Dekabrın 25-də ölkə müxalifəti bir araya gələrək ölkədəki durumu müzakirə ediblər. Musavat.com xəbər verir ki, tədbirdə ondan artq partiya sədri, təmsilçilər, həmçinin siyasi və iqtisadi ekspertlər iştirak ediblər. Dövlət himni ilə başlanan tədbirdə həmçinin şəhidlərin ruhu da yad edilib.
İlk olaraq çıxış edən KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, tədbir ölkənin vəziyyətinə və müxalifətin atmalı olduğu addımlara həsr edilib: “Tədbir vəziyyətimiz və vəzifələrimizə həsr olunub. Bu istiqamətdə təkliflər verilməlidir. Bugünkü tədbirdə nail olmağa çalışacağıq ki, müxalifət bir arada olsun, birgə olsun. Bizim üçün bu, çox vacibdir. Azərbaycanın mövcud vəziyyəti bizim vəzifələrimizi müəyyənləşdirib. Mütləq bir olmalıyıq, birlikdə olmalıyıq. Burada çox böyük fayda var, millət üçün də, bizim üçün də... Azərbaycan iqtidarını yürütdüyü siyasət bizi bir araya gəlməyə məcbur edib”.
VİP sədri Əli Əliyev isə deyib ki, xalq bütünlüklə hakimiyyətdən narazı olsa da, etiraz edənlər azdır: “Hələ ki, müxalifət partiyalarının ətrafındakı elektorat etiraz edir. Ona görə də bizim vəzifəmiz cəmiyyəti maarifləndirmək və baş verənləri izah etməkdən ibarətdir”.
Dövlət büdcəsinin azaldığını, manatın ucuzlaşdığını vurğulayan Ə.Əliyev bunun ölkə üçün ciddi və mənfi nəticələrinin olacağını vurğulayıb: “Manat üzməyə buraxılandan sonra vəziyyət daha da pis olacaq”.
İnflyasiyadan danışan VİP sədri əlavə edib ki, hakimiyyətin yaranmış vəziyyətə adekvat heç bir tədbiri mövcud deyil: “Hakimiyyət yaranmış vəziyyətə adekvat addımlar atmır”.
Gedən siyasi məhkəmələrdən danışan Ə.Əliyev qeyd edib ki, hökumət ikili mühasibatlıqla idarə olunub: “Məsələn, "Rabitə işi" məhkəməsində rəqəmlər səsləndirilib. Oğurluğa vərdiş eləmişlər ölkəni bu durumdan çıxara bilməz. Bu hakimiyyət ölkəni düşdüyü durumdan çıxara bilməz, belə bir gözləntim yoxdur. Bizim siyasi qüvvələrin vəzifəsi davamlı tədbirlər keçirmək və hakimiyyətin əvəzlənməsi üçün lazım olan komandanı formalaşdırmaqdır. Siyasi qüvvələr hazır vəziyyətdə olmalıdırlar”.
İqtisadçı Qadir İbrahimli isə hakimiyyətin qiymət artımı ilə vəziyyətdən çıxmasını doğru olmayan yol adlandırıb: “Bu, ölkəni yoxsulluğa aparır. Bu siyasətin acı nəticələri 2017-ci ilin əvvəlində özünü sərt şəkildə göstərəcək”.
"Qara bazar"ın məqsədli çəkildə yaradıldığını deyən ekspertin fikrincə, bunun başında Mərkəzi Bank durur. O, enerji daşıyıcılarının qimyət artımının iqtisadi əsası olmayan bir qərar olduğunu vurğulayıb. O, çıxış yolu kimi bildirib ki, hakimiyyət komandasını yeniləməli, iqtisadi fəlakətdən çıxmaq üçün yeni iqtisadi komanda formalaşdırmalıdır.
AXP sədri Pənah Hüseyn isə deyib ki, hakimiyyətin islahat vasitəsi ilə vəziyyətdən çıxmaq zamanı buraxılıb: “Ölkə açıq-aydın fəlakətə doğru gedir. Bu fəlakətdən çıxış yolu birdir, hakimiyyət dəyişməlidir. Nə qədər bu hakimiyyət var, bu siyasət yürüdülür, vəziyyət daha da pisləşəcək. Azərbaycanın siyasi müxalifəti bu mövqedən çıxış etməlidir. Mümkün qədər tez hakimiyyətin siyasi səhnədən getməsinə nail olmaq lazımdır”. Sonda bu tipli tədbirlərin davamlı olmasının vacibliyi vurğulanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?