Cəbhə bölgəsində vəziyyət yenidən gərginləşə bilər
Hamı maraqla İlham Əliyevin Almaniyaya planlaşdırılan səfərinin təxirə salınıb-salınmayacağı, səfər baş tutarsa, onun necə keçəcəyini gözləyirdi. Bu da təsadüfi deyildi. Çünki bu səfərdən az öncə Almaniya Bundestaqı qondarma erməni soyqırımının tanınmasını nəzərdə tutan qətnamə qəbul etdi. Türkiyənin etirazına baxmayaraq, mütləq səs çoxluğu ilə qəbul edilən qətnamədə “soyqırım” sözü 4 dəfə işlədilir. Qətnamə “101 il əvvəl Osmanlı imperiyasında erməni və digər xristian azlıqların soyqırımı barədə xatirə” adlanır.
Bu qətnamə ilə də bird aha aydın oldu ki, əslində Almaniyanın əksər siyasi elitası Türkiyəyə qarşıdır. Hakim partiya təmsilçiləri, Sosial demokratlar hamısı vahid mövqedən çıxış edərək qətnamə səs verdilər.
Bu məsələ təbii ki, təkcə Türkiyənin deyil, həm də Azərbaycanın əleyhinə yönələn bir məsələdir. Almaniyanın bu qərarı ermənilərin tamamilə zəifləmiş mövqeyini bir qədər gücləndirdi. Məsələnin digər tərəfi də var. Bundestaqın bu qərarı AlmaniyanınATƏT-in Minsk Qrupundakı yerinə, fəaliyyətinə zərbə vurdu. Düzdür, Almaniya həmsədr dövlət deyil. Amma bu addım prezident İlham Əliyevin Almaniya səfəri ərəfəsində atıldı. Xüsusən də bu səfər zamanı Qarabağ məsələsi müzakirə olunacaqdı. O baxımdan Bundestaqın qərarı Azərbaycanı da narahat etməyə bilməzdi.
Lakin Azərbaycan prezidentinin Almaniyaya səfəri baş tutdu və indi bu səfərin nəticələrindən danışmaq olar.
Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərini ziyarətdən sonra Almaniyaya etdiyi 2 günlük səfər həm Qərbdə, həm də Azərbaycanın özündə ciddi şəkildə diqqət çəkən məqamlarla yadda qaldı.
Bu səfər və keçirilən görüşlər, Prezident Əliyevə yüksək diqqət və sayğının göstərilməsi bir daha təsdiq etdi ki, Azərbaycanın rəhbəri heç də bəzi dairələrin iddia etdiyi kimi Qərbdə arzuolunmaz şəxs deyil. Əksinə, onu çox arzu edirlər və
işbirliyinə yüksək önəm verirlər. Biz bunun belə olduğunu həm Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerlə görüşdə, həm də kansler Angela Merkellə görüşdən sonrakı açıqlamalar zamanı müşahidə etdik.
Prezident Əliyev bütün bu görüşlərdə qətiyyətli, inamlı təsir bağışlayırdı. Bir qayda olaraq ikili görüşmələr zamanı çəkilən şəkillərdə və videogörüntülərdə Prezidentin nəticələrdən razı qaldığı açıq-aydın seçilir.
Üstəlik o da hiss edilir ki, istər Ştaynmayer, istərsə də Merkellə görüşlər Azərbaycanın, təbii ki, eyni zamanda onun rəhbərinin mövqelərini bir qədər də möhkəmləndirdi.
Angela Merkellə birlikdə keçirdikləri brifinqdə Prezident Əliyevə onun reytinqiylə bağlı ünvanlanan suala verdiyi cavab isə birmənalı şəkildə həqiqətdir və heç bir formada təkzib edilə bilməz.
Prezident Əliyev sualın cavabında bildirdi ki, onun rəhbərlik etdiyi dönəmdə Azərbaycan iqtisadiyyatı 3 dəfə yüksəlib, ölkə rəqabət qabiliyyətinə görə 38-ci yerə yüksəlib.
Təbii ki, bu göstəricilərlə bərabər enerji daşıyıcılarıyla bağlı məsələlərdə Prezident Əliyevin qətiyyətli və sabit mövqe sərgiləməsi Almaniyanın ona rəğbətinin səbəbləri arasında ən öndə gəlir.
Merkelin jurnalistlərə açıqlamasında Azərbaycanın işğal edilmiş torpaqlarıyla bağlı məsələdə açıq mətnlə Rusiyanı Ermənistanla birlikdə qeyd etməsi isə ən diqqət çəkən məqamdır. Hələ heç bir dünya lideri bu günədək bu qədər çılpaq şəkildə Ermənistan-Azərbaycan münaqişəsində Rusiyanın əsas rolunu qeyd etməmişdi. Merkelin bu hərəkətini də məhz Prezident Əliyevin uğurları sırasına yazmaq lazımdır. İki liderin bizə bəlli olmayan bağlı qapılar arxasındakı danışıqları Almaniya kanslerinin belə açıq və qətiyyətli bəyanat verməsinə səbəb oldu.
