Sentyabrın 15-də Azərbaycan Ali Məhkəməsində ANS telekanalının lisenziyasının ləğv olunmasından verdiyi kassasiya şikayətinə baxılıb. Məhkəmə iclasında məlum olub ki, məşhur vəkil Fuad Ağayev də ANS-in müdafiəsinə qoşulub. F.Ağayev bildirib ki, o, şirkət rəhbərliyi ilə bu gün müqavilə bağlayıb və iş materialları ilə tanış deyil. Vəkil bu səbəbdən ona azı iki həftə vaxt verilməsi və məhkəmə prosesinin təxirə salınması barədə vəsatət qaldırıb. Milli Televiziya və Radio Şurasının nümayəndəsi Toğrul Məmmədov vəsatətin əleyhinə çıxıb. Bildirib ki, bu vəsatət işin süni şəkildə uzadılmasına xidmət edir və təmin olunmamalıdır. Lakin məhkəmə vəsatəti təmin edib və proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb. ANS-in baş direktoru Mirşahin Ağayev məhkəmədən sonra deyib ki, son hadisələrdən sonra telekanalın taleyi məsələsində nikbindir. “Biz həmişə məhkəmədən haqq, ədalət gözləyirik. Ümid edirik ki, Azərbaycan məhkəməsi qanunların və hüququn mücəssəməsi kimi öz sözünü deyəcək”, deyə Ağayev bildirib. O, həmçinin Azərbaycan prezidentinin “ANS-i heç vaxt güdaza verməyəcəyindən” əmin olduğunu bildirib. Türkiyədə hakimiyyətə yaxın mənbələrdən biri olan “Star” qəzetinin bu yaxınlarda ANS-in FETÖ məsələlərində heç bir günahı olmadığını yazması da Ağayevin nikbinliyini artırıb. Xatırladaq ki, iyulun 18-də MTRŞ ANS-i Türkiyədə dövlət çevrilişi cəhdi zamanı hadisələri işıqlandırmaqla və Ankaranın sui-qəsdin təşkilatçısı elan etdiyi Fətullah Gülənlə müsahibə hazırlamaqla terrorizmin və zorakılğın təbliğində ittiham edərək, telekanalın yayımını dayandırıb. İyulun 29-da Bakı Apellyasiya Məhkəməsi MTRŞ-nin ANS-in lisenziyasının ləğvi haqqında müraciətini təmin edib.
Sorğu
Yeni dizaynımız necədir?