiyi bildirilir.
Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində «Qul bayramınız mübarək!», ön tərəfdə isə «F... the system!» sözləri yazılmışdı.
Hər il mayın 10-da keçmiş prezident Heydər Əliyevin doğum günü ölkədə təntənəli şəkildə qeyd edilir.
Bundan başqa, fotoreportyor Elnur Muxtar və NİDA-nın başqa bir üzvü Amid Süleymanov da saxlanıblar. Onlara da 10 sutka inzibati cəza verildiyi bildirilir. Bu iki gənclərin rəsmi saxlanma səbəbi isə açıqlanmayıb. Ancaq onların da heykəlin üzərinə yazılan şüarla bağlı saxlandıqları güman edilir.
Sorğu
Yeni dizaynımız necədir?