Prezidentin Almaniya səfərini gözdən salmaq istəyənlər də boş durmadı. Amma onlar gecikmişdilər. Ənənəvi şəkildə hay-küy saldılar, bəyanatlar verdilər, Merkeli məcbur etmək istədilər ki, Azərbaycanda olmayan problemlərlə bağlı açıqlama versin. Amma o da illərin təcrübəsindən çıxış edərək bəzi Qərb siyasətçiləri kimi avantüraya getmədi. Burdan da belə nəticə çıxarmaq olar ki, Prezident Əliyev Kansler Merkeli maraqlandıran bütün suallara tutarlı cavab verə bilib.
Merkel mətbuat konfransında Almaniyanın Qarabağla bağlı mövqeyini bir daha təsdiqlədi. Almaniya da Avropa Birliyi kimi hesab edir ki, bu münaqişə danışıqlar, sülh yolu ilə həll edilməli, beynəlxalq hüquq normalarına əməl olunmalıdır.
A.Merkelin Qarabağ münaqişəsinin həllində açar dövlətin Rusiya olması fikrinə gəlincə, birincisi, düzdür, Cənubi Qafqazda Rusiya aparıcı oyunçu kimi həlledici rol oynayır. Ermənistanın müttəfiqi, Azərbaycanın strateji tərəfdaşı kimi Rusiya münaqişənin həllində maraqlı tərəf kimi çıxış edir. Bunu hətta Brüsseldə Avropa İttifaqı səviyyəsində də bir sıra rəsmilər dilə gətirib. Azərbaycan da bunu təsdiqlədi. Prezident İlham Əliyev Berlində bildirdi ki, Rusiya, həqiqətən də, bu məsələdə müsbət rol oynaya bilər.
İkinci amilə gəldikdə isə, Avropanın Rusiyanın rolunu qiymətləndirməsi heç də o demək deyil ki, Azərbaycan Rusiyanın əhatə dairəsinə daxil olmalı, Avropa ilə münasibətlərini kəsməli və ancaq Rusiya ilə münasibətləri genişləndirməlidir. Prezident
İlham Əliyevin Almaniyaya işgüzar səfəri də bunun təsdiqidir. Yəni, baxmayaraq ki, Rusiya ilə strateji tərəfdaşıq, amma Almaniya ilə də münasibətlərimiz sıxdır və bunu daha da inkişaf etdirməliyik.
Beləliklə, Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri hər iki ölkə üçün böyük əhəmiyyət daşıyırdə və bu səfər
Azərbaycan və Almaniya arasındakı əlaqələri daha da möhkəmləndirdi. Almaniya dünyanın ən inkişaf etmiş dövlətlərindən biridir. Azərbaycan isə bütün sahələrdə inkişafı ilə diqqəti cəlb edən regional liderdir. Dövlətlərin əməkdaşlığı hər ikisinin milli maraqlarına xidmət edir. Ən vacibi odur ki, Almaniya və Azərbaycan arasındakı əməkdaşlıq bütün – siyasi, iqtisadi, hərbi-texniki, diplomatik sahələri əhatə edir. Azərbaycan prezidentinin bu dəfəki səfəri əlaqələri daha da dərinləşdirdi.
İlham Əliyevin Almaniyaya səfəri iqtisadi münasibətlər sahəsində də uğurlu keçdi. Bu səfər həm də lazımlı səfər idi. İlham Əliyevdən öncə, Sarkisyan da Almaniyaya səfər etmişdi. Amma Sarkisyan orada guya əzaba düçar olmuş erməni xalqından dəm vurmuşdu.
İlham Əliyev isə qətiyyətli surətdə sülh çağırışları ilə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğuladı. Həmçinin, Ermənistan öz qoşunlarını ərazilərimizdən çəkməsə, bu işi axırında müharibə olacağını və Azərbaycan öz torpaqlarında ikinci bir Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyini deməklə çox ciddi mesaj vermiş oldu.
Səfərdə ən mühüm və diqqət çəkən məsələlərdən biri isə o oldu ki, Almaniya Bundestaqında qondarma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul edilməsi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev bu ölkəyə səfəri zamanı Bundestaqda nəzərdə tutulan görüşləri keçirmədi.
Dövlət başçısı qətnamənin qəbuluna etiraz olaraq, protokoldan çıxaraq Bundestaqda əvvəldən planlaşdırılan görüşlərdən, o cümlədən Almaniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvəri ilə görüşlərdən imtina etdi.
Xəzər Strateji İnstitutunun (HASEN) Ali Məşvərət Şurasının sədri Xəlil Akınçı bildirib ki, İlham Əliyev Almaniya Bundestaqındakı görüşləri ləğv edərək, dünyaya haqsızlığın cavabsız qalmayacağı mesajını verib.
“Digər tərəfdən, cənab Əliyevin bu addımı yaxın tarixdə törədilmiş və şahidlərinin hələ də həyatda olduğu Xocalı soyqırımına səssiz qalan Qərbin ikili standartına cavabdır. İlham Əliyev Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu da bir daha nümayiş etdirdi”, - deyə X. Akınçı vurğulayıb.
Bu arada onu da qeyd edək ki, Almaniya Bundestaqı qondarma erməni soyqırımının tanınması məsələsinə görə məhkəməyə verilib.
Qərarla bağlı türk əsilli vəkil Ramazan Akbaş Karlsrux məhkəməsi və Avropa İnsan Haqları Məhkəməsinə etiraz ərizəsi təqdim edib. Bununla bağlı Akbaş özü açıqlama verib. O, Almaniyada yaşayan 4,5 milyon türk və türk əsilli almanın Almaniya Konstitusiya Məhkəməsinə fərdi şəkildə müraciət edə biləcəyini deyib.
Akbaş bildirib ki, Almaniya Bundestaqı türklərin bu ölkədəki nüfuzunu nəzərə almayıb və bunun üçün də hüquqi mübarizənin başlandığını deyib: "Almaniya odla oynayır. Bu qərarla qondarma erməni soyqırımının Almaniyada dərsliklərdə öz əksini tapması Bundestaqın ölkəyə nifrət toxumu səpməsi ilə nəticələnəcək. Onsuz da Almaniyada islamofobiya və türk düşmənçiyi açıq görünür".
Sonda bir qədər də Qarabağ münaqişəsi barədə. Bu ay Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün keçirilməsi gözlənilir. Bununla bağlı razılıq iki ölkə prezidentinin Rusiya xarici işlər nazirinin, ABŞ dövlət katibinin və Fransanın Avropa məsələləri üzrə dövlət katibinin iştirakı ilə Vyanada keçirilən görüşündə əldə olunmuşdu. Buna baxmayaraq hələ də görüşün vaxtı və yeri açıqlanmayıb. Bəs, tərəflər ehtimal olunan görüşə hansı pozisiya ilə gedirlər?
İş burasındadır ki, danışıqlar prosesi ilə bağlı tərəflər aprel döyüşlərindən əvvəl hansı vəziyyətdə idilərsə, indi də eyni vəziyyətdədirlər. Yəni, danışıqlar masasında yeni heç nə yoxdur. Çünki aprel döyüşlərindən sonra Ermənistan və beynəlxalq aləm anlamalı idi ki, əgər Dağlıq Qarabağ ətrafındakı torpaqlar boşaldılmasa, müharibə ehtimalı yenə də artacaq. Ona görə də danışıqlarda irəliləyiş olduğunu, həmsədrlərin ortaya nəsə yeni ideyalar qoyduqlarını və Ermənistana təsirlərini artırdıqlarını müşahidə etmirik. Ola bilər ki, görüş baş tutsun. Ancaq əgər müzakirə predmeti yoxdursa, bu görüşdən də ciddi nəticə gözləyə bilmərik.
Həmsədrlər və böyük dövlətlərin liderlərinin yeganə dərdi var ki, atəşkəsə riayət olunsun. Bunu Azərbaycan da istəyir. Ancaq işğal altındakı rayonları boşaltmadan bu prinsipdən yanaşmaq düzgün deyil. Bu, müharibə riskini azaltmayacaq. Bəli, atəşkəs, tərəflər arasında inam vacibdir. Amma bunun üçün ilkin addım olaraq Ermənistan heç olmasa Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa başlamalı və bu istiqamətdə addım atacağını büruzə verməlidir. Bu, olmadan həmsədrlərin Azərbaycanın atəşkəsə daimi riayət edəcəyini gözləmələri əbəsdir. Çünki atəşkəsə riayət işğal faktoru aradan qaldırılmadan status-kvonun qorunması deməkdir ki, bu da ancaq Ermənistanın maraqlarına uyğundur.
Ona görə də qarşıdakı görüşdən Azərbaycan cəmiyyətinin böyük gözləntilərinin olduğu inandırıcı deyil. Əksinə, Azərbaycan cəmiyyəti Vyana görüşündən olduğu kimi bu görüşdən də ciddi nəticə gözləmir. Azərbaycan cəmiyyətinin başqa bir gözləntisi var ki, bu görüşdən nəticə çıxmasa, iyul-avqust aylarında cəbhə bölgəsində vəziyyət yenidən gərginləşə bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?